İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ Güney Qafqaza həyatı maraqlarının olduğu bölgə kimi baxmır"

744 13.02.2016 08:05 Siyasət A A

ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper Konqresin kəşfiyyat komitəsindəki məruzəsindən sonra Amerikanın Cənubi Qafqazla bağlı iddialarından geri çəkiləcəyi rəyi ortaya çıxıb.

ABŞ-ın iddiasından geri çəkilə biləcəyinə əsas kimi, Yaxın Şərq göstərilir. Hazırda Amerika üçün Cənubi Qafqazın yox, Yaxın Şərqin daha çox strateji əhəmiyyət daşıdığı bildirilir. Bəzi ekspertlər hesab edirlər ki, bu məsələlər reallaşarsa, Gürcüstan yenidən Rusiyaya meyllənə bilər. Gürcülər arasında Qərbdən çox, Rusiyaya yaxınlaşmağı müdafiə edənlərin çoxluğu heç kəsə sirr deyil. Bunu son illərdə ölkədaxilindəki Qərbə inteqrasiya ilə bağlı aparılan siyasətin uğursuzluğu ilə izah etmək mümkündür.

Cənubi Qafqazla bağlı Qərbin siyasəti dəyişərsə, Ermənistanın Rusiyanın himayəsi altında olduğunu düşünsək, qalır, Azərbaycanın hansı siyasəti yürüdəcəyi. Ekspertlər bildirirlər ki, ABŞ Cənubi Qafqazdan geri çəkilərsə, bu, ölkəmizdəki demokratikləşmə prosesinə ciddi təsir edəcək. Dağlıq Qarabağ münaqişəsinə də təsirsiz ötüşməyəcəyi istisna olunmur.

Politoloq Şahin Cəfərli bildirdi ki, Klepperin çıxışında Cənubi Qafqazla bağlı deyilən hissələr yoxdur: “Ceyms Klepperin ABŞ-ın Cənubi Qafqazı Rusiyanın maraq dairəsi saydığı barədə fikirləri yoxdur. Klepper Gürcüstanın Rusiyanın təzyiqləri nəticəsində avroatlantik strukturlara inteqrasiyasının yavaşlayacağı və ya dayandıra biləcəyi barədə ehtimal səsləndirərək, bu ölkənin Qərbə inteqrasiyasının yavaş templə getməsinin Gürcüstan elitası və ictimaiyyətində məyusluq yaratdığını bildirib. 

O, Azərbaycanın Dağlıq Qarabağdan imtina etmək fikrində olmadığını, Ermənistanın isə işğal olunmuş əraziləri tərk etmək istəmədiyini söyləyərək bu amillərin siyasi həlli çətinləşdirdiyini və iki ölkə arasında gərginliyin davam edəcəyini də proqnozlaşdırıb. Hesabatın adı ”Dünyadakı təhlükələrin qiymətləndirilməsi" adlanır və bütün bunlar - yəni həm Moskvanın Gürcüstanı avroatlantik inteqrasiyadan vaz keçirmək üçün bu ölkəyə təzyiqlərini gücləndirməsi, həm də Dağlıq Qarabağ münaqişəsinin davam etməsi dünyadakı təhlükələr sırasında göstərilib. Ümumən hesabatda Rusiya ABŞ-ın təhlükəsizliyinə əsas təhdid mənbələrindən biri kimi qeyd olunub. Hesabatda deyilir ki, Rusiyanın öz qonşularına qarşı yönəlmiş aqressiv siyasəti, onları Avrasiya İttifaqına cəlb etmək üçün təzyiqləri artırması və gizli müharibə taktikası təhdid istiqamətlərindən biridir".

Ş.Cəfərli ABŞ-ın Cənubi Qafqaza öz həyatı maraqlarının olduğu bölgə kimi baxmadığı qənaətindədir: “Konkret Cənubi Qafqaza gəldikdə, qeyd etməliyik ki, ABŞ bu bölgəyə öz həyati maraqlarının olduğu region kimi baxmır. Düzdür, bölgəmizdə Gürcüstana yanaşma fərqlidir və qonşu ölkə avrointeqrasiya istiqamətində ciddi addımlar atır. Lakin Qərb hələlik bu addımların Rusiyanın aqressiyasına səbəb olmayacaq səviyyədə gerçəkləşməsinə diqqət yetirir. Çünki Rusiya qoşunları hazırda paytaxt Tiflisin təxminən 100 kilometrliyində dayanıb və onlar hərəkətə keçəcəyi təqdirdə Gürcüstanın operativ şəkildə müdafiə olunması üçün hər hansı beynəlxalq mexanizm və beynəlxalq təminat yoxdur. Bu səbəblə, Gürcüstanın gözləntilərinin əksinə olaraq, NATO-nun iyul ayında keçiriləcək Varşava sammitində bu ölkəyə üzvlük üçün Fəaliyyət Planı verilməyəcək. Gürcüstana səbirli olmaq və üzvlük üçün hazırlıqları davam etdirmək tövsiyə edilib. Ona görə ki, Qərb 2008-ci ilin avqust hadisələrinin təkrarlanmasını və Ukraynadan sonra postsovet məkanında Rusiya ilə daha bir toqquşma istiqaməti yaranmasını istəmir, ən azı bu mərhələdə. Eyni zamanda, Qərb paytaxtlarında belə bir fikir var ki, Rusiyanı eyni anda bütün istiqamətlərdə nokauta salaraq onun qürurunu sındırmaq doğru olmaz. Hər halda Rusiya böyük nüvə arsenalına sahib nəhəng dövlətdir və onun da maraqları nəzərə alınmalıdır. 

Hazırkı mərhələdə postsovet məkanında Qərb üçün prioritet istiqamət Ukraynadır. Cənubi Qafqazdan fərqli olaraq, Ukraynanın Qərb üçün önəmini artıran mühüm geostrateji amillər mövcuddur. Ukrayna Avropa İttifaqının və NATO-nun 4 üzvü ilə həmsərhəddir və bu ölkədə baş verənlərin avroatlantik təhlükəsizliyə bilavasitə təsiri var. 

Bundan başqa, Ukraynanın Rusiyanın təsir dairəsindən çıxarılaraq Avropaya inteqrasiyası Qərb üçün önəmlidir. Çünki bu halda Kremlin neoimperial planlarının reallaşması mümkün deyil. Hazırda Vaşinqton NATO-nun şərq cinahını möhkəmləndirmək istiqamətində siyasət aparır və Avropada öz hərbi mövcudiyyətini yavaş-yavaş artırır. Xüsusən Rusiya ilə həmsərhəd olan NATO ölkələrinin ərazisində ittifaqın hərbi infrastrukturu gücləndirilir ki, bunun özü Rusiyanı ciddi şəkildə qıcıqlandıran hadisədir. Cənubi Qafqazda Rusiyaya qarşı yeni bir cəbhə açmaq hələ ki, Vaşinqtonun planında yoxdur”.

Cavanşir ABBASLI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR