Azərbaycan artıq dördüncü ildir ki, dalbadal insan alverinə qarşı kifayət qədər mübarizə aparmayan ölkələrin siyahısına (2-ci siyahı) daxil edilir. Parlament müzakirələrində bəzi deputatlar hesabatda əksini tapan neqativ məlumatların ölkədəki bəzi QHT-lər tərəfindən ötürüldüyünü deyərək onların fəaliyyətini tənqid etdilər.
Bu kimi tənqidləri haqlı saymayan Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə hesabatı “normal” adlandırdı: “Biz də Azərbaycanda insan alverinə qarşı mübarizənin vəziyyəti haqqında hesabat yaymışdıq və ABŞ Dövlət Departamentinin hesabatından daha əvvəl açıqlamışdıq. Əslində Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda cinsi istismara qarşı mübarizə daha yaxşı təşkil olunub. Yəni cinsi istismar edilən şəxslərin müəyyənləşdirilməsi, onları bu cinayətə cəlb edən şəxslərin tutulması, həbs edilməsi, barələrində müxtəlif tədbirlərin görülməsi, hakimiyyətin bu məsələlərə həssaslığı, məhkəmə, polis və digər dövlət orqanlarının təlimlərə cəlb edilməsi, məlumatlandırılması həmin ölkələrlə müqayisədə daha yaxşı təşkil edilib, müəyyən uğurlar da var. Amma ABŞ Dövlət Departamenti haqlı olaraq qeyd edir ki, Azərbaycanda səlahiyyətli şəxslər əməyin istismarına qarşı mübarizədə iradə nümayiş etdirmir. ABŞ Dövlət Departamentinin hesabatındakı əməyin istismarına qarşı münasibəti ilə tam razıyam. Azərbaycan əməyin istismarına qarşı mübarizəyə münasibətini dəyişməlidir. Bu münasibət dəyişsə, Azərbaycana qarşı münasibəti dəyişər. Ancaq Azərbaycan məmurları birmənalı olaraq deyirlər ki, bizdə əməyin istismarı yoxdur. Belə deyil axı. Azərbaycanda əməyin istismarına şərait yaradan çox böyük əmək bazarı, tikinti meydançaları mövcuddur”. Ə.Əliyev Azərbaycan ərazisinə gələn miqrantların dəqiqləşdirilmiş hesabatının aparılmadığını da vurğuladı: “Yalnız Dövlət Miqrasiya Xidmətində qeydiyyata alınmış miqrantların uçotu aparılır”.
Təşkilat rəhbəri serblərin qul kimi işlədilməsi məsələsinin araşdırıldığını bildirdi: “Biz Azərbaycan məhkəmələri çərçivəsində o işi başa çatdırmışıq və hazırda həmin işi Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlayırıq. Azərbaycanda Çin, Türkiyə, Bosniya və Herseqovina vətəndaşlarının əməyin istismarına cəlb olunması faktı hər gün mövcuddur və davam edir”.
DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bildirdi ki, Azərbaycanın gördüyü işlərlə bağlı milli koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov Milli Məclisdə məlumat verib, deputatlar da öz münasibətlərini açıqlayıb. Xidmət rəhbəri hələlik hesabatla tanış olmadığını desə də, sənəddə əksini tapan bəzi məqamlara suallarımız əsasında münasibətini açıqladı. S.Gözəlov bir sıra obyektlərin arxasında ayrı-ayrı polis məmurlarının dayanması barədə iddiaları rədd etdi: “Belə bir şey yoxdur. Görünür, bunlar hansısa mənbələrdən gedən məlumatlardır. Ola bilsin bunu bəzi QHT-lərin nümayəndələrinin məlumatlarından götürüblər. Kim bu məlumatları yazıb ora ötürübsə, ümumi söz danışmasın, ortaya fakt qoysun, biz də konkret məsələyə mövqe bildirək. Heç bir polis məmuru, polis zabiti belə bir şeyin arxasında durmaz".
Bosniya serblərinin Azərbaycanda qul kimi işlədilməsi barədə məlumata gəldikdə isə DİN rəsmisi bu barədə məlumatsız olduğunu vurğuladı: “Mənə elə gəlir ki, belə hal yoxdur. Vilayət müəllimin hesabatında da var idi ki, müəyyən beynəlxalq təşkilatlardan hansısa müəssisələrdə xarici vətəndaşların işlədilməsi ilə bağlı məlumatlar daxil olub. O məlumatlar yoxlanıldı və öz təsdiqini tapmadı”.






