Ötən gün 8 ildən sonra ilk dəfə “Best model of Azerbaijan” müsabiqəsi baş tutub.
Musavat.com xəbər verir ki, şəhər otellərin birində keçirilən gecə saat 19:00-da başlayacağı deyilsə də, 2 saat gec başlayıb. Tanınmışların az iştirak etməsi, insanların çox olması ilə bağlı yaranan sıxlıq, iştirakçıların dəhlizdə qaçaqaçla hazırlaşması və təşkilatçılığın zəif olması diqqət çəkib.
Gecənin aparıcılığını Samir Bayramov edib. Münsif kürsüsündə əməkdar artist Tünzalə Ağayeva, müğənni Zamiq Hüseynov, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, modelyer Afaq İsmayılzadə, xoreoqraf Syama Həsənova və başqalarının yer aldığı yarışmada 60 nəfər podiuma çıxıb. Onlar dizaynerlərin kolleksiyasını eksklüziv olaraq nümayiş ediblər.
Dəfilədə müğənni Elnur Hüseynov səhnəyə çıxaraq öz sevilən mahnılarını səsləndirib.
Münsiflər heyətinin qərarı ilə Şakir Əhmədzadə və Aygül Səfərova yarışmanın qalibi seçiliblər. Qaliblər dekabrın ilk həftəsi İstanbulda keçiriləcək “Best model of the world – 2018”də ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, layihənin milli və beynəlxalq direktoru Aqil Məmiyev, direktoru Pərviz Əzimzadə, baş prodüseri Rəna Sultanova, rəsmi partnyoru Ləman Mirtalıblıdır.
Könül İbrahim,
Musavat.com,
Fotolar Elçin Əkbərovundur.






