Dövlət Departamenti hesab edir ki, Rusiya konfliktin saxlanmasına çalışır, bəs ABŞ-ın özü? Ekspertlərdən maraqlı şərhlər...
Qarabağ münaqişəsinin həllində həmsədr ölkələrdən biri kimi heç zaman real bir iş görməyən ABŞ indi həm Rusiyanı konfliktin uzanmasına can atmaqda təqsirləndirir, həm də Azərbaycanın müharibədə qalib kimi tanınmasının əleyhinə çıxır. İşğal olunmuş ərazilərini azad etməklə BMT-nin 4 qətnaməsini özü icra edən ordumuzun zəfərini inkar edən ABŞ Dövlət Departamenti ərazi bütövlüyümüzü bərpa etdiyimizi söyləmək əvəzinə, cığal mövqedən çıxış etməkdədir.
Aydın məsələdir ki, burada Rusiya faktoru var və Amerika məsələyə həmin prizmadan baxır. Lakin ədalətli yanaşma olmalı idi. “Yeni Müsavat” xatırladır ki, söhbət ABŞ Dövlət Departamentinin yarıhəqiqət, yarınahaq bəyanatından gedir. Bəyan edilir ki, Rusiya Qarabağ konfliktinin nizamlanmasına yox, saxlanmasına çalışır. Dövlət katibinin müavini Corc Kentin sözlərinə görə, Rusiya problemin uzanmasına can atır. O, Azərbaycanın qalib kimi tanınmasının da əleyhinə axmaq, ədalətsiz fikir bildirib: “Azərbaycan müharibənin qalibi qəbul edilə bilər, amma dörddə bir əsr əvvəl Ermənistan birinci müharibənin qalibi olduğu zaman olduğu kimi, bu, böhranın həllinə səbəb olmur”. Kent Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı adının çəkilməsini istəməyən Gürcüstan XİN müavinindən belə sitat gətirib: “O demişdi: ”Bu, həmin situasiyadır ki, Gürcüstan 1998-ci ildə üzləşmişdi. Ardınca Azərbaycan Gürcüstanın 2008-ci ildə üzləşdiyi situasiya ilə üzləşəcək. Sonra isə o, Gürcüstanın indi yaşadığı situasiyada olacaq. Bu, kifayət qədər bədbin, amma mümkün proqnozdur".
Amerikalı diplomat bununla, şübhəsiz ki, Rusiyanın Abxaziya və Cənubi Osetiya ssenarisinə işarə edib. Bəllidir ki, Rusiya 2008-ci ildə sülhməramlı amilindən istifadə eləməklə Gürcüstana hərbi müdaxilə edib və iki bölgəni özünə birləşdirib. İndi Abxaziya presedentinin Dağlıq Qarabağ ərazisində təkrar olunacağına eyhamlar vurulur.

Lakin bir nüans gözdən qaçırılır ki, əvvəla, Abxaziya kimi Qarabağın yuxarı hissəsinin Rusiya ilə sərhədi yoxdur. İkincisi, sülhməramlı qüvvələr 5 illik müqavilə əsasında bölgəyə yerləşiblər və modul tipli məntəqələrin tikintisindən də agah olur ki, onlar müvəqqəti gəliblər. Ən nəhayət, Gürcüstandan fərqli olaraq, Azərbaycan Rusiya ilə müharibə aparmır, iki ölkə prezidentlərinin münasibətləri son dərəcə pozitivdir, biz erməni işğalına son qoymuşuq və xüsusi ilə Türkiyə reallığı var. Əgər Kreml Abxaziya ssenarisini Qarabağda təkrarlamağa qalxsa, qarşısında Ankaranı görə biləcək. Kent onu da əlavə edib ki, Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının Qarabağda uzunmüddətli perspektivdə qalacağı ilə bağlı narazılığının artacağını gözləyir.
Bu yanaşma Amerikanın rəngləri həddən artıq tündləşdirməyə cəhdi sayıla bilərmi? Dediyimiz kimi, ABŞ da Qarabağ məsələsinin birdəfəlik həlli üçün sinov getmir. Baxmayaraq ki, Rusiyanı ittiham edir, özü də bu konfliktin ədalətli həlli üçün heç vaxt doğru-düzgün addım atmayıb. Bu mövqeyini Kentin timsalında bir daha göstərir və görünür ki, Vaşinqtonun məqsəd-məramı başqadır.

Əlbəttə, ABŞ 44 günlük müharibənin onun təsirindən kənarda baş verməsinə görə narazıdır. Ağ Ev Dağlıq Qarabağ probleminin Rusiyanın dominantlığı ilə həll olunmasından narahatdır və bu səbəbə vaxtaşırı belə bəyanatlar səslənir, daha çox Moskvaya ünvanlanmış ismarışlar verilir. Və bu siyasi xətt qismən də olsa Ermənistanı qane edir.
Azərbaycan isə Qərbin Rusiyaya təzyiqlərini yalnız o şərtlə arzulaya bilər ki, sülhməramlıların Qarabağda davranışlarını neytrallaşdıra bilsin və 5 il sonra rus qoşunlarının ərazilərimizdən çıxmasına Moskvadan istək hiss edilməyəndə Vaşinqton və Ankara buna müvəffəq olsunlar. Amma indiki şəraitdə ABŞ Dövlət Departamentinin mövqeyi nəyə hesablanıb və niyə bu cür qızışdırıcı rakursdan çıxış edirlər?

Azad Məsiyev
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev “Yeni Müsavat”a qeyd etdi ki, Dağlıq Qarabağla bağlı BMT-nin qətnamələri hər kəsə məlumdur, Minsk Qrupuna problemin həlli həvalə olunduğu da aydındır və həmsədr ölkələrdən biri elə ABŞ idi: “Ancaq 30 il münaqişə dondurulmuşdu və dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırdılar, dövlət rəhbərliyini reallıqla barışmağa çağırırdılar. Azərbaycan təbii olaraq bununla qətiyyən razılaşmırdı və münaqişə getdikcə uzanırdı. Eyni zamanda, geosiyasi baxımdan ABŞ və Rusiyanın toqquşduğu yer Cənubi Qafqazdır, münaqişə bu iki gücdən hansının nəzarətində həll olunmalıydı məsələsi ortadaydı. Tarixən və reallıq cəhətdən Rusiya bölgəyə daha yaxın idi deyə, fəallıq göstərdi. 44 günlük müharibə də sübut etdi ki, Rusiya problemin həllində maraqlıdır. Putin əvvəl gündən dedi ki, müharibə Azərbaycanda gedir və Qarabağ Azərbaycanındır”.
Politoloq hesab edir ki, münaqişənin belə həlli ABŞ tərəfindən qısqanclıqla qarşılanır və Paşinyanın hakimiyyətə gətirilməsi də Amerikanın Qafqazdakı maraqlarından qaynaqlanırdı: “ABŞ Dövlət Departamentinin belə çıxışları qısqanclıqdan başqa bir şey deyil. Həmçinin sülhməramlı təşəbbüsə kölgə salır və münaqişəni qızışdırmağa çalışır. Necə ki, Ukrayna proseslərində ABŞ qızışdırıcı mövqedən çıxış edir, eyni vəziyyəti Cənubi Qafqazda yaratmaq istəyir. Halbuki Türkiyə prezidentinin ”altılıq platforması" barədə çağırışı var idi, bu istək baş tutarsa, regionda inkişafa gətirə bilər. ABŞ-ın bu mövqeyi isə həm də Türkiyəyə qarşı yönəlib. Ankaranın Qafqazda nüfuzunun artması, sülhün bərqərar olunmasında rolunun olduğunu görürük və ABŞ belə bəyanatlarla Rusiya-Türkiyə münasibətlərinə xələl gətirməyə can atır".

Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, Bayden administrasiyası Qarabağda müharibənin bu sonluqla yekunlaşması və Rusiyanın sülhməramlılarını bölgəyə yerləşdirməsi ilə barışa bilmir. Onun sözlərinə görə, bəyanatın qayəsində məhz Rusiyanın işğalçı olduğuna işarə verilir və sülhməramlı qüvvələrin ərazidən çıxmayacağı qənaətinə gəlinir: “Vaşinqton Bakını özünə tərəf çəkməyə çalışır. Bundan qabaq da Baydenin Azərbaycan prezidentinə təbrik məktubu, əməkdaşlıqla bağlı xoş sözləri təəssürat yaradırdı ki, bizimlə mehriban dildə danışacaqlar. Amma Konqresin mürtəce sənəd üzərində işləməsi, ”əsir"lər barədə mövqeyi, indi də rəsmi şəxsin dilindən qələbəmizin əleyhinə ifadələr işlədilməsi göstərir ki, heç də Bayden hakimiyyəti səmimi deyil".
Ekspert güman edir ki, ABŞ Qarabağ məsələsində radikal şəkildə addım ata bilməz: “Zaman-zaman bəyanatlar, hesabatlar, açıqlamalar olacaq, amma bu, nəyi dəyişə bilər? Biz öz torpaqlarımızı azad etmişik və BMT-nin yerinə görməli olduğu işi icra eləmişik. O ki qaldı rusların Abxaziya siyasətini Dağlıq Qarabağda təkrarlamaq istəyinə, Moskvanın ürəyindən belə bir niyyət keçə bilər, imkanı olsa, reallaşdırar, onsuz da sülhməramlıların oradakı davranışları bizi tam qane etmir, amma unutmaq olmaz ki, regionda reallıq dəyişib. Rusiyanı indi Xankəndidə hərbi mövcudluğunu göstərməkdən daha çox, kommunikasiyaların açılması maraqlandırır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”






