BMT Əfqanıstandakı gərgin vəziyyətlə bağlı həyəcan təbili çalıb. Azvision.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, son 72 saatda Qəndəhar əyalətində ən az 20 uşaq öldürülüb, 130-u isə yaralanıb.
Hostda iki uşaq, Paktiya əyalətində 5 azyaşlı qətlə yetirilib, üç uşaq müxtəlif bədən xəsarətləri alıb.
"Bunlar sadəcə rəqəmlər deyil. Hər bir ölüm və hər bir fiziki əzab hadisəsi faciədir. Müharibə aparan tərəflər bu uşaqların müdafiə hüququnu kobud şəkildə pozublar və beynəlxalq hüquqa laqeyd yanaşıblar”, - BMT Uşaq Fondunun açıqlamasında bildirilir.
UNİCEF daha çox azyaşlının döyüşlərə cəlb edildiyi barədə xəbərlərdən də narahatdır.
Qeyd edək ki, BMT, son bir ay ərzində Helmand, Qəndəhar və Herat əyalətlərinə olan hücumların ən az min insanın ölümünə səbəb olduğunu açıqlayıb. BMT-nin Qaçqınlar Bürosu (UNHCR) İrandan Əfqanıstanla sərhəddə yerləşən Milak keçid məntəqəsini bağlamamağı xahiş edib ki, əfqanların həyatı üçün təhlükə yaranacağı təqdirdə onlar qonşu ölkəyə sığınsınlar.
Xatırladaq ki, ilin əvvəlindən bəri 244 min, may ayından isə bəri təxminən 400 min əfqan evini tərk edərək ölkənin digər bölgələrinə sığınmaq məcburiyyətində qalıb.






