İnsanlara hürriyət, millətlərə istiqlal!

5 faizlik iqtisadi artım necə əldə olundu? - təhlil

925 17.02.2024 09:55 İqtisadiyyat A A

Ekspert: “Bu il ÜDM istehsalında 2,5 faiz civarında genişlənmə realdır”

2024-cü ilin yanvar ayında Azərbaycanda iqtisadi artımın sürətlənməsi qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar ayında ölkədə 9 milyard 131,0 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,0 faiz artım deməkdir. 

Ay ərzində iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 12,3 faiz artıb. 

ÜDM istehsalının 41,9 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 faizi digər sahələrin payına düşüb.  Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun verdiyi məlumata əsasən, ölkəmizdə neft-qaz hasilatının proqnozlaşdırılandan azalması, dünya bazarlarında qiymətlərin aşağı düşməsi fonunda ÜDM-in nominal həcminə təsirlər təbii və gözlənilən idi: “Buna baxmayaraq, biz prosesə hazır idik. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir. 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7 faiz artım dinamikasına malik olub”.

Azərbaycan hökuməti 2024-cü ildə ölkənin neft-qaz sektorunda 1,7  faiz azalma, qeyri-neft-qaz sektorunda isə 4,6 faiz artım proqnozlaşdırır.

Xatırladaq ki, ötən ili Azərbaycan iqtisadiyyatı çox kiçik artımla başa vurub. İl ərzində ölkədə cəmi 1,1 faizlik iqtisadi artım qeydə alınıb. Rəsmi statistikaya görə, 2023-cü ildə iqtisadiyyatın neft-qaz sektorunda milli məhsul istehsalı 1,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,7 faiz artıb. 

Bundan əlavə, 2023-cü ildə Azərbaycanda əsas kapitala yönəldilən vəsaitlərin həcmində artım baş verib. Bu vəsaitlərin həcmi 20 milyard 296,6 milyon manat təşkil edib. Bu isə 2022-ci illə müqayisədə 9,8 faiz çoxdur. İl ərzində neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb. İstifadə olunmuş vəsaitin 12 milyard 485,2 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 6840,0 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 971,4 milyon manatı (4,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf oluub.

Rəsmi statistikadan aydın olur ki, əsas kapitala investisiyalarda xarici investisiyaların payı azalır. Belə ki, 2023-cü ildə əsas kapitala yönəldilmiş vəsaitlərin 16 milyard 411,5 milyon manatını və ya 80,9 faizini daxili vəsaitlər təşkil edib. Ötən il daxili vəsaitlərin payı 80,6 faiz, məbləği isə 14 milyard 718,9 milyon manat olmuşdu.

Ötən il həmçinin Azərbaycanda qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmində kəskin azalma qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin 3 rübündə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 910.9 milyon dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 35 faiz azdır. Halbuki 2022-ci ilin 9 ayında qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.4 dəfə artmışdı. 

Ötən ilin yanvarında ölkədə 1,5 faiz iqtisadi kiçilmə olduğu halda, bu il ilin ilk ayında 5 faizlik iqtisadi artımın qeydə alınması mütəxəssislər arasında müzakirələrə səbəb olub. Əsas maraq doğuran bu artımın nəyin hesabına əldə edilməsi ilə bağlıdır. İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, bu göstərici tikinti sektorunun sayəsində əldə olunub: “Artım əsasən tikinti sektoru hesabınadır - bu sektorda 67 faizlik böyümə qeydə alınıb. 2023-cü ilin yanvarında sektorun böyüməsi 28 faiz təşkil etmişdi.

Bu ilin 1 ayının nəticələrinə görə, 5 faizlik iqtisadi böyümənin dörddə üçü məhz tikinti sektoru hesabına baş verib. Neft-qaz sektoruna investisiyaların həcmi 45 faizə yaxın artıb (ötən ilin yanvarında 8 faiz azalma olmuşdu). Sərmayələrin artımına baxmayaraq neft-qaz sektorunda hasilat azalmaqda davam edir. Bu ilin yanvarında əvvəlki ilin eyni dövü ilə müqayisədə xam neft hasilat 2,2 milyon ton (8,3 faiz azalıb). Qaz hasilatının həcmində isə 4 faizdən bir qədər çox artım qeydə alınıb".

Ekspert iqtisadiyyata investisiyalarda dövlətin payının artdığını bildirir: “İqtisadiyyata investisiyaların böyük həcmdə artımı dövlət sektoru hesabına olub. Dövlət mənbələri hesabına sərməya qoyuluşları 65 faiz, özəl sektorun vəsaitləri isə 10 faiz artıb”.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi dünya bazarında neftin orta qiymətinin 60 dollar təşkil etməsi şəraitində Azərbaycanda ÜDM artımını 2024-cü ildə 2,4 faiz, 2025-ci ildə 2,9 faiz, 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 3,6 faiz səviyyəsində proqnozlaşdırır. Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir. 2027-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının 78,7 faizə, neft-qaz sektorunun payının isə 21,3 faizə bərabər olacağı proqnozlaşdırılır.

Azərbaycan Mərkəzi Bankı isə bu il gözlənilən iqtisadi artımla bağlı hökumətdən daha nikbindir. Bankın cari ildəki pul siyasətinə dair bəyanatında qeyd olunur ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artım davam edəcək. Mərkəzi Bankın proqnozlarına görə, 2024-cü ildə real iqtisadi artım tempinin 3-3.5 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5-5.5 faiz civarında olacağı gözlənilir.

Maraqlıdır ki, əksər beynəlxalq qurumların iqtisadi artım, neft və qeyri-neft sektorunda onun sürətinə dair proqnozları Azərbaycan hökumətinin göstəricilərinə çox yaxın, yaxud eynidir. Məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) 2024-28-ci illərdə Azərbaycanın orta illik ÜDM artımının ildə 2,3 faiz olacağını və sonra da artacağını gözləyir. Bu barədə 2023-cü ilin son rübündə BVF-nin Azərbaycan hakimiyyəti ilə IV Maddə üzrə məsləhətləşmələrinin yekunlarına dair sənədində deyilir.

BVF-nin bu hesabatına əsasən, 2024-2028-ci illərdə Azərbaycan illik iqtisadi artım 2,3 faiz, 2029-30-cu illər ərzində orta hesabla ildə 2,4 faiz, 2031-2032-ci illərdə isə 2,5 faizə qədər sürətlənəcək. BVF-nin proqnozlarına görə, Azərbaycanın qeyri-neft ÜDM artımı 2023-cü ildə 4,2 faiz, 2024-cü ildə 3,6 faiz, 2025-2028-ci illərdə ildə orta hesabla 3,5 faiz təşkil edəcək. Neft sektorunda azalma 2023-cü ildə 1,5 faiz, 2024-2028-ci illərdə isə ildə orta hesabla 0,5 faiz olacaq.

Asiya İnkişaf Bankı 2024-cü ildə Azərbaycanda 2,6 faizlik iqtisadi artım gözləyir ki, bu da hökumətin proqnozuna çox yaxındır.

BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatından aydın olur ki, qurum ekspertləri 2024-cü il üzrə Azərbaycanda ümumi daxili məhsulun artımını (ÜDM) 2,6 faiz, 2025-ci ildə isə 2,8 faiz səviyyəsində proqnozlaşdırıblar.

Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabatına görə, Azərbaycanda ümumi daxili məhsul istehsalı bu il 2,4 faiz, 2025-ci ildə isə 2,5 faiz artacağı gözlənilir. Sənədə əsasən, bu göstəricilər 2023-cü ilin iyun ayında dərc olunan proqnozlarına nisbətən 0,1 faiz bəndi azdır, lakin oktyabr ayındakı gözləntilərə nisbətən eynidir.

Yalnız Standard & Poors  Beynəlxalq Reytinq Agentliyi Azərbaycanda iqtisadi artımla bağlı daha az nikbindir. Agentlik 2024-2026-cı illərdə Azərbaycanın real ÜDM artımının 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb. Agentlik ekspertləri bildirirlər ki, Azərbaycan iqtisadiyyatı böyük ölçüdə karbohidrogen sektorundan asılıdır: “Neft və qaz ixracın 90 faizini və ÜDM-in təxminən 50 faizini təşkil edir. Hazırda ölkə əlverişli neft qiymətlərindən faydalanır, bu da öz növbəsində Azərbaycanın maliyyə vəziyyətini və tədiyə balansını dəstəkləyir”.

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov

İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, 2024-cü ildə gözlənilən ÜDM artımına dair proqnozları daha etibarlı hesab etmək olar: “Əvvəllər bu göstərici üzrə beynəlxalq təşkilatlarla Azərbaycan hökumətinin proqnozları arasında kəskin fərqlər olurdu. Bu illə bağlı proqnozlar demək olar ki, əsasən üst-üstə düşür. Bu baxımdan, onların doğrulması ehtimalını yüksək hesab etmək olar”.

Eskpert bildirir ki, ÜDM-in strukturunda dörd əsas komponent var: “Bunlardan birincisi istehlak, ikincisi investisiyalar, üçüncüsü, dövlət sifarişləri, dördüncüsü xalis ixracdır. Bu komponentlər üzrə müsbət vəziyyəti, eyni zamanda cari ildə gözlənilən bir sıra hadisələri nəzərə alsaq, yaxın və ortamüddətli dövrdə Azərbaycanda iqtisadi artım dinamikasının daha da artması gözləniləndir. Belə hadisə kimi sülh müqaviləsinin imzalanmasını göstərmək olar. Bu, baş verərsə, ölkəyə investisiya axını sürətlənə, azad olunan ərazilərə dövlət investisiyalarının həcmi arta bilər. Bunlar isə iqtisadi artımın 3 faizədək sürətlənməsinə gətirib çıxara bilər. Düşünürəm ki, hətta sülh müqaviləsi imzalanmasa belə, bu il Azərbaycan iqtisadiyyatında 2,5 faiz civarında böyümə tam realdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR