9 il əvvəl atasını öldürən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. O, qətli törədəndən sonra psixi xəstəliyə tutulduğu üçün müalicəyə göndərilib. İndi səhhəti normallaşdığı üçün işinə yenidən baxılıb.
Musavat.com xəbər verir ki, atası Şaban Yaqubovu balta ilə vuraraq qətlə yetirmiş Sumqayıt şəhər sakini Azər Yaqubov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
2009-cu ildə məhkəmə Azər Yaqubovu psixi xəstəliyinə görə məcburi müalicəyə göndərmişdi. Qanuna görə, onun səhhəti normallaşdığı üçün barəsində olan cinayət işi üzrə yenidən məhkəmə istintaqı aparılmalıdır.
A.Yaqubov barəsində cinayət işinə hakim Cavid Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmünə əsasən A.Yaqubov 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şübhəli şəxs kimi saxlanıldığı 2009-cu ildən hesablanıb.
İttihama görə, Azər Yaqubov atasını yatmış, köməksiz vəziyyətdə qətlə yetirib. Hadisəyə səbəb isə Azərin işləməməsi olub. Belə ki, atasının onu tez-tez danlamasını bəhanə gətirərək onu öldürməyi planlaşdırıb. Bu məqsədlə də atasını yatan zaman balta ilə 3 dəfə vuraraq qətlə yetirib.
Azər Yaqubov ittihamla özünü təqsirli bilib və əməlini etiraf edib. İş üzrə zərərçəkmiş kimi mərhumun qızı və digər oğlu tanınıb. Onlar şikayətçi olmadıqlarını deyiblər.
İlkin Muradov
Musavat.com






