İnsanlara hürriyət, millətlərə istiqlal!

950 min vətəndaşı sevindirən sərəncamlar, 1 milyard manat vəsait...

4545 20.06.2019 08:15 Gündəm A A

Orta əmək haqqı 40 faiz artmaqla 367 manat olacaq; minimum pensiyanın məbləği 160 manatdan 200 manata çatdırılacaq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlarla Azərbaycanda minimum əmək haqqının məbləği sentyabrın 1-dən 250 manata qaldırılıb.

Eyni zamanda  Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı,  Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu,  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Elmin İnkişafı Fondunda çalışan rəhbər və digər işçilərin, həmçinin dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır.

Digər sərəncamlarla isə dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əmək haqqı sentyabrın 1-dən 20 faiz artırılacaq.

Bununla yanaşı, prezident sərəncamlarına əsasən sentyabrın 1-dən Xüsusi Dövlət Mühafizə Xidmətinin, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin  hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşları, həmçinin Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının  aylıq pul təminatı vəzifə maaşları orta hesabla 40 faiz həcmində artırılır.

Nazirlər Kabinetinə Maliyyə Nazirliyinin təklifləri əsasında bu qurumların dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə bağlı təkliflərini beş gün müddətində Prezidentə təqdim etmək tapşırılır.

Prezidentin daha bir sərəncamına əsasən Mərkəzi Seçki Komissiyası sədrinin maaşı 3060 manata, sədrin müavininin maaşı 2845 manata, katibin maaşı 2110 manata, sıravi üzvlərin maaşı isə 1920 manata çatdırılır.

950 min nəfərədək insanın əmək haqqı artacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, minimum əmək haqqının artımı birbaşa olaraq  950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq: “Artımdan sonra Azərbaycanda minimum əmək haqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) ikinci yerdə qərarlaşacaq”.

Bundan əlavə, minimum əmək haqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əmək haqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

600 min nəfər daha çox pensiya alacaq

Qeyd edək ki, Prezident İ.Əliyevin təşəbbüsü ilə “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik olunmasını nəzərdə tutan layihə hazırlanıb və Milli Məclisə təqdim olunub. Təklif edilən dəyişikliyə görə, Azərbaycanda minimum pensiyanın məbləği bu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.

ƏƏSMN-dən “Yeni Müsavat”a bildirildiyinə görə, minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il  (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Xatırladaq ki, bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi: “Beləliklə, təkcə bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləğində 72,4 faiz artım edilməklə, bu məbləğin 116 manatdan 200 manata çatdırılması təmin olunub”.

Prezidentin imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əmək haqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir.

ƏƏSMN bildirir ki, sərəncam onların orta aylıq əmək haqqının 605 manata çatmasına imkan verir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, cari il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.

Dövlət büdcəsinə dəyişiklik edilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial  təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən son qərarlar ümumilikdə iki milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. İcraçı direktor əlavə edib ki, prezidentin ilin əvvəlindən həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan artıqdır.

Vüsal Qasımlı ile ilgili görsel sonucu

Vüsal Qasımlı

V.Qasımlının fikrincə, bu ilin əvvəlindən etibarən prezident tərəfindən qəbul edilən qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyllərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermişdisə, hazırkı sərəncamlar əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq: “Əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına və beləliklə, multiplikator effekti ilə iqtisadiyyatın digər sferalarına da öz töhfəsini verəcək”.

Hadı Rəcəbli ile ilgili görsel sonucu

Hadı Rəcəbli

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bildirir ki, prezidentin atdığı addımların mərkəzində vətəndaş dayanır: “Prezident İlham Əliyev dəfələrlə 2019-cu ili ”Sosial müdafiə ili" adlandırıb. Xatırlayırsınızsa, bu ilin əvvəlində minimum əmək haqqının məbləği 130 manat idi. Dövlət başçısının minimum aylıq əmək haqqının artırılması haqqında sərəncamı ilə bu, 250 manat, başqa sözlə, iki dəfə oldu. Azərbaycan hökumətinin atdığı addımların hər birində vətəndaş ön planda olur".

H.Rəcəbli bildirib ki, Milli Məclisdə bir sıra qanunlara dəyişiklik ediləcəyi gözlənilir: “Yəni prezidentin bundan sonra da bir sıra mühüm addımlar atacağı istisna deyil. Düşünürəm ki, bu cür müsbət addımlar ilin sonuna qədər vaxtaşırı atılacaq. Bütün bunlar vətəndaşın güzəranının yaxşılaşmasına xidmət edir. Qeyd etmək istəyirəm ki, pensiyaların da artımı gözlənilir. Beləliklə, Prezident İlham Əliyev xalqa verdiyi vədlərini yerinə yetirir” (Report).

H.Rəcəblinin APA-ya verdiyi müsahibədən isə aydın olur ki, əməkhaqlarının artırılması ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində dəyişiklik ediləcək. Büdcəyə dəyişikliyə nəzərdə tutan layihə bu gün Milli Məclisin sosial siyasət komitəsində müzakirəyə çıxarılacaq və Milli Məclisin növbədənkənar sessiyasının iclasına tövsiyə olunacaq: “Əməkhaqlarının artımı ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmamışdı. Bu artımlar əlavə imkanlar hesabına həyata keçirilir. Prezidentin apardığı struktur dəyişiklikləri nəticəsində əldə olunan əlavə gəlirlər hesabına bu maliyyələşmə təmin olunur. Bu da prezidentin gördüyü işlərin nəticəsidir. Bununla bağlı dövlət büdcəsində də dəyişikliklər ediləcək”.

“Bunlar düşünülmüş sosial siyasətin tərkib hissəsidir”

İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, verilən qərarlar populist addım olmayıb, Azərbaycan hökumətinin, xüsusilə də ölkə prezidentinin düşünülmüş sosial siyasətinin tərkib hissəsidir: “Xatırlayırsınızsa, fevral ayında hökumət üzvləri ilə görüşündə prezident bildirmişdi ki, artımlar davamlı olacaq, bu barədə hökumət tərəfindən müvafiq araşdırmalar, təhlillər aparılır. Yəni bu son qərarlar hökumətin hərtərəfli düşünərək, planlaşdıraraq atdığı addımlardır. Azərbaycan dövlətinin mövcud maliyyə imkanları baxımından, bu artımların yaradacağı əlavə xərcləri qarşılamaq problem olmayacaq. İndiyədək əldə olunan gəlirlərin mühüm bir hissəsi infrastruktur layihələrinin icrasına sərf olunurdu. Bu sahədə böyük işlər görüldü. İndi isə vəsaitlərin daha çox hissəsinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsinə imkan yaranıb”.

İqtisadçı-ekspert Pərviz Heydərov ile ilgili görsel sonucu

Pərviz Heydərov

İqtisadçının fikrincə, artımlardan sonra hökumət istehlak qiymətlərində mümkün artımların qarşısını almağa xüsusi diqqət yetirməlidir: “Düşünürəm ki, dövriyyəyə builki artımlar nəticəsində daxil olan 3 milyard manatlıq əlavə vəsaitlərin inflyasiyaartırıcı təsirlərini neytrallaşdırmaq, yaxud minimuma endirmək mümkündür və hökumət bunu edəcək də”.

P.Heydərov hesab edir ki, sosial paketin icrasına yönəldiləcək vəsaitlərin mənbəyi kimi kölgə iqtisadiyyatına qarşı aparılan mübarizənin müsbət nəticələri çıxış edəcək: “Vergi və gömrük sahəsində həyata keçirilən şəffaflaşdırma tədbirləri, xüsusilə də kölgə iqtisadiyyatının azaldılmasına yönəlik addımlar ciddi müsbət nəticələr verməkdədir. Bir iqtisadçı kimi mən özüm belə yüksək nəticələr gözləmirdim”.

Ekspert qeyd edir ki, prezident sərəncamlarındakı artımları təmin etmək sahəsində hökumət hansısa çətinliklə üzləşməyəcək: “Ölkənin gəlirlərinə təsir edəcək xarici faktorlar da mövcud deyil. Əvvəla, bu ilin büdcəsi elə hesablanıb ki, büdcə gəlirlərinin təmin olunmasında neftin qiymətindən asılılıq minimum səviyyədədir. İkinci tərəfdən də, Azərbaycanda büdcə gəlirlərinin təmin olunmasında hansısa problem neftin dünya bazar qiyməti 50 dollardan aşağı düşəcəyi şəraitində mümkündür ki, mövcud beynəlxalq konyuktur, bazara təsir edən amillərin təhlili bu ilin sonunadək belə azalmanın olmayacağını göstərir. Növbəti ilin büdcəsinə gəlincə, yəqin ki, onu da hökumət büdcə xərclərinin təmin olunması ilə bağlı hərtərəfli analizlərdən sonra tərtib edəcək və bütün risklər nəzərə alınacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR