- Keçən il sizinlə 6 yaş müsahibəsi edəndə də bu redaksiyada idiniz, indi də. O vaxt da ən böyük arzunuz öz ofisinizə köçmək idi... APA-nın həyatında son bir ildə dəyişməyən ancaq bu məqamdır?
- Yox, o məqam APA-nın həyatında artıq dəyişib. Çünki biz ofis problemimizi həll etmişik. Düzdür, hələlik burdayıq, amma yəqin ki, gələn ad günümüzü yeni ofisimizdə qeyd edəcəyik. Doğrudur, bu da bizim öz ofisimiz deyil. Amma daha geniş ofisə köçəcəyik. Təbii ki, öz ofisimizin olması ilə bağlı arzum hələ də qalır. Amma APA-nın həyatında ötən bir il ərzində çox şeylər dəyişdi, yeniliklərə imza atdıq. Beynəlxalq əlaqələri xeyli genişləndirmişik, kollektivimizin professionallaşması istiqamətində müəyyən addımlar atırıq. Bu il bizim qrupda yeni internet dərgi fəaliyyətə başladı. Dayanmadan dinamik şəkildə müəyyən işlər görüldü. Saytımız müasir informasiya texnologiyalarına uyğunlaşdırıldı, şirkətimiz qrup şəkilində fəaliyyətə başladı.
- 7 rəqəminin fəlsəfəsi dərindir. APA üçün 7 yaş nə deməkdir bəs?
- Rəqəmlərlə bağlı xüsusi yanaşmam yoxdur. Amma biz 7 il əvvəl APA-nı yaradanda düşünmüşük ki, elə qurum yaratmalıyıq ki, biz olmayanda da 77, hətta 700 il yaşasın. Biz fəaliyyətə 7 nəfərlə başladıq. Bu illər ərzində xeyli işlər görmüşük. Eyni zamanda yaxşı imzaları da sayta cəlb etmişik. Yadımdadır ki, fəaliyyətə başlayanda sayta jurnalistlərin cəlb olunması ilə bağlı problemlərimiz var idi. Amma hesab edirdik ki, bu, müvəqqəti problemdir. 7 il ərzində buna da nail olduq və APA ilə Azərbaycan mətbuatında yeni bir mərhələ başladı.
- Oxucuda elə təəssürat yaranır ki, son zamanlar APA-nı arxa plana atmısız. Çünki APA-da dəyişən bir şey yox, ağırlıq isə qardaş layihələrə - kulis.az, lent.az-a verilib...
- Mənim üçün APA hər zaman birinci olaraq qalacaq. Onu heç bir layihə əvəz edə bilməz. Bir brend olaraq APA-nın Azərbaycan mətbuatındakı yeri ilə digər layihələrin yerini müqayisə etmək olmaz. Amma ümumiyyətlə, bu gün internet oxucu daha çox sərbəst xəbər istəyir. Tutaq ki, həm oxumaq, həm düşünmək, həm də əyləncə istəyir. O baxımdan ola bilər ki, oxucunun lent.az, kulis.az-a marağı artıb. Amma APA-nın istifadəçilərinin sayı stabildir. APA-ya normal xəbər tələbatını ödəmək istəyən oxucular az müraciət edirlər, onlar daha çox alternativ layihələrdən xəbər alırlar. APA-da xəbərə mühafizəkar yanaşırlar. Burada yazılan xəbər oxucu üçün yox, müştəri üçün nəzərdə tutulur. Amma oxucunun sayı internetdə hər gün artdığı üçün rəngarəng proyektlər etməyə məcburuq. Əlavə müəlliflər cəlb etmək, bir az onlara diqqəti artırmaq da vacibdir. O mənada müşahidələriniz sizi yanıltmayıb.
- Yeni layihə demişkən, kulis.az-a Qan Turalını gətirməniz bəzi çevrələrdə müxalifət mətbuatının sıralarını seyrəltmək cəhdi kimi də qiymətləndirildi. Bunu media layihəsindən çox siyasi layihə olaraq dəyərləndirənlər oldu.
- Kulis.az ədəbiyyat layihəsidir. Ədəbiyyat adamları isə hər şeyə müxalif olurlar və bu, təbiidir. Bu gün orada yazanların bir çoxu zamanında və elə indi də öz düşüncələrinə görə mənə müxalif olan adamlardır. Amma bu, siyasi layihə deyil. Sadəcə hesab etdim ki, bu sahədə bir boşluq var və uğurlu layihə qoymaq olar. Bazarda onun tezliklə uğur qazanacağına inanırdıq. Orada yığışan yazarlara gəlincə, mən ancaq Turalı dəvət etmişəm. Digər layihə üzvlərini isə Tural cəlb edib. İstəmişəm ki, layihənin tirajlı olması üçün orada yazanlar da tirajlı insanlar olsunlar. Gələcəkdə də hansı düşərgədə olmasından asılı olmayaraq gəlib özünü doğruldacaqsa, biz o adamları yenə dəvət edəcəyik. Ümumiyyətlə, bizim şirkətdə insanları işə dəvət edəndə onların siyasi mənsubiyyəti ilə maraqlanmırlar.

- APA-nın rəqibləri hər il artmaqdadır. Onlarla başa çıxmaq çətindirmi?
- Rəqibin olması stimuldur. Rəqabət insanı formada saxlayır. Rəqib rəqibdir. Bu ölkədə fəaliyyət göstərən ən az tirajlı informasiya agentliyindən tutmuş, özünü ən böyük tirajlı hesab edən informasiya agentliyinə qədər hamısı bizim rəqibimizdir. Onların olması bizi sevindirir, stimul artır.
- İnformasiya mənbələri sarıdan APA-ya hər zaman qibtə ediblər. Amma deyəsən, sizə də son zamanlar embarqo qoyanlar var. Səbəb nədir?
- Bizim ümumiyyətlə, informasiya almaqla bağlı çətinliyimiz olub. Düzdür, bəzi insanlar hesab edirdilər ki, APA-ya informasiya verməklə bütün mətbuata, ictimaiyyətə fikirlərini ötürə bilirlər. Bu baxımdan insanlar informasiyalarının tez və bir əldən yayılmasında maraqlı olduqları üçün APA ilə daha yaxşı əməkdaşlıq edirlər.
- APA-ya verdiyi müsahibəni müxalifət qəzetlərində görüb qəzəblənən məmurlar, hökumət adamları hələ də varmı?
- (gülür) Olur belə şeylər. APA yaranan vaxt bu cür hallar daha çox olurdu. Hətta bir dəfə bir müxalifət nümayəndəsi demişdi ki, mən hökumət qəzetlərinə müsahibə verməmişəm.

- 7 ili arxada qoydunuz. Yaxın illər üçün gözləntilər, planlar, hədəflər...
- Kifayət qədər ciddi hədəflərimiz var. APA-nın dillərinin artırılmasını, yer problemini həll etməyi düşünürük. Görüntülü xəbər strukturunun genişləndirilməsi, beynəlxalq əlaqələrimizin gücləndirilməsi planlarımız sırasındadır. 2012-ci ildə APA-nın çox böyük proyekti olacaq. Amma onunla bağlı məlumat vermək istəmirəm. Çünki rəqiblər çoxalır, onlar bir layihə haqda eşidən kimi onu yaxşı, ya da pis formada həyata keçirirlər. Layihəni ilk etmək adını alırlar. Buna da təbii yanaşıram, çünki rəqabətdir.
- Artıq APA-nın fərd yox, şirkət olduğunu hamı bilirmi? Yanılmıramsa, vaxtilə redaksiyaya telefon açıb “APA bacı ilə danışmaq istəyənlər” olub.
- Olub elə şeylər. APA yeni yaranmışdı. Rayonların birinin icra hakimiyyətindən səhər-səhər zəng etmişdilər. Bir fakt göndərmək istəyirdilər. Bizim Nurşən (redaktor müavini Nurşən ) qaldırmışdı telefonu. Demişdi, elə APA-dır. Zəng edən qayıtmışdı ki, bəs dedilər, APA qadındır axı. Nurşən də demişdi ki, yox, agentlikdir. Adam israrından əl çəkməmişdi ki, yox, siz düz başa düşmədiz, mən məhz APA xanımı axtarıram. (gülür) Ona çətinliklə başa salınmışdı. Bəzən bizi AFFA ilə qarışdırırlar. Hətta bir dəfə bir idmançı zəng vurub tələb edirdi ki, tez mənə Elxan Məmmədovu tapın. Əvvəllər belə şeylər çox olub. Amma indi bilirlər ki, APA “xanım”, “bacı” deyil, şirkətdir. (gülür)






