Artıq başlandığı xüsusi olaraq, vurğulanan bu deqradasiya prosesinin pandemiyanın ağırlaşdırıcı maliyyə-iqtisadi təsirləri ucbatından daha da sürətlənə biləcəyi ehtimal olunur…
Koronavirusdan sonrakı dünya düzəni barədə proqnozlar qətiyyən məmnunedici deyil. Belə ki, bir çox şeyin mənfiyə doğru dəyişəcəyi iddia olunur. Və bu dəyişikliklərin artıq başlandığı vurğulanmaqdadır.
Bəzi ehtimallar görə, zaman ötdükcə dəyişiklik prosesi intensivləşəcək və bir müddətdən sonra geriyədönməz xarakter alcaq. Bir çox insanın reallaşa biləcəyinə ehtimal belə, vermədiyi olayların zəncirvari prosesə çevrilmə qənaətini möhkəmləndirən faktorlar isə artıq tədricən müşahidə edilməyə başlayıb.
Avropa Birliyi gələcək taleyi kifayət qədər ciddi suallar doğuran ən önəmli qurumlardan biri hesab olunur. Halbuki “qoca qitə”nin əhalisinin rifah halının yüksək səviyyəsi məhz Avropa Birliyinin mövcudluğuna bağlıdır. Hər halda, Avropa Birliyinin öz sosial-iqtisadi standartları var. Və bu quruma üzv olan istənilən dövlətin həmin standartlara uyğunlaşması üçün bütün yardımlar göstərilir.
![]()
Avropa Birliyi gücləndikcə, ABŞ bütün istiqamətlərdə, xüsusilə də iqtisadiyyat sahəsində ciddi itkilərə məruz qalmaqdadır... |
Ancaq son illərdə Avropa Birliyinin sarsıdılmasına yönəlik müəyyən ssenarilərin işə salındığı da inkaredilməz reallıqdır. Xüsusilə də ABŞ-Avropa Birliyi rəqabəti “qoca qitə”nin “çörək təknəsi”ni silkələyir. Çünki Sakit Okeanın o tayında Avropa Birliyinin mövcudluğundan qətiyyən məmnun deyillər.
Məsələ ondadır ki, Avropa Birliyi gücləndikcə, ABŞ bütün istiqamətlərdə, xüsusilə də iqtisadiyyat sahəsində ciddi itkilərə məruz qalmaqdadır. Avropa Birliyinin mövcudluğu ABŞ-ın “qoca qitə”ni və bu coğrafi məkana aid dövlətləri idarə etmək imkanlarını məhdudlaşdırır. Ağ Evin Avropadakı maraqları və mənafeləri kifayət qədər ciddi müqavimətlə üzləşir.
Digər tərəfdən, Avropa Birliyi ABŞ-ın maliyyə-iqtisadi maraqlarını da təhdid edir. Belə ki, bu qurum ABŞ-ın Avropa iqtisadi məkanındakı iştirakını minimuma endirməyə nail olub. Üstəlik, ABŞ bazarında Avropa istehsalı olan müxtəlif məhsullar populyarlaşıb. Həmin məhsulların öz “tələbat səbəti” formalaşıb.
Təbii ki, bütün bunlar ABŞ-ın xarici siyasət prioritetlərinə zərbə vurmaqla yanaşı, həm də maliyyə-iqtisadi itkilərə də yol açır. Ağ Evdəsə, bununla barışmaq niyyətində deyillər. Əksinə, Avropa Birliyinin zərərsizləşdirilməsi üçün müəyyən addımlar atılır.
![]()
Böyük Britaniyanın kənara çəkilməsindən sonra Avropa Birliyinin bütün yükü Almaniya və Fransanın üzərinə düşə bilər... |
Heç şübhəsiz ki, “Brexit” Avropa Birliyini sarsıtmaq məqsədilə düşünülmüş əməliyyat idi. ABŞ özünün ən yaxın müttəfiqi olan Böyük Britaniyanı Avropa Birliyindən qopmağa razı salmaqla, bu qurumda “yarpaqtökümü”nə start verməyi hədəfləmişdi. Çünki Böyük Britaniya bu qurumun yükünün əhəmiyyətli hissəsini “öz çiyinlərində daşıyan” üç avanqard dövlətdən biridir. Böyük ehtimalla Ağ Evdə nəzərə alıblar ki, Böyük Britaniyanın kənara çəkilməsindən sonra həmin yük Almaniya və Fransa üçün çox ağır olacaq. Və tədricən Avropa Birliyi süquta doğru sürüklənəcək.
İndi ABŞ Almaniyadakı hərbi bazalarını da bu ölkədən çıxartmağa başlayıb. Halbuki həmin hərbi bazalar Almaniyanın dövlət büdcəsi və iqtisadiyyatı üçün stabil maliyyə qaynağı rolunu oynayırdı. Çünki bir tərəfdən ABŞ hərbi bazaların dislokasiyası üçün hər il onmilyardlarla dollar ödəyirdi. Digər tərəfdənsə, hərbi bazaların bir sıra ehtiyacları Almaniya şirkətlərinə verilən sifarişlər hesabına təmin edilirdi.
İndi Avropa Birliyini öz maliyyə-iqtisadi resursları hesabına ayaqda tutan üç dövlətdən biri olan Almaniya da külli miqdarda maliyyə itkiləri ilə üzləşib. Və bu itkilərin Almaniya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi qətiyyən şübhə doğurmur.
![]()
Ağ Ev Avropa Birliyi ölkələrini ABŞ bazarından sıxışdırmağa çalışır... |
Nəhayət, Avropa Birliyinin üçüncü təməl dövlətiylə də haqq-hesab çəkilməsinin mümkünlüyü “sarı jiletlilər” hərəkatının doğurduğu nəticələrlə artıq təsdiqlənib. Hər halda, Fransanın hakim dairələrinin xaricdən idarə edildiyi vurğulanan bu hərəkat qarşısında dik dura bildiklərini iddia etmək bir qədər çətindir.
Eyni zamanda, ABŞ prezidenti Donald Trampın bir müddət öncə Avropa Birliyi ölkələrinin istehsalı olan məhsullara vergi limitini yüksəltməsini də qeyd etmək mümkündür. Çünki bu addım Avropa Birliyi ölkələrini ABŞ bazarından sıxışdırmaq məqsədi güdür.
Belə anlaşılır ki, ABŞ artıq Avropa Birliyinin “qələmini qırıb” və bu qurumu tədricən demontaj etməyə çalışır. Və Avropa Birliyində kifayət qədər ciddi panik havanın yaranmasına da nail ola bilib.
![]()
Avropa Birliyinin dağılması “qoca qitə”yə dərin maliyyə-iqtisadi böhran vəd edir... |
Məsələ ondadır ki, Qərbdə bəzi ekspertlərin qənaətinə görə, Avropa Birliyinin dağılması “qoca qitə”ni əsas gərginlik məkanına çevirə bilər. Çünki qurum dağılarkən üzv dövlətlər arasında ziddiyyətlər qaçılmaz olacaq. Hətta bu prosesin silahlı qarşıdurmalara qədər inkişaf etməsi də mümkün hesab edilir.
Məsələ ondadır ki, Avropa Birliyinin dağılması “qoca qitə”yə dərin maliyyə-iqtisadi böhran vəd edir. Və belə bir böhran keçmiş müttəfiqləri qatı düşmənə çevirə bilər.
Bu barədə ən bədbin iddianı bir müddət öncə İngiltərənin “Daily Mail” qəzeti ortaya atmışdı. Qəzetə görə, başda Yunanıstan olmaq üzrə yaşana biləcək maliyyə böhranını indidən həll etməyə çalışan Avropanı, çox təəssüf ki, sülhə dayalı bir gələcək gözləmir.
Almaniya kansleri Angela Merkelin dedikləri də həmin iddianı gücləndirmiş oldu: “Kimsə Avropada bundan sonra daha yarım əsr də sülhün və sabitliyin hökm sürəcəyinə ümid etməməlidir. Əgər avro çöksə, Avropa da çökər”.
![]()
“Qoca qitə” dövlətlərinin iqtisadiyyatları çökəcək, işsizlik sürətlə artacaq. Və siyasi-ictimai qarışıqlıq iğtişaşlara çevrilərək, bütün Avropaya yayılmağa başlayacaq... |
İddialara görə, Avropa Birliyini çökdürə biləcək böhranlı situasiya ilk olaraq, Yunanıstanda baş verəcək. Daha sonra bu proses İtaliyaya, Almaniyaya, İrlandiyaya və İngiltərəyə sıçrayacaq.
“Qoca qitə” dövlətlərinin iqtisadiyyatları çökəcək, işsizlik sürətlə artacaq. Və siyasi-ictimai qarışıqlıq iğtişaşlara çevrilərək, bütün Avropaya yayılmağa başlayacaq. Dövlətlərin isə bu prosesin qarşısını almaqda zorlanacağı ehtimal olunur.
Proqnozların davamı isə daha bədbin məzmun daşıyır. Belə ki, “qoca qitə”də sosial-iqtisadi problemlərin dərinləşməsi ucbatından irqçiliyin baş qaldıracağı və qeyri-avropalılara - immiqrantlara qarşı amansız hücumların ola biləcəyi ehtimal edilir. Bu isə müəyyən mənada, Avropa qitəsi üçün gələcək xaos barədə xəbərdarlıq kimi də yozula bilər.
Ən pisi də odur ki, onsuz da artıq başlandığı xüsusi olaraq, vurğulanan bu deqradasiya prosesinin pandemiyanın ağırlaşdırıcı maliyyə-iqtisadi təsirləri ucbatından daha da sürətlənə biləcəyi ehtimal olunur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert






