Bakıda kişini qətlə yetirdikdən sonra yandırmaqda ittiham edilən şəxslər hakim qarşısına çıxarılır. İstintaq zamanı müəyyən edilib ki, qətli törədənlər iki qardaş olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə ittiham edilən Xəyal Bayramov və Tuqay Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayır.
İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq.
Qətl hadisəsi Nərimanov rayonunda baş verib.
Rayonun Nurəddin Süleymanov küçəsində tikinti meydanının təməl çuxurunda 55 yaşlı Naxçıvan şəhər sakini Adəm Qibləli oğlu Abdullayevin yanmış cəsədi aşkarlanıb.
Müayinədən sonra cəsədin üzərində çoxsaylı bıçaq yaraları aşkarlanıb. Həmçinin cəsədin yandırıldığı da müəyyən edilib.
İlkin məlumata görə cinayətin iştirakçıları cəsədi avtomobildə N.Süleymanov küçəsinə gətirərək, onu tikinti meydanındakı təməl çuxuruna atmaqla cəsəddən qurtulmağa çalışıblar.
18-ci Polis Bölməsinin əməkdaşlarının araşdırması zamanı şübhəlilərdən biri – Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Tuqay Gündüz oğlu Bayramov saxlanılıb. Qətldə onun qardaşı Xəyal Bayramovun iştirak etməsi ilə bağlı şübhələr yaranıb. Hər iki şəxs həbs edilib.
Məlum olub ki, Tuqay Bayramov əvvəllər Cinayət Məcəlləsinin 333-cü (Hərbi hissəni icazəsiz tərk etmə) və 334-cü (Fərarilik) maddələri ilə məhkum olunub.
Qətlə görə həbs edilən qardaşlara qarşı xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
İlkin Muradov
Musavat.com






