İnsanlara hürriyət, millətlərə istiqlal!

60 ölkə Quranı aşağılayan İsveçə qarşı toplandı - Azərbaycanın da dəstəklədiyi qərarlar

1347 04.07.2023 08:12 Gündəm A A

Ceyhun Məmmədov: “Müsəlman ölkələri İsveçlə bağlı konkret addımlar atmalı, öz səfirlərini bu ölkədən geri çağırmalı, həmçinin İsveç məhsullarına qarşı da müəyyən sanksiyaların tətbiq edilməsi məsələsi nəzərdən keçirilməlidir”

60-a yaxın ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyulun 2-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İsveçdə Qurani-Kərimin yandırılmasını müzakirə edib.

Qeyd edək ki, İƏT məsələ ilə bağlı fövqəladə iclas keçirib və Qurani-Kərimin 28 iyun 2023-cü ildə İsveçin paytaxtı Stokholmda yandırılması ilə bağlı müzakirələr aparıb.

Fövqəladə Açıq İştirak üzrə İcraiyyə Komitəsinin iclasında İƏT Zirvəsi dövrünün sədri Səudiyyə Ərəbistanının tələbi ilə təşkilata üzv ölkələrin, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı, Qambiya, Pakistan, Mavritaniya və Kamerunun daxil olduğu İƏT İcraiyyə Komitəsinə üzv ölkələrin daimi nümayəndələri iştirak edib.

Toplantıda bu nalayiq hərəkətlərə qarşı görüləcək tədbirlərin müzakirəsi və Qurani-Kərimə qarşı hörmətsizliklə bağlı ortaq münasibət nümayiş etdirilməsi müzakirə olunub. Yekun bəyanatda komitə təşkilatın baş katibini üzv dövlətlər adından İsveç hökumətinə məktub göndərməyə və İsveçə nümayəndə heyətinin göndərilməsi imkanını nəzərdən keçirməyə, Avropa İttifaqı Komissiyasını bu hadisəni pisləməyə, ifadə azadlığı bəhanəsi ilə bu əməlin təkrarlanmaması üçün lazımi tədbirlər görməyə çağırış edilib. Komitə Mülki və Siyasi Məsələlər Haqqında Beynəlxalq Qanunun 19 və 20-ci maddələrinə zidd olan ifadə azadlığı bəhanəsi ilə Qurani-Kərimin və İslamın digər müqəddəs dəyərlərinin və simvollarının müqəddəsliyini təhqir etmək cəhdlərini pisləyib. Həmçinin beynəlxalq ictimaiyyətin bu təxribatçı cəhdlərə qarşı çıxmasına çağırış olunub. Bəzi məlumatlara görə, bu dəfə Quranı yandıran iraqlı Salvan Momika “Haşdi-Şabi” terror qruplaşmasının üzvüdür. Bu qruplaşma isə İran tərəfindən dəstəklənir. Bildirilir ki, Salvan Momika “Haşdi-Şabi”nin tərkibində Suriyada da əməliyyatlarda iştirak edib. Hərçənd İran rəsmən son vandalist olayı pisləyib.

Bu da maraqlıdır ki, uzun illərin fasilədən sonra Avropa Birliyi (AB) də Stokholmda Quranın yandırılmasını pisləyib və vəziyyətin gərginləşməsinin qarşısını almağa çağırıb.

Bu barədə Avropa Xarici Fəaliyyət Xidməti məlumat yayıb. “AB İsveçdə Quranın yandırılmasını ən sərt şəkildə qınayan İsveç xarici işlər nazirinə qoşulur. Bu akt heç bir halda AB-nin mövqeyini əks etdirmir. İndi istənilən gərginliyin qarşısını almaq üçün qarşılıqlı anlaşmaya dəstək vaxtıdır. İstənilən müqəddəs kitabın yandırılması təhqir, hörmətsizlik və təxribatdır”, - məlumatda qeyd edilib.

Sənəddə habelə deyilir ki, din və ifadə azadlığını müdafiə edən Avropada bu cür nümayişlərə yer yoxdur.

Ancaq AB niyə məhz indi səsini çıxarır? Axı bu kimi hallar dəfələrlə baş verib, o cümlədən islamofob Fransada İslam Peyğəmbəri (s) dəfələrlə təhqir edilib. 

Sözsüz ki, milyard yarım insanın etiqad azadlığının, inancının, müqəddəslərinin bu cür qaba və vəhşi şəkildə ələ salınmasının insan haqlarına, söz və ifadə azadlıqlarına heç bir dəxli ola bilməz. Çünki inanc azadlığı da insan azadlıqlarının tərkib hissəsidir.

Bu arada qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin dini etiqad azadlığının təmin edilməsi sahəsində əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Gennadi Askaldoviç Stokholmda, məscidin yaxınlığında Quranın yandırılması aksiyasına münasibət bildirib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Gennadi Askaldoviç “islamofobiya təxribat aktı idi və gözlənilməz fəlakətli nəticələrə səbəb ola bilər”, - deyə xəbərdarlıq edib. Askaldoviç İsveç hakimiyyətini "məşhur "söz azadlığı" və "demokratiya" haqqında" arqumentlərlə ört-basdır edilən bu təxribatçı islamofobiya aktına icazə verməkdə ittiham edib. Onun sözlərinə görə, Moskva rəsmi Stokholmun dini radikallara bu cür meyl göstərməsini qətiyyətlə rədd edir.

“Dünya ictimaiyyəti dindarların hüquqlarının bu cür biabırçı şəkildə pozulmasına qarşı birgə fəaliyyət göstərməyə borcludur. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının iyunun 14-də qəbul etdiyi 2686 saylı qətnamədə xüsusilə islamofobiya səbəb olduğu ayrı-seçkilik, dözümsüzlük və ekstremizm halları ilə bağlı dərin narahatlıq ifadə olunub”, - deyə Askaldoviç bildirib.

Səudiyyə Ərəbistanı isə Qurani-Kərimin yandırılmasına icazə verilməsinə cavab olaraq İsveçin Ər-Riyaddakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Ölkənin Xarici İşlər Nazirliyinin yazılı bəyanatında deyilir: “Səudiyyə Ərəbistanı bu biabırçı hərəkəti qəti şəkildə rədd edir”. Bəyanatda İsveç hökumətindən “xalqlar və dövlətlər arasında mövcud olmalı olan hörmətə xələl gətirən, tolerantlıq və mötədillik kimi dəyərlərə zidd olan hərəkətləri dayandırması” tələb olunub.

Bütün bu etirazlardan sonra İsveç Xarici İşlər Nazirliyi yerli televiziyaya yazılı açıqlama göndərib. Açıqlamada “İsveç hökuməti ölkədəki nümayişlərdə ayrı-ayrı şəxslərin islamofob hərəkətlərinin müsəlmanları təhqir etdiyini anlayır. İsveç hökumətinin fikirlərini heç bir şəkildə əks etdirməyən bu hərəkətləri şiddətlə qınayırıq”, - deyə bildirilib. “İrqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün İsveçdə və ya Avropada yeri yoxdur”, deyən bəyanatda Quran və digər müqəddəs kitabların yandırılması “açıq-aşkar təxribat” kimi dəyərləndirilir.

Bəs bundan sonra belə vandalizm aktlarını önləmək üçün İsveçə qarşı kollektiv sanksiyalar mümkündürmü? O sırada səfirlər geri çağırıla, yaxud məsələ BMT-yə çıxarıla bilərmi?

Ceyhun Məmmədov: “Ermənistan sülh barəsində yox, daha çox müharibə  barəsində düşünür” | 1news.az | Xəbərlər

Ceyhun Məmmədov

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, bu cür vandal hərəkətləri insan hüquq və azadlıqları ilə əlaqənləndirmək kökündən yanlışdır: “Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, istər Fransada Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsi, istərsə də digər bu kimi hadisə baş verərkən bunu insan hüquqları və azadlıqları ilə əlaqələndirildiyinin şahidi oluruq. Yəni ənənələrə, dəyərlərə görə bir insanın azadlığı digər insanın azadlığının başladığı yerdə bitir.

Bizim inancımıza görə Tövrat, İncil də müqəddəs kitabdır və bu kitablara  qarşı hər hansı addımın atılması xoşagəlməz hesab olunur. Yəni biz digər dini  kitablara da öz kitabımız kimi baxırıq. Amma İsveçdə bu cür vandal addımların şahidi oluruq. Bunu törədən insanlar bu cür addımlar atmaqla müsəlmanları təhrik edirlər ki, onlar da qarşılığında hansısa addımlar atsın. Beləliklə, bu cür addımlar yolverilməz, qəbuledilməzdir.

Tarix boyu dini zəminlərdə bir çox münaqişələr olub və milyonlara insan bu münaqişə nəticəsində həyatını itirib. İndi bu addımları atan şəxslər nə istəyir, istəyirlər ki, dini zəmində münaqişələr baş versin?

Digər bir məsələ, hesab edirəm ki, mitinqlərin keçirilməsi çıxış yolu deyil, müsəlman ölkələri İsveçlə bağlı konkret addımlar atmalı, öz səfirlərini bu ölkədən geri çağırmalıdırlar.

Hesab edirəm ki, İsveçrə məhsullarına qarşı da müəyyən sanksiyaların tətbiq edilməsi  məsələsi nəzərdən keçirilməlidir. Ən önəmli məsələ isə 50-dən artıq müsəlman ölkəsi bu məsələnin BMT səviyyəsinə çıxarılmasına nail  olmalıdırlar. Çünki hər dəfə bu cür hadisələr baş verir, insanlar etirazlara qalxır,  aksiyalar keçirirlər, lakin bir müddət keçir eyni hadisələr yenidən təkrarlanır. Buna qarşı konkret  addımlar atılmasa, işlər görülməsə, çox güman ki,  növbəti dövrlərdə vəziyyət daha da gərgin və mürəkkəb olacaq. Ona görə də bütün  dünya, beynəlxalq təşkilatlar çalışmalıdır ki, gələcəkdə də müqəddəs kitabların yandırılması hadisələri baş verməsin".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR