6 yaşlı ögey qızını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə növbəti məhkmə prosesi keçirilib. Təqsirləndirilən şəxs sərbəst ifadə verib və özünü günahkar bilmədiyini deyib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ağsu rayon sakini 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesinə hakim Tamilla Nəsrullayeva sədrlik edib.
E.Hacıyev birlikdə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Samirə Yarıyevanın 6 yaşlı qızı Ramilə Abdulxaliqovanın ölümünə görə həbs olunub. İttihama görə, uşağın ölümünə səbəb də bu olub ki, Hacıyevin ayaqlarını yuduğu ləyəni uşaq aparan zaman suyu dağıdıb. Hacıyev 6 yaşlı uşağın qulaqlarından tutaraq başını divara çırpıb. Ramilə baş nahiyyəsindən aldığı xəsarətlərdən dünyasını dəyişib.
Elnar Hacıyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə; ölümə səbəb olduqda) maddəsi ilə ittiham edilir. Onun digər cinayət əməli isə qonşusu Tural Hüseynli ilə dava edərək ona xəsarət yetirməsidir. E.Hacıyevə bu əməlinə görə Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddəsi ilə ittiham verilib.
İyulun 28-də baş tutan məhkəmə prosesində hakim bildirib ki, iş üzrə zərərçəkmiş və şahidlərin hamısı dindirilib. Təqsirləndirilən şəxs Elnar Hacıyev özünü təqsirli bilmədiyi üçün onun dindirilməsi şahidlərin ifadəsindən sonraya saxlanılıb. Hakim E.Hacıyevə ifadə verməyi təklif edib.
E.Hacıyev sərbəst ifadəsində ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilmədiyini deyib. Əvvəlcə qonşusu ilə aralarında baş verən davadan danışan E.Hacıyev deyib ki, həmin hadisə çoxdan baş verib və artıq qonşusu ilə aralarında barışıq olub. E.Hacıyev qeyd edib ki, qonşusu ondan şikayətçi deyil.
6 yaşlı Ramilənin ölümündən danışan E.Hacıyev söyləyib ki, baş verən hadisə ilə əlaqəsi olmayıb, uşaq həyətdəki pilləkandan ayağı sürüşərək yıxılıb: “Mən özümü qətiyyən təqsirli bilmirəm. Axı bu əməli mən törətməmişəm. Əgər cinayət törətsəydim, səsimi çıxarmazdım. Cəzamı alıb, gedib içəridə yatardım. Amma mən günahsız yerə burdayam. Düzdür, səhvim var. Amma uşağın ölümünə mən səbəb olmamışam. Razıyam ki, mənə ən ağır cəza verilsin. Amma bu işə görə yox. Bu yazılanları mən eləməmişəm”.
E.Hacıyev mərhum Ramilənin onun ayağını yumaq üçün su gətirməsi, sonra suyu apararkən yerə tökməsi və buna görə də azyaşlını döyməsi ilə bağlı ittihamda yazılanlarla da razılaşmayıb: “Heç 6 yaşlı uşaq həmin ləyəndə su gətirə bilərdi? Onu qaldıra bilərdi? Hadisə günü mənim öz qızım Həcər də evdə olub. Xahiş edirəm, o, yenidən gətirilsin və məhkəmədə dindirilsin. O, deyir ki, atam günahsızdır. Ramilə yıxılaraq başından xəsarət alıb. Keçmiş qayınanam uşağı öyrədib ki, məni həbsdə saxlasınlar. Uşaq məcburi şəkildə həmin ifadəni verib ki, guya Ramilə mənim ayağımı yumağa su gətirib”.
Dövlət ittihamçısı Samir Abdinovun suallarını cavablandıran E.Hacıyev ekspertizanın rəyinə əsasən mərhum Ramilənin bədənindəki zorakılıq və xəsarət izləri haqda da danışıb. O, nə öz qızını, nə də ki, mərhumu döydüyünü deyib: “Mən heç birinə əl qaldırmamışam. Mən öz uşaqlarımın ağlamasına belə, razı olmamışam. Həmçinin Ramilənin də... Ramiləni anası Samirə döyürdü. Özü də bunu məhkəmədə etiraf elədi. Bir dəfə qızım Həcər mənə zəng elədi ki, “Ata, tez gəl. Samirə uşağını döyür”. Mən də evə getdim. Ondan uşağı niyə döydüyünü soruşdum. Samirə dedi ki, “Bezmişəm. Vaxtı gəlsəydi, böyüsəydi, bunu da aparıb, internata qoyardım”. Samirə qızım Həcəri də vurmuşdu. Yıxılıb qolu əzilmişdi”.
Xatırladaq ki, mərhum 6 yaşlı Ramilənin doğma anası Samirə Yarıyeva da həbs edilib. Ona Cinayət Məcəlləsinin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq belə nəticəyə gəlib ki, Samirə mütəmadi olaraq, uşağını döyüb, meyitin üzərində aşkarlanmış xəsarətlərin bir neçəsini də hadisədən əvvəl öz anası yetirib.
Dövlət ittihamçısı Elnar Hacıyevdən Samirə Yarıyeva ilə aralarındakı münasibətlər barədə də soruşub. E.Hacıyev S.Yarıyevanı hadisədən 9 ay əvvəl tanıdığını və ər-arvad münasibətlərində olmadığını deyib: “Sadəcə bizdə qalırdı. Ər-arvad kimi yaşamamışıq. O, özü işləyirdi, uşaqlarına baxırdı”.
E.Hacıyev və Samirə Yarıyeva hadisədən sonra uşağı dəfn etmək üçün rayona aparıblar. S.Yarıyeva isə polisə zəng edərək qızını naməlum avtomobilin vuraraq qaçdığını deyib. Amma polis əməkdaşları tərəfindən aparılan araşdırmadan sonra həqiqət üzə çıxıb.
Dövlət ittihamçısı bu planı kimin qurması barədə E.Hacıyevə sual verib. E.Hacıyev deyib ki, uşaq pilləkandan yıxılarkən başından xəsarət alıb: “Heç qan da yox idi. Uşağın özündən getdiyini gördüm. Bibimə zəng edib, nə edəcəyimi soruşdum. Dedi ki, spirt alıb masaj edim. Mən də qızımı Ramilənin yanında qoyub aptekə qaçdım. Spirt alıb gəldim. Masaj elədik, amma xeyri olmadı. Samirə də evə gəldi. Artıq Ramilə dünyasını dəyişmişdi. Samirə dedi ki, kəndə aparıb dəfn edək”.
Dövlət ittihamçısı: “Siz niyə təcili yardıma zəng etmədiniz”.
E.Hacıyev: “Özümü itirmişdim. Mən elə ən böyük səhvi burada etdim ki, zəng eləmədim”.
Dövlət ittihamçısı: “Əgər sizin günahınız yox idisə və hadisə sadəcə qızın yıxılması səbəbindən baş vermişdisə, ananız niyə elə canfəşanlıq göstərərək Samirəyə kömək edirdi?”
E.Hacıyev: “Samirə özü deyirdi ki, “Qurban olum kömək edin, rayona aparım”. Samirə deyirdi ki, əgər həkimə aparsaq, uşağı yaracaqlar. Buna görə də istəmədi. Həm də onun pulu yox idi. Biz də həyəcanlı idik. İlk dəfə idi ki, bir insanın ölümünə şahidlik edirdik və nə edəcəyimizi bilmirdik. Samirə mənə dedi ki, “Problem yoxdur, narahat olma”. Həm də Samirə özü də deyir ki, bu işdə mənim günahım yoxdur”.
Sonda bir daha Ramilənin yıxılaraq xəsarət aldığını və buna görə də dünyasını dəyişdiyini deyən E.Hacıyev məhkəmədən ədalətli qərar gözlədiyini deyib: “Həmin pilləkandan mənim qızım da yıxılıb. Anam da yıxılıb, qolu qırılıb. İnanıram ki, işə ədalətli baxacaqsınız. Mənim bu ittihamla əlaqəm yoxdur. Uşağın anası da deyir ki, məni nahaq yerə tutublar”.
Daha sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Amma Elnar Hacıyevin vəkili buna etiraz edib və məhkəməyə sübut təqdim etmək istədiyini deyib. O, məhkəmyə disk təqdim etmək istədiyini deyib: “Burada hadisə günü evdə olan Elnar Hacıyevin qızı Həcərin çıxışı var. O, hadisənin necə baş vediyini danışır. Atasının günahsız olduğunu deyir”.
Ancaq hakim vəkilin etirazını qəbul etməyib və bildirib ki, məhkəmədə sübutların təqdim edilməsi mərhələsi başa çatıb.
Hakim onu da bildirib ki, mərhum Ramilənin atası Məhəmməd Abdulxaliqov məhkəməyə yazılı şəkildə müraciət edərək, E.Hacıyevin qanunla nəzərdə tutulmuş ən ağızr cəza ilə cəzalandırılmasını istəyib.
Məhkəmədə dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası avqustun 1-nə təyin edilib.
İlkin Muradov,
Musavat.com






