Bir neçə gün öncədir, reklam olmasın deyə adını çəkmədiyim supermarketlərin birində kassa növbəsində durmuşam, önümdə 3 alıcı var. Fikir verirəm ki, məndən öndə duran 33-35 yaşlı, eleqant geyimli qadın yanındakı övladlarıyla, 12-13 yaşlı oğlan və 10-11 yaşlı qızla səlis şəkildə rus dilində danışır.
İlk baxışda qadının hansı millətdən olduğunu ayırd etmək mümkün deyildi – qadın təmizqanlı rusa oxşamırdı, ən azı metis idi. Amma hansı millətlərin qarışığıydı, onu da bilmək çətin idi. Türkə də oxşayırdı, yunana da, ukraynalıya da, moldovana da, yəhudiyə də, italyana da.
Ancaq qadının yanındakı oğlan sırf bizimkiydi – kürdəmirliyə də oxşayırdı, sumqayıtlıya da, əmircanlıya da. Qız isə sırf slavyan görünüşlü idi. Belə anlaşılırdı ki, qadın metisdir, uşaqların atası isə azərbaycanlıdır. Sadəcə, uşaq atasına çəkib, qız anasının anasına. Üçü də rusca gözəl danışırdı deyə, birmənalı şəkildə demək olardı ki, ailə rusdilli ailədir.
Kassada hesablaşmaq növbəsi onlara çatanda qadın kredit kartını çıxarıb satıcıya verdi və onunla ana dilimizdə təmiz diksiya ilə, aksentsiz mükaliməyə başladı. Elə buna bənd imiş ki, uşaqlar da, şair Vurğunun sözü olmasın, “Vaqifin şirin dilində” danışmağa başladılar. Məlum oldu ki, bu ailənin üzvləri ana dilimizdə də yaxşı danışırlar. Satıcı hesabladı, qadın kartıyla ödəniş etdi və bu rusdilli-türkdilli ailə yenidən rusca danışmağa başlayaraq, ərzaqlarını torbalara qablaşdırıb getdi.
Bu vaqiədən anladığım o oldu ki, uşaqlar rus bölməsində oxuyur, evdə rusca danışırlar, qadın da ictimai yerlərdə ana dilimizdə, işdə (harada işləyirsə) və evdə isə rusca danışır. Hətta onu da təsəvvür elədim ki, bu ailənin azərbaycanlı başçısı hər yerdə öz dilimizdə danışır, amma “uşaqların tərbiyəsini pozmamaq üçün” evdə rusca danışmalı olur.
Bu gün isə sosial şəbəkədə adımın tağ (“tag”-dansa tağ yaxşıdır – tağ öz dilimizdədir, eyni mənanı verir) edildiyi bir şikayətə baxıram, görürəm ki, türkdilli vətənimin məktəblərində rus bölmələri ləbələb dolub və övladının rus dilində təhsil almasını şiddətlə arzu edən valideynlər çarəsiz durumda qalıblar. Onlara təklif olunur ki, bu il basabasdır, övladlarını məktəbə gələn il yazdırsınlar. Amma heç kim övladının həyat yolundan bir il dala düşməsini istəmir. Qırğın gedir.
İstədim onlara bir çıxış yolu göstərim, yazım ki, rus bölməsində yer yoxdur, heç olmasın, övladınızı Azərbaycan dili bölməsinə yazdırın. Onsuz da Bakı məktəblərində rus dilini həmişə yaxşı öyrədirlər, vaxtı çatanda övladınız, başı varsa, hər iki dili yaxşı öyrənəcək. Başı olmayandan sonra, istəyirsən, apar Oksford kollecinə qoy, onsuz da oxumayacaq.
Nəyə görəsə bizdə belə bir düşüncə var ki, övladı rus bölməsində (öz aramızdır, “sektor” deyəndə daha sanballı çıxır) oxudanda, o avtomatik olaraq, savadlı olur. İmam haqqı, elə deyil. Ona qalsa, hər il Rusiyadakı orta məktəblərdən bir milyon şagird məzun olur, ali məktəblərə isə onların 10 faizi girir. Elə bizim özümüzdə də rus bölməsini qurtaran, amma test imtahanında 100 bal toplaya bilməyən minlərlə məzun var.
Bir şeyi də nəzərə almaq lazımdır: bu rusdilli uşaqlar orta məktəbi bitirəndən sonra, təbii ki, ali məktəbi də rusca qurtara bilərlər, bəs sonra nə olacaqlar? Gedib Rusiyada dövlət qulluğuna imtahan verib rus dövlətinin məmuru olacaqlar, yoxsa Azərbaycanda yaşayacaq, burada işləməli olacaqlar? İkincidirsə, çətin olacaq. Çünki bizdə dövlət qulluğuna imtahan Azərbaycan dilində götürülür və bu dili mükəmməl bilmək lazımdır ki, qəliz sualları anlaya biləsən. “Aaaa, çto delat, ved mən russkoyazıçnıyam e” söhbəti keçmir.
Yox, əgər övladını rus sektoruna qoyanlar hesab edirlərsə ki, 5-10 ilə “nyu-11-ci qrımızı ordu” yenidən gələcək, buraları işğal edib, rus dilini vahid dövlət dili elan edəcək, vallahi, bu, bir az utopik, bir az da optimist yanaşmadır. Rostovdan o tərəfə az qala bütün Rusiya ildən-ilə artan templə türk-tatar dilində danışır. Bir az uzaqgörən olmaq lazımdır. Camaat Çin dili öyrənir.






