Elşad Musayev: “Son 200 ildə xalqımız həmrəylik şəraitində belə uğura nail olmamışdı, müharibə getdiyi müddətdə kimin əlində nə resursu var idisə səfərbər etmişdi”
Qarşıdan tarixi Zəfər Günü gəlir. Bu, dünya azərbaycanlılarının həmrəyliyində ikinci belə mühüm təqvimdir. Bəlkə də son 30 il dünya azərbaycanlıları bu səviyyədə həmrəy olmamışdı. Amma bizi zəfərə aparan yolda 2020-ci ilin 27 sentyabrından elə bir azərbaycanlı olmadı ki, həmrəylik nümayiş etdirməsin. İstər dünyanın dörd bir yanında yaşayan soydaşlarımız, istər öz vətənimizdə olan insanlarımız - dini, milli və siyasi mənsubiyyətindən asılı olmayaraq Zəfər yolunda həmrəylik göstərdi.
“Yeni Müsavat” bildirir ki, qələbəyə aparan 44 günlük mübarizədə nə bir müxalifətçi, nə iqtidarın siyasətindən küsənlər, nə mühacirətə köçənlər fərqli davrandılar, hamılıqla Qarabağ üçün həmrəylik nümayiş etdirildi. Ölkənin 55 siyasi partiyası - iqtidar və müxalifətli birgə bəyanatın altına imza atdılar, dövlət və xalq naminə, bütün vətəndaş cəmiyyəti üzvləri, hakimiyyətə ən sərt mövqedə dayanan tənqidçilər belə dövlət və Ordu ilə həmrəy oldular. O baxımdan 8 Noyabr təkcə Zəfər Günü yox, həm də dünya azərbaycanlılarının növbəti həmrəyliyi günüdür.
Bu şanlı zəfərə gedən 44 gün ərzində arxa cəbhədə hər kəs gücü çatan dəstəyini verdi, xaricdə yaşayan soydaşlarımız, Azərbaycanda olan imkanlı şəxslər Silahlı Qüvvələrin Yardım Fonduna əllərindən gələn köməyi əsirgəmədilər. Təbii ki, dövlətin resursları Ordumuzun hər cəhətdən təchizatı üçün kifayət edirdi, sadəcə, xalq da dövlətə dəstəyini, həmrəyliyini göstərirdi. Bu, qürurverici tarix idi. Çünki ayrı-ayrı vaxtlarda fikirləri toqquşan, bəzən bir-birinə ən ağır ifadələri işlədən siyasətçilər, habelə sosial şəbəkələrdə didişən fəallar, cəmiyyətin müxtəlif təbəqələrinin üzvləri indi bir qardaş kimi olmuşdular, çiyin-çiyinə dayanmışdılar. Bu, bizim həmrəy ola bilməyi bacardığımızın göstəricisi idi.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, son 200 ildə xalqımız həmrəylik şəraitində belə uğura nail olmamışdı. Onun sözlərinə görə, Xalq hərəkatı dövründə də millətin birliyi olub, ayrı-ayrı dövrlərdə də xalq vəhdət halına gəlib, amma belə nailiyyət indiyə qədər əldə edilməyib: “Müharibənin getdiyi bu müddət ərzində kimin əlində nə resursu var idisə səfərbər etmişdi. Mən deyərdim ki, təkcə orduların yox, iki xalqın mübarizəsi gedirdi və ermənilərin arxasında məkrli qüvvələr dayanmışdı. Lakin xalqımızın və ordumuzun birliyi bu savaşda qələbəyə gətirib çıxardı, həmrəyliyimiz erməni faşizminin başını əzdi”.

Elşad Musayev
E.Musayev hesab edir ki, milli həmrəyliyin əldə olunması zəfərə gedən yolda əsas məsələlərdən biri idi. Onun sözlərinə görə, siyasi partiyalar da dövlətə və orduya dəstək verdilər, siyasi intriqalar kənara qoyuldu, bütün dünya şahid oldu ki, Azərbaycanda hansı həmrəylik mövcuddur.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, Vətən müharibəsinin qazisi, baş leytenant Nəsimi Şərəfxanlı qeyd etdi ki, Zəfər Gününə gedən yolda xalq və dövlət arasında birlik əldə olunması ən vacib şərtlərdən biri idi. Onun sözlərinə görə, müharibənin getdiyi dönəmlərdə içimizə nifaq salmaq istəyən düşmən qüvvələrin çağırışları da sabun köpüyünə çevrildi və ölkədə milli mənsubiyyətindən asılı olmayaraq hər kəs Azərbaycan vətəndaşı kimi işğala son qoyulması üçün fədakarlıq göstərdi: “Ölkədə talışı, ləzgisi, avarı, türkü - hamı bir oldu, şəhid oldu, qazi oldu. Bu həmrəylik siyasi palitrada da əldə edildi. Bütün siyasi qüvvələr dövlətin və ordunun yanında dayandılar, siyasi mübarizəyə fasilə verdilər, heç bir kənar çağırışlar olmadı, hamı yumruğunu bir nöqtəyə vurdu. Bu baxımdan milli həmrəyliyin möhtəşəm nümunəsini yaşadıq. Xalq və siyasi qüvvələr sübut etdi ki, Azərbaycanın milli maraqları naminə hər zaman birləşməyə hazırdırlar”.

Nəsimi Şərəfxanlı: “Bizi döyüşdən-döyüşə irəli aparan həm də arxa cəbhədə xalqın həmrəyliyi, verdiyi ruh idi, bu birlik indi də davam edir”
N.Şərəfxanlı bildirdi ki, onları döyüşdən-döyüşə irəli aparan enerji həm də arxa cəbhədə xalqın həmrəyliyi, verdiyi dəstək, ruh idi: “Bu gün də millətimiz qazilərə, şəhid ailələrinə dəstək verməkdədirlər. İnsanlar Yaşat Fonduna onların problemlərinin həlli üçün yardımlar göndərir, yəni milli həmrəyliyimiz 10 noyabrdan sonra da davam edir. Xalq sübut etdi ki, ona heç kəs Qarabağı unutdura bilməz və işğalla heç vaxt barışmayacaqdı. Ona görə milli həmrəyliyi həm cəmiyyətdən, həm siyasi partiyalardan gördük.
Hərbçi arxa cəbhədən arxayın olanda daha böyük güclə, həvəslə döyüşür. Bu həmrəyliyi ən kiçik elementdə belə görmək olardı, məsələn, cəbhə bölgəsinə yaxın kəndlərdə yaşayan insanların dəstəyindən, onların əsgərlərimizə münasibətindən, yəni hər kəs gücü çatan köməkliyi etməyə çalışırdı. Və bu 44 gündə xalq demədi ki, şəhidlərimiz var, döyüşü dayandırın, əksinə, Qarabağı azad edənə qədər irəliyə səslədilər. Bu idi bizi güclü edən..."






