İnsanlara hürriyət, millətlərə istiqlal!

«BARAK OBAMANIN TELEFONUNDAN İŞLƏDİRƏM»

1390 18.06.2009 00:08 Müsahibə A A

DOSYE: Abbasov Rüfət Aydın oğlu, 1984-cü il mayın 22-də Bakıda anadan olub. Çox gənc yaşlarından jurnalist fəaliyyətinə başlayıb və 10 ildən artıq təcrübəsi var. Jurnalistika və beynəlxalq iqtisadi münasibətlər sahəsində ali təhsil alaraq peşəkar karyerasına 11 yaşında «Olaylar» İnformasiya Agentliyində və eyniadlı qəzetdə başlayıb. Daha sonra «Trend» agentliyində çalışıb və 2003-cü ilin əvvəlindən 2006-cı ilin sonuna qədər «Reuters» beynəlxalq informasiya agentliyində müxbir işləyib.
Amerikanın nüfuzlu «Bloomberg» agentliyində təcrübə keçib. «Newsweek», İngiltərənin IWPR (Institute of War and Peace Reporting), Amerikanın «Eurasia.net», Dünya Bankının rəsmi səhifəsi, «Exo», «Caspian Business News», «525-ci qəzet» qəzetləri, «Day.az» xəbər portalı və digər beynəlxalq və yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edib.
Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin «Futures Leaders Visitors» proqramının məzunudur. Ümumdünya Səhiyyə Təşkilatının Ünsiyyət Şəbəkəsinin və Azərbaycan Media Mərkəzin İdarə Heyətinin üzvüdür. Britaniya hökumətinin maliyyə dəstəyi ilə «British Council» tərəfindən həyata keçirilən uzunmüddətli layihə çərçivəsində Azərbaycanın regionlarında jurnalistlər üçün treninqlərdə mühazirəçi kimi çıxış edib. Eyni zamanda PR mütəxəssisləri üçün treninq keçib. Bir sıra yazı müsabiqələrinin qalibidir.

2006-cı ilin sonundan etibarən «Azercell Telekom» MMC-də mətbuat katibi vəzifəsində çalışır. «Azercell Telekom» MMC-də çalışmağa başladıqdan sonra şirkət mətbuatın inkişafına yönəlik layihələr keçirməyə başlayıb.

- Daha çox xarici KİV-lə əməkdaşlıq etmisiniz. Yerli, yoxsa əcnəbi KİV-lə işləmək daha asandır?

- Xaricilərlə. Çünki onlarda artıq biznes mədəniyyəti formalaşıb. Onlarda artıq oturuşmuş qaydalar var, hansı ki, buna «slujba slujboy, a drujba drujboy» məsələsi də daxildir. Yəni iş ayrıdır, şəxsi münasibətlər ayrı. Mənə yerli rəhbərlə çalışmaq nisbətən çətin olub. Bunun əksinə, əcnəbiylə çalışmaq daha rahatdır.

- Ancaq əcnəbilərin də işçini narazı salan tərəflərinin olduğu deyilir...

- Əlbəttə, var. Ancaq hər halda, mənim üçün onlarla işləmək daha rahatdır.

- Çalışdığınız KİV-dən ən məşhuru olan «Reuters»də nə qədər maaş alırdınız?

- Xaricilərlə ünsiyyətdə olanda onlardakı müəyyən xüsusiyyətləri də götürürsən. Onlarda verdiyiniz sualla bağlı xüsusiyyət var, yəni maaşlarını açıqlamırlar. Mənim babamın da bir sözü vardı ki, kişi bir xanımı, bir də gəliri barədə danışmaz. Ancaq qısaca deyə bilərəm ki, «Reuters»də kifayət qədər qazanırdım. Mən «Reuters»dən «Azercell»ə dəvət olunanda yüksək məvaciblə dəvət olunmuşdum. Hansı ki, həmin maaş mənim «Reuters»dəki maaşımdan 5-10% artıq olardı, ya olmazdı. «Reuters»də çalışdığım vaxtlarda paralel olaraq digər xarici KİV-lər üçün də məqalələr yazırdım. Məsələn, «Newsweek» jurnalındakı hər yazıya görə 200-300 dollar alırdım. Hətta bir müsahibəyə görə 2000 dollar təklif etmişdilər.

- Maraqlıdır, həmin müsahibə kiminlə idi?

- Bu, çox maraqlı hadisədir. Həmin vaxt tanınmamış Çeçenistan Respublikasının Bakıdakı nümayəndəsi Əli Asayevlə tanışlığım var idi, bir neçə dəfə ondan müsahibə götürmüşdüm. Mənə bahalı müsahibəni təklif edənlər də bunu bilirdi. Çünki mən onun köməkliyi ilə Məshədovun oğlundan və Moskvadakı «Nord-ost» Teatrını tutan terrorçudan müsahibə götürmüşdüm. Rusiyada çıxan «Forbes» jurnalının baş redaktoru Pol Xlebnikov öldürüləndə bu işdə bir çeçen avtoritetini günahkar sayırdılar. Həmin şəxs axtarışdaydı. «Newsweek» həmin adamdan müsahibə götürməyimi istəyir və qeyd etdiyim məbləği təklif edirdi. Mən Bakıdakı çeçenlərlə danışdım, ancaq onlar dedi ki, həmin adam Bakıda deyil, artıq Türkiyəyə gedib. Bu barədə «Newsweek»ə deyəndə onlar cavab verdi ki, Türkiyəyə get, bütün xərclərini ödəyəcəyik, əvvəlcədən deyilən qonorar də veriləcək. Artıq Türkiyəyə getmək üçün bilet almağı və müsahibə götürməyi planlaşdıran vaxt Birləşmiş Ərəb Əmirliklərində başqa bir çeçen avtoritetinə qarşı sui-qəsd oldu, onu öldürdülər. Bununla da mənim müsahibə götürməli olduğum adam Türkiyədən qaçdı, həmin müsahibə də alınmadı.

- Ümumiyyətlə, terrorçudan müsahibə götürməklə hansısa ictimai xadimlə, məsələn, nazirlə müsahibə götürməyin fərqi nədir?

- Mənim terrorçudan götürdüyüm müsahibə üzbəüz olmayıb, telefonla olub. Ancaq bu da çox maraqlıdır. Terrorçular spesifik adamlardır. Belə danışıqda çalışırdım çox həssas olum, səsimin tonunda ona qarşı ittiham hiss olunmamalıdır. Ona sual verəndə müsahibinin psixi durumu və əlində olan girov insanlar barədə düşünməlisən. Ona qıcıqlandırıcı sual versən, hirsini girov götürdüyü insanlardan çıxa bilər.

- Azərbaycandakı mətbuatın durumunu necə qiymətləndirirsiniz? Kənardan baxanda bizim KİV nəyə oxşayır?

- Mən bu suala «Azercell»in mətbuat katibi kimi deyil, öz adımdan cavab vermək istəyirəm. Yerli KİV öz yerini və missiyasını tapmamış qarışıq bir şeyə oxşayır. Çox təəssüf ki, bizim mətbuat məramının ana xətlərindən uzaqlaşıb və maarifləndirmək kimi funksiyasını tamamilə itirib. «Əkinçi» qəzeti yarananda onun əsas məqsədi insanları maarifləndirmək idi. Bu, tarixin bizim mətbuatımız qarşısında qoyduğu vəzifədir. Lakin indi Azərbaycan mətbuatı bu məqsəddən tamamilə uzaqlaşıb.
Bizim jurnalistikamızın, əksər jurnalistlərimizin peşəkar səviyyəsi arzuolunan səviyyədən çox uzaqdır. Mən aktiv jurnalist olaraq çalışdığım dövrdə çoxlu sayda yüksək peşəkarlıq xüsusiyyətlərinə sahib həmkarlarımla bərabər işləmişəm, onlardan çox şey öyrənmişəm. Biz bərabər çalışaraq yeni öyrəndiklərimizi bir-birimizlə paylaşırdıq, peşəmizdən zövq alırdıq.
Amma indi gənc həmkarlarım üçün nisbətən daha komfortlu şərait, rəqabətyönümlü məvacib təklif edilir, ancaq əksər hallarda nəticə ürəkaçan olmur. Çünki romantizm olmadan yaxşı jurnalist olmaq mümkün deyil.
Vaxtilə Azərbaycan mətbuatının ana damarı olan və mənimlə eyni zamanda çalışan bir çox jurnalistlər mənim kimi ya jurnalistikadan gedib, ya da «reportyorluğun daşını ataraq» redaktor kimi çalışmağa başlayıb. Çox az sayda peşəkar reportyorumuz var. Mətbuatın ana xətti, «piyadaları» reportyorlardır. Reportyor olmadığı təqdirdə nə keyfiyyətli xəbər, nə də maraqlı araşdırma məqalələr olur. Araşdırma jurnalistikamız isə çox acınacaqlı vəziyyətdədir.

- Azərbaycan mətbuatında Dağlıq Qarabağ münaqişəsi mövzusunun işıqlandırılmasına münasibətiniz necədir?

- Bu suala iki tərəfdən yanaşmaq olar. Birincisi, müharibə zamanı qarşı tərəfin törətdikləri barədə, yəni Xocalı qırğınından tutmuş, ermənilərin törətdiyi digər vəhşiliklərə qədər - istər əsrin əvvəlində, istər sonunda olanları - unutmaq olmaz. Başqa sözlə, bunlar deyilməlidir, yazılmalıdır. İnsanların yadında qalması üçün bunların təkrar-təkrar deyilməsi yerli mətbuatın borcudur. Ancaq bununla yanaşı, unutmaq olmaz ki, jurnalistlərin təkcə xatırlatmaq funksiyası yoxdur. Münaqişə ilə bağlı ölkənin, ölkə rəhbərliyinin müəyyən bir siyasəti var ki, əvvəl-axır o torpaqlar bizə - Azərbaycana qaytarılacaq, oradakı digər vətəndaşlarla bərabər yaşayacağıq.

- Məşhur simalar sizə zəng vururmu?

- Olur. Əvvəli «211»lə başlayan nömrə almaq istəyəndən tutmuş, qohumunu «Azercell»də işə düzəltmək istəyənə qədər. Xüsusən işlə bağlı müraciət olanda təbii ki, bunu heç cür qəbul etmirik. Çünki «Azercell»də işə düzəlmə çox şəffaf olaraq müsabiqə yolu ilə aparılır.

- Hamıya maraqlıdır, «211»lə başlayan nömrələri insanlar niyə bu qədər çox istəyir? Bu cür nömrələrin hansısa texniki üstünlüyü varmı?

- Texniki baxımdan bu cür nömrələrin heç bir üstünlüyü yoxdur, başqa nömrələr kimi xidmət göstərir. Sadəcə olaraq, bu, istifadəyə verilən ilk seriyalardan biri olduğuna və bəzi rəhbər şəxslərin də nömrələri məhz bu seriya ilə başladığına görə başqalarının da buna marağı olub. Telefon nömrələrinin də bazarı - tələb və təklifi var. Nömrələrin də qiymətləri həmin bazarda formalaşır.

- Sıravi müxbir kim çalışdığınız vaxtlarda yəqin ki, gülməli və kuryoz hadisələrlə də rastlaşmısınız...

- Belə hadisələr çox olub... Məsələn, bir dəfə Bakı Hava Limanında Ruşaylonu qarşılayırdıq. Bu cür «qarşılanma mərasimi»ndə jurnalistlər mikrofon və diktofonları ölkəyə gələn qonağa tərəf uzadaraq gəlişinin məqsədini soruşur. Həmin şəxs də «ikitərəfli münasibətlərin inkişafı»nı müzakirədən və görüşəcəyi şəxslərdən bir-iki cümlə danışıb çıxıb gedir. Rus dilini zəif bilən, məşhur bir telejurnalist Ruşayloya yaxınlaşaraq səfərinin məqsədini öyrənmək üçün məhz bu cür soruşdu: «Zaçem priexal?» Bu isə çox kobud səsləndi. Ruşaylo da qısa şəkildə cavab verib, jurnalistlərdən uzaqlaşdı.
Bir dəfə isə jurnalistlərdən biri Azərbaycan Xarici İşlər Nazirliyi nümayəndəsinin «NATO-nun SNT proqramı çərçivəsində əməkdaşlığımızı genişləndirəcəyik» cümləsindəki «SNT» sözünü anlamamışdı. Daha doğrusu, jurnalist bu sözü «SNQ» - MDB-nin ruscası kimi qavrayaraq qəzetdə beləcə də təqdim edib. Yazıb ki, «NATO-nun MDB proqramı çərçivəsində». Halbuki «SNT» «Sülh Naminə Tərədaşlığ»ın abreviaturasıdır. Bu cür hadisələr çox olub. Jurnalistin hansısa məşhur olmayan terminləri bilməməsi normaldır. Ancaq bilmədən yazması qeyri-normaldır, hansı ki, bu, pis nəticəyə də gətirib çıxara bilər. Onu da deyim ki, «Azercell»in mətbuat katibi kimi mənə ağlagəlməyən, məntiqsiz suallar da verilir.

- Maraqlıdır, mobil rabitə şirkətinin sözçüsü sutkada neçə saat mobil telefonla danışır?

- Çox danışıram, həddindən artıq çox. İşdə, evdə daim telefonlayam. Indi «BlackBerry» istifadə edirəm və email-imi də burdan yoxlayıram. Hətta bizim işdəkilər məni mobil telefonla danışmayan halda görəndə təəccüblənirlər. Mənim bəxtim gətirib ki, həm «Reuters», həm də «Azercell»də telefon danışıqlarımın haqqını ödəyiblər. Əks təqdirdə, məvacibimin ən azı yarısı buna sərf olunardı.

- Sirr deyilsə, istifadə etdiyiniz mobil telefonunuzun qiymətini deyin.

- Yox, gəlin yalnız modelindən danışaq. Hazırda istifadə etdiyim «BlackBerry» telefonunu Azərbaycanda və ümumiyyətlə regionda ilk dəfə «Azercell» təqdim edib. Reklam üçün demirəm, ancaq həqiqətən də çox rahat telefondur və iş adamları üçün ideal vasitədir. Yəqin eşitməmiş olmazsınız, bu, ABŞ prezidenti Barak Obamanın sevimli telefonudur...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR