Bakıda milyonlarla manat dəyərində dələduzluqda ittiham edilərək həbs olunan və 10 il azadlıqdan məhrum edilən satış müdiri yenidən hakim qarşısına çıxarılır.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətində azadlıqdan məhrum edilən Həsənov Samir Hafiq oğlu apelyasiya şikayəti verib.
Şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, S.Həsənov Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
İttihama görə, Samir Həsənov Ələkbərov Şakir Əlisəftər oğluna qarşı 2.002.692 manatlıq dələduzluq edib. Məlumata görə, S.Həsənov Şakir Ələkbərovdan 5 milyon manat alıb. Amma pulun qalan hissəsini qaytarmayıb.
Samir Həsənov “Caspian Galaxy” MMC-də satış müdiri olub. O, tütün məmulatlarının satışını həyata keçirib. Zərərçəkmiş kimi tanınan şəxslə biznes əlaqəsi olub.
Belə ki, S.Həsənov çalışdığı MMC-də kampaniya olan zaman siqaretləri ucuz qiymətə alıb, daha sonra baha qiymətə sataraq qazanc əldə edirmiş. Bunun üçün isə zərərçəkmiş kimi tanınan şəxsin nağd pullarından istifadə edib. Hər gün üçün edilən alış və satışdan onlara qazanc əldə edib.
S.Həsənov çalışdığı şirkətdə siqaret satışı ilə bağlı problemlər yarandığı üçün işləri yaxşı getməyib. Daha sonra da pul aldığı şəxslə problemləri yaranıb.
Samir Həsənov ittihamla razılaşmır. Deyir ki, “Caspian Galaxy” MMC-də satış müdiri işləyəndə Şakir Ələkbərova müxtəlif sayda siqaretlər satıb.
Onun sözlərinə görə, ikisi birlikdə şirkətdən ucuz alınan siqaretləri baha sataraq pul qazanıblar.
“2017-ci ildən işə başladıq. Şakir pul verirdi, mən də əlavə müştərilər tapırdım. Hər qutuda əlavə 11-13 manat qazanc olurdu. Şakirdən hər qutuya görə 385 manat alırdım, 395 manat qaytarırdım. 10 manat Şakir qazanırdı. Mən isə 1-3 manat, bəzən heç nə qazanmırdım. Şakir 2018-ci ilin ilk ayından, 2020-ci ilin mayına qədər mənə cəmi 5 milyon 596 min 995 manat pul verib. Mən isə qazancı ilə birlikdə 6 milyon 270 min 600 manat pul qaytarmışam. Mənim qeyd dəftərim var. Məhkəməyə təqdim elədim. Amma Şakir qeyd dəftərinin olduğunu desə də, məhkəməyə təqdim edə bilmir”- deyə S.Həsənov ifadəsində göstərib.
Bu işlə bağlı geniş məhkəmə reportajı ilə bu linkdən tanış ola bilərsiz.
İlkin Muradov
Musavat.com






