Hazırda ABŞ-da gündəmdə olan əsas mövzulardan biri də keçən günlərdə casusluq şübhəsi ilə həbs olunan Mariya Butina adlı Rusiya vətəndaşıdır.
ABŞ mətbuatı cazibədar qadının öz ölkəsində kimlər tərəfindən himayə olunduğunu, ABŞ-da onun hansı nüfuzlu şəxslər və dairələrlə əlaqələr qurduğunu araşdırmaqda davam edir.
“The Washington Post” qəzetinin yazdığına görə, Mariya Butina ABŞ-dakı fəaliyyəti üçün milyarder Konstantin Nikolayev tərəfindən zəruri maliyyə vəsaiti ilə təmin olunub.
“Məlumatlı bir mənbənin söylədiyinə görə, Butina hələ bu ilin aprelində Senatın kəşfiyyat üzrə komitəsinə verdiyi ifadədə onun Rusiyada silah gəzdirmək azadlığını təbliğ edən təşkilatının Konstantin Nikolayev tərəfindənn dəstəkləndiyini söyləyib”, - yazı müəllifi Rozalinda Helderman bildirir.
Məqalədə Konstantin Nikolayevin öz sərvətini əsasən Rusiyanın liman və dəmiryollarına qoyduğu sərmayələrlə qazandığı qeyd olunur. Bundan başqa o, ABŞ-ın “American Ethane” şirkətinin idarə heyətinə daxil olub, Silikon vadisindəki startaplardan (startap əsasən texnologiya sahəsində inkişaf mərhələsində olan, yeni yaranmış bir şirkətə deyilir) birinin investorudur.

Konstantin Nikolayevin oğlu Andrey ABŞ-da təhsil alır və 2016-cı ildə Donald Trampın seçki kampaniyasına könüllü olaraq çalışıb. Nikolyevin özünü isə Donald Trampın andiçməsi zamanı onun Vaşinqtonda yerləşən “Trump International Hotel”ində görüblər.
Keçən həftə ABŞ müstəntiqləri Butinanın elektron yazışmalarında və onlayn çatlarda (söhbətlərdə) onun fəaliyyətinə donorluq edən bir milyarderdən bəhs olunduğunu aşkar ediblər. İttiham tərəfi həmin milyarderin adını çəkməsə də, onun bu il Rusiyanın ən varlı şəxslərinin siyahsının dərc edildiyi Forbes jurnalında 1,2 milyard dollar sərvətə sahib bir iş adamı olduğunu dilə gətirib. Həqiqətən həmin jurnalda Konstantin Nikolayevin eyni miqdarda varidata malik olduğu göstərilib.
Mariya Butinanın vəkili Robert Driskol K.Nikolayevlə bağlı verilən sualları cavablandırmaqdan boyun qaçırıb. Lakin o da rusiyalı biznesmenin vaxtilə Mariya Butinanın təşkilatına maliyyə yardımı etdiyini boynuna alıb. Driskolun sözlərinə görə, Butina və Nikolayev cəmi iki dəfə görüşüblər.

Nikolayevin öz nümayəndəsinin bildirdiyinə əsasən, rusiyalı milyarder Butinanı sonuncu dəfə 2014-cü ildə görüb. Nümayəndənin iddiasına görə, Konstantin Nikolayevin Putin rejimi ilə dərin əlaqələri mövcud deyildir.
Andrey Nikolayevin könüllü olaraq Trampın seçki düşərgəsində çalışmasını isə nümayəndə onun iş təcrübəsi qazanmaq istəyi ilə izah edib.
“The Washington Post” Konstantin Nikolayevin ABŞ-dakı investisiyalarına da göz atıb. Onun səhmdar olduğu “American Ethane” şirkətinin adı Donald Tramp tərəfindən keçən ilin noyabr ayında gerçəkləşdirdiyi Pekin ziyarəti zamanı xüsusi qeyd olunub. ABŞ-ın Çinlə imzaladığı 15 sazişdən biri, dəyəri 26 milyard dollarla ölçülən müqavilə elə “American Ethane” şirkəti tərəfindən Çinə maye etanın verilməsini nəzərdə tutur.
“American Ethane” şirkətinin digər ortağı isə vaxtilə Boris Yeltsin və Vladimir Putinin prezident administrasiyalarının rəhbəri olmuş Aleksandr Voloşindir.
2016-cı ildə isə Nikolayev “Grabr” adlanan startapa sərmayə qoyub. Həmin şirkət dünya səyahətçilərinin köməyi ilə alıcılara qeyri-adi məhsulları satan onlayn servislə məşğuldur.
“Grabr”ın digər investroru isə yenə də Donald Trampın andiçmə mərasmində iştirak etmək üçün dəvət olunan rus iş adamlarından sayılan, Rusiyanın “R-Farm” əczaçılıq şirkətinin sahibi Aleksey Repikdir.
Musavat.com






