İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ-da görüşlərim çoxdur”

1252 14.07.2013 09:18 Siyasət A A
Ötən sayımızda Milli Şuranın seçki qərargahının Rüstəm İbrahimbəyovun İçərişəhərdəki evində yerləşəcəyi haqqında xəbər vermişdik. Zəfər Quliyev bildirir ki, hələlik sözügedən binanın 2 otağının Milli Şura üzvlərinin ixtiyarına verilməsindən söhbət gedir: “Bəllidir ki, hələlik Milli Şuranın ayrıca ofisi yoxdur. Artıq seçki prosesi yaxınlaşır və Milli Şuranın işləri də çoxalır. Buna görə də dağınıq fəaliyyət artıq bir sıra məsələlərdə əngəl kimi qarşıya çıxa bilər. Hər halda yaxın zamanlarda ofis məsələsi ilə bağlı müəyyən qərarlar verilməlidir. Rüstəm bəyin İçəri Şəhərdəki evinə gəlincə, hələlik binada yalnız Milli Şuranın mətbuat xidmətinin yerləşməsi qərara alınıb. Çox güman, yaxın günlərdə ev mətbuat xidmətinin müvəqqəti ünvanı olacaq”.
Bu arada Rusiya paytaxtında Milli Şuraya dəstək toplantısı keçirilməsi haqqında xəbərlər yayılıb. Yığıncaqda sürpriz isimlər iştirak edib. Kaşirski şosesi 24 ünvanında yerləşən Bloxin adına Onkoloji Mərkəzin böyük akt zalında Avropa Azərbaycanlılarının Milli Birlik Şurasının keçirdiyi toplantıya Rusiyada yaşayan 300-ə yaxın soydaşımız qatılıb (bu haqda qəzetimizin başqa səhifəsində geniş material dərc olunub-red.).
Maraqlıdır ki, Moskvada olan Rüstəm İbrahimbəyov nə özü, nə də Milli Şura üzvlərindən heç bir şəxs yığıncağa gəlməyib. Toplantı haqqında “Yeni Müsavat”a danışan Eldar Namazov deyib ki, Milli Şura rəhbərliyi tərəfdarlarının Moskvada toplanacağından öncədən xəbərdar imiş:

- Son günlər Milli Şuranın gündəmində olan məsələlərlə bağlı mənim işlərim həddən artıq çox olub. Bir tərəfdən də sabahkı (bugünkü-red.) səfər hazırlıqları zamanımın böyük bir hissəsini alıb. Zaman darlığı mənə bir sıra prosesləri dəqiq izləmək imkanı verməyib. Ancaq Moskvada soydaşlarımızın belə bir toplantı keçirmək istəyi ilə bağlı ümumi bilgim var idi. Mən bildiyimə görə, bu məsələdə əsas təşəbbüs Avropada yaşayan Azərbaycan təəssübkeşi olan soydaşlarımızdan gəlib. Həmin yığıncağın konkret detalları haqqında isə o qədər də geniş informasiyam yoxdur.

- Avropadakı mühacirlər Milli Şuraya sığındıqları ölkədə təmsilçilik təklif etmişdilər. Milli Şuranın bu müraciətlərlə bağlı qərarı varmı?

- Avropa ölkələrindəki nümayəndəliklərlə bağlı müəyyən siyahılarımız var. Onu da vurğulayım ki, bu gün ən müxtəlif səbəblərdən Azərbaycandan kənarda yaşayıb Milli Şuranın ideya məqsədlərini dəstəkləyən xeyli insan var. Onlar Milli Şuraya öz dəstəklərini təklif edirlər, prosesə müəyyən töhfə vermək istəyində olduqlarını bildirirlər. Biz Milli Şurada görmək istədiyimiz şəxslərlə bağlı vaxtaşırı əlaqə saxlayır, konkret məsələlərlə bağlı müzakirələr aparırıq. Onların Milli Şuraya, ümumi işimizə hansı formada qoşulması isə artıq seçki strategiyasının elementidir. Bununla bağlı bizim müəyyən planlarımız var, inşallah zamanı gələndə biz bu planlarımızı ictimaiyyətə açıqlayacağıq.

- Eldar bəy, ABŞ səfərindən nə zaman dönəcəksiniz?

- Mənə son günlər səfər proqramının genişlənməsi ilə bağlı informasiyalar daxil olur. ABŞ dövlət qurumlarında yetərincə çoxlu sayda görüşlər, dinləmələr nəzərdə tutulur. Bir neçə gün öncəyə qədər səfər zamanı yalnız ABŞ Konqresindəki dinləmələrdə iştirak etməyi nəzərdə tuturdum. Ancaq son 2 gündə səfər proqramına daha bir neçə önəmli görüş əlavə edilib. Ona görə mən Bakıya qayıdacağım günü də dəyişdim. Bakıya gələn həftənin son günləri qayıda biləcəm.
Onu da bildirək ki, Milli Şuranın dördüncü sessiyasının zamanı və gündəliyi R.İbrahimbəyovun Brüssel, E.Namazovun Vaşinqton səfərindən sonra bəlli olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR