Abid Şərifovun gecə səfəri: Bakının mərkəzində müasir üzlü xaraba binanı kimlər sökür... FOTOLAR
Bakıda 50-dən çox ailənin yaşadığı iki 3 mərtəbəli binalar söküləcək. Sakinlərə mənzilləri tərk etmələri üçün xəbərdarlıq da edilib. Lakin mənzil sahibləri verilən kompensasiya ilə razılaşmır.
Söhbət Yasamal rayonu, M.A Əliyev küçəsindəki 150 və 152 saylı qocaman binalardan gedir. Dünən Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən bina sakinlərinə xəbərdarlıq məktubu göndərilib və onlardan tələb olunub ki, bir həftə ərzində evlərini tərk etsinlər. Bunun üçün sakinlərə 300 manat da ödəniləcəyi deyilib. Bu məbləğlə sakinlər kirayə ev tutaraq mənzilləri boşaltmalıdırlar. İcra hakimiyyəti bu tələbinə əsas olaraq isə binaların qəzalı vəziyyətdə olmasını göstərib.
Musavat.com-un reportyoru adı çəkilən ünvanda olub və sakinlərin narazılığını dinləyib.
İlk olaraq onu demək olar ki, binalar qəzalı vəziyyətdədir və burada yaşanılan hər dəqiqə sakinlərin həyatı üçün təhlükədir. Binaya daxil olarkən ilk baxışda burada yaşayışın olmadığını düşünmək olar. Ancaq binanın xarici görünüşü tamamilə fərqlidir. Üz fasadı yeni tikilini xatırladan bu binalar artıq xarabalığa çevrilib. Mənzillərin hamısında böyük çatlar əmələ gəlib, taxta pilləkənlar isə tamamilə çürüyüb. Dağılan döşəmələr köhnə taxta parçaları ilə örtülüb.
Sökülməsi planlaşdırılan binalarda həm Bakı sakinləri, həm də qaçqın və məcburi köçkünlər yaşayır. 34 qaçqın və məcburi köçkün ailəsi 1993-cü ildən burada məskunlaşıb.
Sakinlər deyir ki, binlar 20 ilə yaxındır ki, bərbad vəziyyətdədir və yaşayış üçün təhlükəlidir. Lakin bu zamana qədər cəmi bircə dəfə onların vəziyyəti ilə maraqlanan olub. O da ki, evləri almaq məqsədi üçün.
Bina sakinlərindən Aytən Mirəliyeva deyir ki, 2004-cü ildə icra hakimiyyətinin nümayəndələri onlarla görüşə gəlib: “Hələ o zamandan bizim buradan çıxmağımızı istəyirdilər. Evlərin hər kvadratmetrinə görə 1100 manat təklif olunmuşdu. Biz də razılaşmadıq. Çıxıb getdilər. Bu zamana qədər bizim bu evlərdə, qəzalı vəziyyətdə olan binalarda yaşamağımız heç kimi maraqlandırmırdı. İndi binalar kiməsə satılıb, söküb yerində plaza tikəcəklər. Guya bizim halımıza yanırlar. Xəbərdarlıq göndəriblər ki, bir həftə ərzində evləri tək edin. Necə? Hara gedək?”.
Binanın yerli, Bakı qeydiyyatı olan sakinlərinin evlərinin kvadratmetrinə görə 1500 manat təklif olunub. Lakin bu sakinləri narazı salıb.
“Əvvəlcə icra hakimiyyəti 3000 manat demişdi. Sonradan qiymət dəyişib 1500 manat oldu. İndi “JEK” deyir ki, qiymət budur. Bu binalarda mənzillərin hamısının kvadratı azdır. 15 kvadratlıq evi olan alacağı kompensasiya ilə nə edəcək? Əvvəl bu ərazidə söküntü işləri aparılanda qonşuluqdakı binaların sakinlərinə 3000 manatdan artıq kompensasiya ödənilmişdi. Bizə də bir həftə əvvəl 3000 manat demişdilər. İndi öz istədikləri kimi qiymət dəyişirlər”- deyə Aytən Mirəliyeva qarşılaşdıqları problemi izah edərkən deyir.
Binalarda 34 qaçqın və məcburi köçkün ailəsi yaşayır. Onlara əvvəlcə mənzillərinə görə kompensasiya veriləcəyi deyilib. Lakin sonradan bu qərar dəyişdirilib. “JEK”dən deyilib ki, onlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməli və komitənin balansında olan mənzillərdən almalıdırlar.
1993-cü ildən burda məskunlaşan Ağdam sakini Rəna Hüseynova deyir ki, komitədən onlara ev verilməyəcəyi deyilib. Komitədən sakinlərinə bildirilib ki, bu məsələdən məlumatsızdırlar və onlara heç bir yardım göstərə bilməzlər. Həmçinin komitədən sakinlərə deyiblər ki, heç kim onları evlərindən zorla çıxara bilməz.
Sakinlər bu gün narazılıqlarını bildirmək üçün “JEK”ə üz tutublar. Narazı sakinlərin sözlərinə görə, “JEK” əməkdaşları onlara hədə-qorxu gələrək təhdid edib. “JEK”dən sakinlərə deyiblər ki, qaz, işıq və su kəsildikdən sonra evlərdə yaşaya bilməyəcəklər.
1986-cı ildən bu binanda yaşayan Cəmalə Əliyevanın sözlərinə görə, bu gün “JEK”də olarkən orada icra hakimiyyətinin də nümayəndələri olub: "Biz iki ailəyik. Qardaşım da burada yaşayır. Bizim evlər ümumilikdə 51 kvadratmetrdir. “JEK”ə gedən kimi siyahıya baxıb evin ölçüsünü dedilər. İcra nümayəndəsi də tez qiyməti hesablayıb 77 min manat edir dedi. Onlar hər işi planlaşdırıb, siyahıya alıb gəliblər. Bu vaxtadək bizi fikirləşən yox idi. “JEK” deyir ki, əgər mənzillərdən 5-dən razılıq alsaq qazı, işığı kəsəcəyik”.
Binanın digər mərtəbələrinə qalxdıqca ayaq altındakı döşəmələr yerindən oynayırdı. Əksər mənzillərin tualeti və hamamı yoxdur. Binada ümumi tualetdən istifadə olunur. Əsasən taxtadan inşa olunan binalarda bir neçə dəfə yanğın baş verib. Xoşbəxtlikdən baş verə biləcək böyük faciələrin qarşısı alınıb.
Sakinlər aqibətlərinin necə olacağından narahatdırlar. Binaların xarici görünüşü “Qış parkı”nın açılışı və Avropa Oyunları ərəfəsində təmir olunsa da qapıdan içəri keçib sakinlərin yaşadığı vəziyyətlə heç bir məmur maraqlanmayıb.
Söhbətləşdiyimiz bina sakinləri deyir ki, hər iki bina “Kristal” MMC-nin balansındadır. Və onlara ödəniləcək kompensasiya da MMC tərəfindən ödəniləcək. Sakinlərin iddiasına görə, bu tikinti şirkəti baş nazirin müavini Abid Şərifovun nəzarətindədir.
Bir neçə gün əvvəl A.Şərifov əraziyə gələrək binalara baxış keçirib. Sakin Aytən Mirəliyeva deyir ki, A.Şərifov fevralın 9-da “JEK” müdiri ilə birlikdə əraziyə gəliblər: “Həmin gün axşam saatlarında Abid Şərifov gəlmişdi. “JEK” müdiri ərazini ona göstərdi. Bir neçə dəqiqə sonra çıxıb getdilər. Heç kimlə görüşmədi”.
Fevralın 22-də sakinlərə verilən bir həftəlik müddət başa çatacaq. Sakinlər bu zamanadək problemlərinin həll ediləcəyinə ümid edirlər.
İlkin Muradov
Musavat.com
Fotolar müəllifindir






