Serbiyada yaşayan 86 yaşlı Budimirka Mladenoviç 66 ildir fasiləsiz olaraq restoranda aşbaz işləyir.
Türkiyə mətbuatının yazdığına görə, Maldenoviç bu müddət ərzində yalnız 4 gün işdən icazə alıb. Beləliklə, hələ 20 yaşında olarkən Mladenoviç cehizini yığmaq üçün resotrana işə girib və bu günə qədər ömrünü evi kimi gördüyü həmin restorana həsr edib.
Mladenoviçin dediyinə görə, bütün həyatı yemək bişirdiyi restorandakı işindən ibarətdir. Yoxsul bir ailədə dünyaya gələn Mladenoviç həmin illərdə qızların restoranlarda işləməsinin xoş qarşılanmadığını, buna baxmayaraq, ailəsindəki maddi sıxıntılar üzündən anasının təzyiqi ilə işə başladığını deyib:
“İşim mənim həyatım oldu. Gecələri “sabah nə bişirəcəm?” deyə düşünməyə başladım. Restorana gələn müştərilərin yeməkdən sonra boşqablarını boş görəndə özümü çox xoşbəxt hiss edirəm.
Uşaqlığımda palçıqdan yeməklər düzəltdiyimi xatırlayıram. Əslində insan doğularkən görəcəyi iş bəlli olur. Mən də işimi həqiqətən sevərək görürəm”.
20 il əvvəl pensiyaya çıxan Mladenoviç heç vaxt işdən ayrılmağı düşünmədiyini, müştərilərini yeməklərindən məhrum etmək istəmədiyini qeyd edib. Yaşlı qadının sözlərinə görə, onun müştəriləri arasında Yuqoslaviya prezidenti İosip Broz Tito da olub.
86 yaşlı Mladenoviç səhhətinin imkan verdiyi vaxta qədər yemək bişirməyə davam edəcəyini deyib.
Xalidə Gəray
Musavat.com






