İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamenti İstanbulda seçkilərin yenidən keçirilməsi qərarına münasibət bildirib

ABŞ Dövlət Departamenti Türkiyənin Ali Seçki Qurumunun (YSK) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı qərarına münasibət bildirib.

ONA-nın ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Dövlət Departamenti yaydığı bəyanatda azad və ədalətli seçkiləri və qanuni seçki nəticələrinin qəbul edilməsini demokratiya üçün vacib hesab etdiyini vurğulayıb.

"Türkiyə Ali Seçki Qurumu 31 Martda İstanbulda bələdiyyə seçkilərinin nəticələrini təsdiqlədikdən sonra bu seçimi yenidən keçirmək qərarını verdi. Biz, Türkiyənin digər dostları kimi, bu qeyri-adi qərarı diqqətdə saxlayırıq. Türkiyə uzun, şərəfli bir demokratik ənənəyə sahibdir. Biz Türk səlahiyyətlilərini bu seçkini öz qanunlarına və o cümlədən Türkiyənin ATƏT qarşısında aldığı öhdəliklərə, onun NATO-nun müttəfiqi statusuna və Avropa İttifaqına üzvlük istəklərinə uyğun bir şəkildə həyata keçirməyə çağırırıq", - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb.

Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb. AKP seçkinin nəticəsinin ləğv ilə bağlı fövqəladə hüququndan istifadə edəcəyini açıqlayıb. Daha sonra İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib. YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib.

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR