İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Həşimovu kim öldürdü?

14540 16.01.2014 17:16 Son xəbər A A
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bu günlərdə ağır xəstəlikdən vəfat etmiş gənc şahmatçı Vüqar Həşimovun nakam taleyi və qarşılaşdı problemlər barədə yazı qələmə alaraq musavat.com-a təqdim edib. R.Hacılının yazısını oxucuların ixtiyarına veririk.

****

Yapon Mika ilə söhbətim:

- Cənab Hacılı, salam. “New York Times”-da azərbaycanlı şahmatçının ölüm xəbərini oxudum. Özü də 27 yaşında. Məşhur  “27 yaşlı dahi ölümü” siyahısına daxil olub. Sən onun barəsində mənə nəsə deyə bilərsən?
- Hə, əziz Mika, salam. Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmışdı. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdi. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olmuşdu.
- Nə münaqişə olub Konfedrasiya ilə arasında? Axı o dünyada Azərbaycanın bayrağını qaldırırdı. Münaqişə nə qədər ciddi idi ki, dövlət maraqları kənara atılırdı?
- Mika, mən sənə, yəni bir yapona bunları izah edə bilmərəm. Lakin cəhd edəcəm. Vüqarı “Prezident mükafatı”na dəvət etməyiblər, sonra aləmə hay salıblar ki, tərbiyəsizdir, sayğısızlıq edib prezidentin adı ilə bağlı turnirə gəlmir. O da prezidentə müraciət edərək, məsələni açıqlayıb. Lakin müraciət şikayət etdiyi adamlar tərəfindən əngəllənib. Özü xərçəng olandan sonra hər şeyi açıb demişdi. Yenə bir şey olmadı.
Bilirsən necədir?! Bizim ölkədə sənin bayraq sevgin, dövləti təmsil etmən əsas deyil. Məmurlar insanları kurasiya edir və onlarla qul kimi davranır. Məsələn, şahmatın kurasiyası Milli Bankın rəhbəri Elman Rüstəmovdadır. Əgər sən onun vəzirlərinə və özünə sitayiş etməsən, hər addımını deməsən, tapşırıq qulu olmasan, “tərbiyəsiz” deyib əzərlər. Heç kimə dərdini deyə bilməzsən.
- Bəs Şəhriyar Məmmədovu, Teymur Rəcəbovu niyə əzmirlər?
- Şəhriyar da, Teymur da hörmətə layiq şəxslərdir. Bizdə belə bir şey var. Gərək adamın lobbiçisi olsun. Şəhriyarın atası şahmatçıdır. Onu qaralayanda atası həll edir. Yaşlı nəsildəndir. Öz nəslinin fırıldaqlarını bilir və oğlunu vəziyyətdən çıxarır. Kiminsə yoxdusa, hakim elitada səni əzərlər və heç baxmazlar dövlətə lazımsan ya yox.
Teymur Rəcəbov 14 yaşında ikən dünyanın ən gənc qrossmeysteri olma rekordunu yeniləmişdi və şahmat vunderkindi hesab olunur. Yüksək səviyyəli şahmatdakı ilk nailiyyətini 2003-cü ildə Harri Kasparovu Linaresdə qara fiqurlarla udaraq əldə edib. Bu qarşılaşma həmin il Linaresdə ən yaxşı oyun mükafatına layiq görülüb. Bu nəticəyə görə Rəcəbov şahmat tarixində dünya birincisini məğlub edən ən gənc şahmatçı hesab olunur. Uşaq ikən səndən çox şey tələb olunmur. Onsuz da sözəbaxan olursan. Lakin bakılı Teymur yaxşı bilir ki, bütün uğurları boş şeydir, onu hər an əzə bilərlər, gərək arxası olsun. Ona görə də  2011-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə xanım ilə ailə həyatı qurub. Yeri gəlmişkən, Teymurun sponsuru Azərbaycan Dövlət Neft Şirkətidir. Orta əsrlər tarixindən öyrəndiyimiz “nigah diplomatiyası”.
- Bəs bu cənab Həşimovun ermənilərin komandasında olması nə məsələdir?
- Bu da başqa dərd. Corc Oruelin “1984” əsərində olduğu kimi, muharibədən iyrənc istifadə... Bizdə kimdənsə xoşun gəlmirsə, onun bir sözündən, fotosundan bəhanə kimi istifadə edib ermənilərə yaxın kimi göstər, vəssalam. Hələ güclüsənsə, bunu mediada geniş işıqlandır, həmin adamın üzərində çamur qalmasa da ləkəsi qalacaq. Propaqanda ilə elə ediblər ki, kütlə erməniyə salam verəni düşmən sayır. Lakin hər kəs özü bunu edə bilər. Bu sovet eqoist təfəkkürüdür - özündən başqa hər kəsdə qüsur axtarma sindiromu. Sovetin yaratdığı yeni insan modeli mentalitet və xurafatlaşdırılmış islam ilə pərdələnib, hər cür əclaflığı edə bilir. Bu təfəkkür şəxsiyyəti öldürüb, ikiləşmiş ruhu ilə natamam şəxs yaradır.
Vüqar bir ispan klubunda oynayıb, həmin klubun fəxri prezidenti Kasparovdur. Bir ispana necə deyə bilərsən ki, Kasparov erməni olduğuna görə alçaqdır. Adama deyərlər, o bakılı Kasparov dünya tarixinə düşmüş şahmatçıdır. Üstəlik, hərbçi deyil. Hələ bir də Rusiyada Putinə qarşı rus demokratlarla azadlıq mübarizəsi aparan ziyalıdır. Nə erməni? Nə azərbaycanlı? Bir avropalı məsələyə azərbaycanlılar Mərkəzi Afrika Respubilikasında olanlara baxan kimi baxır. Mərkəzi Afrika Respublikasında hazırda 1,5 milyon insan aclıqdan əziyyət çəkir və ölkə soyqırım təhlükəsi ilə üzləşib. Hələ üstəlik Kasparov erməni millətçiliyinə hər zaman qarşı çıxıb və 1990-cı ildə Bakıda rus ordusunun törətdiyi 20 Yanvar qətliamı ilə bağlı yaradılmış büdcəyə yardım edib. 
- Bir də buna bax, şoka düş...
- Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov müsahibəsində bildirib: “Harri Kasparov Bakıda keçiriləcək Olimpiadada iştirak etmək niyyətini bizə bildirib. Kasparov Azərbaycanın yetişdirməsidir. Ümumilli lider Heydər Əliyev ona lazımi köməklik edib. Harri heç vaxt bunu danmayıb” Bunu deyən Vüqarı Kasparova - erməniyə salam verməkdə ittiham edirdi.
- Bəs Fedarasiya nə deyir buna? Necə əsaslandırıb öz mövqeyini?
- Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Vüqar Həşimovun irəli sürdüyü ittihamlarla bağlı bunları deyib: “O təkcə məni ittiham eləmir. O, Azad Rəhimovu da ittiham edir, ola bilsin Elman Rüstəmovu da ittiham edir. Məni də ittiham edir. Çünki bunu təkcə mən söyləməmişəm. Bunu həm Azad Rəhimov, həm Elman Rüstəmov söyləyib. Bütün bu fikirləri onun beyninə digər adamlar salır. O, federasiyaya dəvət olunub, mən bilirəm. Azərbaycan yığmasında oynamaq böyük şərəfdir. Tutaq ki, onu dəvət eləmək federasiyada kiminsə yadından çıxıb, məncə o, federasiyanın nəinki qapısını, bacasını döyməliydi, maraqlanmalıydı ki, məni niyə görə dəvət eləmirsiz? Yenə deyirəm ki, məncə, Vüqar Həşimov özü bu fikirləri söyləmir, yəqin kimsə ona bu fikirləri aşılayır”. 
Əziz Mika, nəticə budur. Birincisi, sovet nəsli biz gənclərə şəxsiyyət kimi baxmır, yəni onun fikri ola bilməz, kimsə öyrədir deyir. İkincisi, yüksək çinli iki dövlət məmurunun da övladları yaşında olan bir gəncə qarşı şiddətli müharibəsini etraf edir. Üçüncüsü isə, deyir, o, bizim yadımızdan çıxa bilər. Yəni ki, Vüqarlar, siz kimsiz?! Bizim unuda biləcəyimiz kölələr. Siz gəlib yalvarmalısız biz feodallara...
- Sən yalnız problemləri deyirsən... Bəs çıxış yolu yoxdur?
- Biz bir haqsızlığa məruz qalmış adamın həyatından danışır və cətinliklərinin səbəblərini müzakirə edirik. Ortada insan faciəsi var. Bu halda həqiqəti gizlətmək öz ölümünü imzalamaq deməkdir. Bəzən elə bilirlər həqiqəti demək və ya pis reallığı dəyişmək cəhdi insanı ölümə sürükləyir. Bəli, ola bilər, təhlükəli işdi bu. Amma o halda qəhraman kimi ölüm varsa, həqiqəti gizlədəndə və ya pis reallıqla hesablaşanda alçaldılaraq öldürülmə gözləyir insanı.
Yaxşılara gəlincə, prezident İlham Əliyev Vüqar Həşimova ev hədiyyə edib. İlk başda dövlət tərəfindən dəstək olub ona. Ümumiyyətlə, mən onun dediklərinin əsasında yazıram bunları. Sənə müsahibəsinin linkini göndərəcəm. Görəcəksən ki, dövlət ilə vətəndaş arasında necə çəpər çəkmək olur. Sadəcə qorxuram ki, sən də Yaponiyada bu Azərbaycan standartların tətbiq edəsən. 
Azərbaycanımızın tək çıxış yolu var: sovetin bizə sıradığı mövcud təfəkkürdən, sovet mentalitetindən, sovet islamından, sovet idarəçiliyindən və sovet təhsilindən xilas olmaq!
Biz 100 il çar Rusiyasının müstəmləkəsi olanda, nə də əvvəlki işğallar zamanı şəxsiyyət ikiləşməsi terroruna məruz qalmamışıq. 70 illik Sovet imperiyasının tərkibində olduğumuz zaman ziyalılarımızın, dəyər daşıyıcılarımızın, azad ruhlularımızın məhvi ilə başlayan proseslər nəticəsində yeni insan modeli yaratma prosesi 1970-ci ildə başa çatdı. Sovet insanı (yeni insan modelinin şərti adı) bilikli, amma təhsilsiz, dəyəri olan, amma ona əməl etməyən, ağıllı, amma məntiqsiz, rəhbər, amma dövlətsiz bir insandı. 
Biz mövcud zehniyyətdən insanlarımızı xilas etməyə çalışırıq. O istiqamətdə illərdir savaşırıq. Və bu yolumuzdan dönüb başqa eşqə düşməmişik. Heç düşməyəcəyik də. Bundan əmin ol!..



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR