İnsanlara hürriyət, millətlərə istiqlal!

“60 yaşımda 18 yaşda yazacağım bir şeir yazmışam” – Rüstəm Behrudi ilə yubiley söhbəti

2954 12.09.2017 09:15 Mədəniyyət A A

“Burdan-bura Qarabağı ala bilmirik, Vyetnam xalqı isə silahsız ABŞ-ı yenib“

Sentyabrın 12-də tanınmış şair Rüstəm Behrudinin 60 illik yubileyidir. Bu münasibətlə “Yeni Müsavat”ın əməkdaşı şairlə söhbətləşib:

- Hazırda kənddəyəm. Rəsmi olaraq sənədlərdə doğum günüm sentyabrın 14-ü yazılıb. Lakin ayın 12-də doğulmuşam. Beləliklə şəhərdəki səs-küydən qaçıb kəndə gəlmişəm. Doğum günüm münasibəti ilə Bakıdan 1-2 dostum gəldi, bağçamızda ağacların altında bir süfrə açdıq. Naxçıvandan da olan bir neçə ziyalı dostlarım qonaq gəldilər. Əslində yubiley münasibəti ilə heç kəsi dəvət etməmişdim. Mənim üçün çox gözəl doğum günü keçirtdilər, mən də kənardan əyləşib baxdım.

- Yubileyinizi Bakıda da qeyd edəcəksiz, ya elə kənddəki qonaqlıqla kifayətlənəcəksiz?

- Yox, kənddə yubiley keçirtmirdim. Sadəcə dostlarım, yaxınlarım bir yerə yığışıb məni təbrik etdilər, yeyib-içdilər. Qonaqlıqda hər şey var idi. Bu ad günümdən əvvəl bir məşq idi. Məşq edirdim ki, görüm doğum günüm kənddə olarsa, necə keçər. Sən demə kənddə doğum günü daha yaxşı olurmuş. Ən azından sinif yoldaşlarımı gördüm, hansı ki, 45 il bundan əvvəl məktəbdə bir yerdə oxumuşuq. Həmçinin Naxçıvandan uşaqlıq dostlarım gəldi. Onlar bildilər ki, mən kənddəyəm, yubiley qabağı bir yerə yığışdılar və çox gözəl tədbir alındı. Yeyib-içib, sonda başladılar mənə təriflər yağdırmağa ki, “sən yaxşı, böyük şairsən” və sairə. Dedim ki, bütün bu dediklərinizin hamısını bilirəm.

- Bu yubiley ömrünüzdə nəyi dəyişdi və ya dəyişəcək?

- Nəyi dəyişəcək ki... Sadəcə illər təcrübə toplayır. İndi də bu yaşda çevrilib arxaya baxırsan ki, görəsən bu illəri boşuna yaşamısan, ya yox... Qardaşım İlham mənim kitablarımdan ibarət siyahı hazırladı. Və o siyahıda mənim bu günə qədər ölkədə və xaricdə dərc olunan kitablarım var idi. Ona baxanda anladım ki, bu günə qədər boşuna yaşamamışam. Bu illər ərzində mən çox kitab çap etdirmişəm, hətta bəzilərini artıq unutmuşam. İlham qardaşımın hazırladığı bu siyahı çox xoşuma gəldi, bütün kitablarımı bir arada gördüm.

- Maraqlıdır ki, həmin siyahı “Bu ömür ən qəmli kədərli nəğmə” adlanır. Bu ömür həmişə sizə kədərli nəğmə kimi görünüb?

- Mən o şeiri 15 il bundan əvvəl yazmışam. Təbii ki, İlham mənim yaşam tərzimi, həyata baxış tərzimi bildiyindən siyahıya bu cür ad vermişdi. Mən indi də belə düşünürəm ki, bu dünya illüziyadan başqa heç nə deyil. Əslində yaşadığımız məkan həmin məkan deyil.
Mənə bu ömür sevincdən süzülən kədər
Kimi mənim qəmi-kədərli, Kimi sevinc kimi yaşayıb gedər...

- Nədənsə son illərdə yazdığınız şeirlərinizdə elə bu cür qəm-kədər tərənnüm olunur.

- Əslində bu bir nəticədir. İnsan bütün ömrü boyu yaşayır və sonda bir qənaətə gəlir ki, əslində ömür nə imiş. Bu illər ərzində çox ağır şeylər yaşamışam. Bütün dünyanı gəzmişəm. Hansı ki, həmin yerlər çox məşhurdur və çox insanlar ora getmə istəyir, mən onların hamısını gəzmişəm. Nazim Hikmətin sözü olmasın, dünyanın ən gözəl otellərində qaldım, həbsxanada yatdım...

- Bəs dünyanın hansı yeri sizin üçün çox rahat və maraqlı oldu?

- Bu sualı həmişə soruşurlar. Mənim ağlımda Vyetnam nağıl kimi qalıb. Hərdən yuxularıma girir. Fikirləşirəm ki, nə vaxtsa maddi imkanım yaxşı olsa ora bir daha gedib, adamlarını görərəm. Əslində biz kənardan baxıb elə fikirləşirik ki, bizdən böyük millət, yaxşı, namuslu adamlar yoxdur. Türk milləti həqiqətən də çox fərqli millətdir. Lakin dünyanı gəzdikdə görürsən ki, bizim kimi millətlər daha çoxdur. Məsələn, Vyetnamda insanların bir-birilərinə nə cür baxdıqlarını müşahidə etdim, onlar bir-birilərinə gülümsəyərək baxırlar. Sanki bütöv bir xoşbəxt ömür yaşayıblar. Yadımdadır ki, onların aylıq əmək haqqı 10-12 dollar idi. Biz burdan-bura Qarabağı ala bilmirik, amma Vyetnam xalqı silahsız olaraq dünyanın ən böyük lider ölkəsi olan ABŞ-ı yendi. Biz ancaq bunu bilmirik. Mən Vyetnama gedəndə bildim ki, həmin müharibə zamanı vyetnamlılar 4706 amerikalı əsgəri məhv edib. Onlar Sayqon ətrafından Amerika qərargahlarına yeraltı olaraq 250 km-lik tunellər çəkiblər. Həmin tunellərlə gedib Amerikanın qərargahını partladıblar. Görün, bu xalq necə böyük xalqdır. Gedib bir daha onları görməyə dəyər.

- Yubileyinizlə bağlı şeir yazmısızmı?

- And olsun, heç yadıma da düşməyib. Mən tamam başqa şeylər yazmışam. Bəlkə də 60 yaşımda 18 yaşda yazacağım bir şeir yazmışam.

- Bəs AYB-dən yubiley təbriki gəldi və ya gözləyirsizmi?

- Az qala bir ildir ki, AYB-nin üzvlüyündən imtina etmişəm. Heç onların təbrikini gözləmirəm də. 30 il o qurumun üzvü olsam da, ora ayaq basmamışam. Bu yekəxanalıq və ya onlara qarşı mənfi münasibət deyil. Bilirsizmi, bu münasibət haradan doğurdu? Bu 30 il ərzində mən bir dəfə də olsa görmədim ki, qurum Azərbaycan xalqının tale yüklü məsələsi ilə bağlı qətnamə versin. Əvvəllər isə AYB Azərbaycan xalqının taleyində mühüm rol oynayıb. Lakin sonradan bu cür şeyləri görməyəndə mənə maraqlı gəlmədi və bəyanat verdim ki, bu qurumu tərk edirəm. Mən bunu heç kim incimədən etdim. Qurumdakı adamlara böyük hörmətim var, amma ora mənim yerim deyil. Ədəbiyyat təkbaşına adamların yeridir.

- Səhhətiniz nə yerdədir? Bundan əvvəl bir neçə əməliyyat keçirmişdiz...

- Səhhətim çox pisdir. Məsələn, adamlar onu çağıranda başı ilə çevrilib cavab verirsə, mən bütün bədənimlə çevrilmək məcburiyyətində qalıram. Əməliyyat olunan yerlər hələ sağalmayıb. Bircə ağrılar mənə əzab verir, qalan şeylər düzələndir. Adamlar var ki, əl-qolu, gözü yoxdur. Ona görə də bu barədə şikayətim yoxdur.

- Müalicəniz davam edir?

- Edir. Hər gün çoxlu sayda dərmanlar atıram, lakin ağrılarım kəsmir, halbuki həkimlərin dediklərinin hamısını edirəm. İnşallah ki, sonda ağrının deyil, həkimlərin dedikləri olar.

- Bəs elə bir acınız varmı ki, onun ağrısını heç nə ilə kəsmək olmur?

- Elə bir acı var. Siz bilirsiz, mən təkcə şeir yazmıram, bir az da fəlsəfə ilə məşğul oluram. Həbsxanaya da düşmüşəm və bu Azərbaycan xalqının, türk millətinin taleyüklü məsələləri ilə bağlı olub. Həmişə təqib olmuşam, kitablarım uzun illər qadağan olub. Bu doğrudan da ən böyük dərddir.

Mən elə adamam böyük dərdlərin, çəkilə biləsi acısı olmur,
Mənim tək şairin Rüstəm tək qardaşı, atası-anası olmur...
Bu misraları yazan adamın yəqin ki, çox böyük dərdləri var ki, belə yazır.

- Sizin üçün dünyada əbədi olan nədir?

- İnsanların bir-birilərinə olan münasibəti, sevgisi...

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR