ABŞ hərbi hava qüvvələrinin generalı Suriyada rus qırıcılarının vurulmasının vacibliyindən danışdı
“ABŞ hərbi hava qüvvələri Suriyada uçuşa qadağan edilən bölgənin yaradılmasını təmin edə bilər, lakin bunun üçün onu pozan bütün təyyarələrin, xüsusilə Rusiya hava-kosmik qüvvələrinə məxsus təyyarələrin məhv edilməsinə sanksiya lazımdır”.
Musavat.com xarici xəbər agentliklərin istinadən bildirir ki, bu sözlər ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsində keçirilən dinləmələr zamanı ABŞ hərbi hava qüvvələrinin generalı Devid Qoldfin tərəfindən dilə gətirilib.
Həmin dinləmələrdə Devid Qoldfinin ABŞ hərbi hava qüvvələrinin komandanı təyin edilməsi müzakirə edilir.
“İŞİD-in əlində qırıcı təyyarə yoxdur, belə çıxır ki, mənim əlimdə Rusiya və Suriya təyyarələrini vurmaq üçün icazə olmalıdır”, - deyə o, Senat komitə üzvləri qarşısında bilidirib.
Generalın sözlərinə görə, uçuşa qadağan edilən zona üçün başqa ölkələrin təyyarələrini vurmaq iznindən başqa iki şərt lazımdır. Birincisi, hərbi hava qüvvələrinin yerdə hansı vəzifələrin icra edildiyindən aydın xəbəri olmalıdır, ikincisi isə hərbi aviasiyanın uçuşa qadağan edilən zonada və terrorçulara qarşı əməliyyatlarda uçuş şərtlərinin ayrılmasıdır.
Vaqif, Musavat.com






