5 nəfərin ölümü ilə nəticələnən qəzaya görə məhkəmə prosesi başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Hüseynovun ötən məhkəmə iclasında qaldırdığı vəsatətə münasibət bildirilib. Müdafiəçi vəsatətində demişdi ki, istintaq dövründə müvəkkilinin müdafiə hüququ pozulub, bilmədiyi sənədlərə imza çəkdirilib. Bu səbəbdən də vəkil cinayət işinin ibtidai istintaqa qaltarılmasını istəyib.
Hakim Novruz Kərimov qeyd edib ki, istintaq dövründə H.Quliyevin hüquqlarını vəkil Şükür Şıxıyev müdafiə edib. Məhkəmə həmin vəkilin növbəti prosesə dəvət edilib, bu məqamlarla bağlı ona suallar verilməsi barədə qərar qəbul edib.
Məhkəmə iclası noyabrın 12-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə ötən il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib. "Mercedes" markalı minik avtomobilinin yük maşınının arxa hissəsinə çırpılması nəticəsində 5 nəfər dünyasını dəyişib. Qəza nəticəsində ölənlərin hamısı Laçın rayon sakinləridir, bir ailənin üzvləridirlər.
Qeyd edək ki, sürücü H.Quliyev ev dustaqlığındadır.
İlkin Muradov,
Musavat.com






