İnsanlara hürriyət, millətlərə istiqlal!

9 May qələbəsində payı olan canlı tarixlər...

1356 09.05.2019 08:10 Ölkə A A

Onlardan 400 nəfərə yaxını yaşayır və dövlət qayğısı ilə əhatə olunub

Bu gün Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümüdür. 5 illik müharibə mayın 9-da Sovet İttifaqının qələbəsi ilə başa çatmışdı. 1945-ci il mayın 8-dən 9-na keçən gecə alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzalayıb, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə yekunlaşıb. Qələbə günü bu gün də postsovet ölkələri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur.

Məlum olduğu kimi, Sovet İttifaqının müharibədə qələbə çalmasında Azərbaycandan gedən yüzminlərlə əsgər və hərbçilərin, o cümlədən Bakı neftinin böyük payı olub. Ölkəmiz 300 min nəfərdən artıq itki verib. 1941-1945-ci illərdə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq  göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 5 il ərzində Azərbaycandan 600 mindən azərbaycanlı qadın və kişi cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. Həmvətənlərimizin 130 nəfərdən çoxu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.  İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları  bu müharibədəki qəhrəmanlığı ilə adını tarixə yazıb.

Bu müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Neftçilərimizin fədakarlığı sayəsində Bakı cəbhəni və sənayeni yanacaqla təmin edirdi. Bu illərdə Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmişdi. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdu. O cümlədən akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı.

Hər il 9 may Qələbə günü ərəfəsində dövlət başçısı və ayrı-ayrı qurumlar səviyyəsində Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilir, onlara dövlətin diqqət və qayğısı əsirgənmir.

Fazil  Talıbov ile ilgili görsel sonucu

İkinci Dünya müharibəsi iştirakçılarının sosial təminatı sahəsində görülən işlərlə bağlı “Yeni Müsavat”a danışan  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil  Talıbov bildirdi ki, hazırda onların sayı 400 nəfərə yaxındır: “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndilməsi istiqamətində ötən dövrdə ölkəmizdə mühüm addımlar atılıb. Azərbaycanda hazırda 400 nəfərə yaxın İkinci Dünya müharibəsi iştirakçısı var, onlardan 250 nəfəri İkinci Dünya müharibəsi əlilləridir. Bu kateqoriydan olan vətəndaşların sosial təminatı diqqətdə saxlanılır”.

F.Talıbovun sözlərinə görə, dövlət başçısının 15 aprel tarixli fərmanı ilə baş tutan artımlar İkinci Dünya müharibəsi iştirakçılarına da şamil edilib: “Prezident cənab İlham Əliyevin müvafiq fərman və sərəncamı ilə 1941-1945-ci illər İkinci Dünya müharibəsi əlilləri və digər iştirakçıları Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə təmin edilirlər və ötən dövrdə bu təqaüdlərin dəfələrlə artırılması təmin edilib. Dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən, müharibə əlillərinin, o cümlədən  İkinci Dünya müharibəsi əlillərinin də təqaüdləri aprelin 1-dən ciddi şəkildə artırılıb. Belə ki, onlardan  I dərəcə əlilliyi olanlar üçün təqaüdün məbləği 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb.  I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün isə 15 aprel 2019-cu il tarixli digər fərmanla 50 manat  aylıq təqaüd təsis edilib.  İkinci Dünya müharibəsinin digər  iştirakçıları üçün  Prezidentin aylıq təqaüdü 15 aprel 2019-cu il tarixli sərəncamla 150 manata çatdırılıb.  Həmin təqaüdlə bərabər, İkinci Dünya müharibəsi veteranları əmək pensiyası ilə təmin edilirlər. Onların əmək pensiyası təyin edilərkən əlavə də hesablanıb”.

Nazirlik rəsmisi bildirdi ki, hər il Qələbə günü ərəfəsində dövlət başçısının müvafiq sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçıları, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər və b. birdəfəlik maddi yardımla təmin olunurlar. 23  aprel 2019-cu il tarixli sərəncamla da 400-ə yaxın İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, qalanlarına, yəni sərəncamda nəzərdə tutulan digər kateqoriyadan olanların - 8,9 minə yaxın şəxsin hər birinə 500 manat məbləğində birdəfəlik maddi yardım verilib.

F.Talıbovun sözlərinə görə, ötən dövrdə həmçinin  İkinci Dünya müharibəsi əlillərinin mənzil və minik avtomobili ilə təminatı da həyata keçirilib: “Belə ki, bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 102 nəfər İkinci Dünya müharibəsi əlilinə  mənzil, bu təbəqədən olan 1117 nəfər şəxsə minik avtomobili təqdim olunub. İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi sahəsində və digər sahələrdə də məqsədyönlü tədbirlər görülür, onların bərpa müalicəsi, sanator-kurort yollayışları, ehtiyac duyduqları zaman evlərində sosial xidmətlərlə təminatı  və digər istiqamətlərdə işlər aparılır”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR