47 illik ömrünü miras olaraq özündən sonrakı nəsilə buraxan Frida Kahlonun nadir fotoları onun rəngli dünyasını üzə çıxarır.
Frida Kahlonun sənət dolu yaşamını işıqlandıran fotoqraf isə Gisele Freunddur. Frida Kahlo rəsmlərini, Gisele Freund isə onu çəkirdi. Frida Kahlo kubist rəssam olaraq dəyərləndirilsə də, o heç zaman bununla razılaşmayıb. O, hər zaman çəkdiyi rəsmlərdə bir həqiqət, gerçəklik olduğunu deyib.

Frida Kahlo haqqında qısa məlumat:
Frida Kahlo Meksikanın Koyoakan şəhərində 1907-ci ildə iyulun 6-da dünyaya göz açıb. Ailənin 3-cü qız övladı olan Fridanın olduqca ağır bir həyatı olub. Onun sağlamlıq problemləri daha uşaq ikən başlayıb. 6 yaşında atası ilə gəzməyə gedən Fridanın ayağı ağac kötüyünə iləşib və o yıxılıb. Nəticədə bir ayağı iflic olub. Bu hadisədən sonra ona “taxta ayaq Frida” deyə çağırırdılar. Frida isə ona qoyulan ləqəblərə məhəl qoymayan xarakterdə idi.

Fridanın həyatını məhv edən qəza
Frida bütün həyatına təsir edən qəzanı yaşadığı zaman 18 yaşında idi. 1925-ci ildə sevgilisi ilə mindiyi bir avtobus tramvay ilə toqquşaraq qəza törətmişdi. Qəzada bir çox insan ölsə də, Frida oradan yaralı olaraq xilas olmuşdu. Onun onurğa sütunu 3 hissəyə parçalanmışdı, iki qabırğa, körpücük sümüyü və qasıq sümüyündəki 3 sınıqdan əziyyət çəkirdi. Onun sağ ayağı 10 yerdən qırılmış, sol ayağı və sol çiyni çıxmışdı. Bu qəza nəticəsində, Frida bakirəliyini belə formada itirmişdi. Qəzadan sonra heç nə əvvəlki kimi olmadı. Uzun müddət yataqda yatan Fridanın ailəsi ona rəsmlər çəkmək üçün lazım olan bütün ləvazimatları almışdı.

Fridanın xəyanətkar eşqi
Qəzadan sonra tam 32 əməliyyat keçirən F.Kahlo 2 ildən sonra yenidən ayağa qalxmağı bacardı. Həyatla mübarizəsi davam edirdi. O, sərgilərə gedir, dostları ilə əyləncələrə qatılırdı. Əyləncələrin birində yaxın dostu fotoqraf Tina Modotti sayəsində həmin dövrün məşhur rəssamlarından olan Dieqo Rivera ilə tanış oldu. Dieqo yaradıcılığı ilə Meksika sərhədlərini aşan məşhur bir rəssam idi. Frida da Dieqoya böyük heyranlıq bəsləyirdi. Frida Dieqodan onun çəkdiyi rəsmlərə baxıb təcrübəli rəssam kimi fikirlərini söyləməsini istəmişdi. Bütün bunlar Frida və Dieqo eşqinin başlanğıcı idi. Dieqo və Frida bir birilərini sevib evləndilər. Lakin Dieqo Fridanı sevdiyi qədər ona ağır günlər də yaşadıb. Frida 1931-ci ildə evliliklərinə dair çəkdiyi tablonu bir sərgiyə çıxardı. Bu onun sərgilənən ilk rəsmi idi. Cütlük daha sonra bir müddət ABŞ-da yaşamaq məcburiyyətində oldular. Bu məcburiyyət Dieqonun aldığı rəsm sifarişlərə görə idi. Lakin ABŞ-da yaşadıqları müddətdə Frida Dieqonun ona etdiyi ardıcıl xəyanətlərindən yorulmuşdu.

Frida 1933-cü ildə Nyu-Yorkda çəkdiyi “My Dress Hangs There” adlı rəsmdə bu xəyanətlər toplusunu təsvir etmişdi. Fridanın ən böyük arzularından biri də ana olmaq idi. Lakin onun yaşadıqları az imiş kimi, bu arzusuna da çata bilmədi. Frida bunu da rəsmlə təsvir edib. Dieqo ilə Fridanın münasibətləri günü-gündən ağırlaşırdı. Dieqonun Fridanın bacısı ilə münasibətdə olması söz-söhbəti yayıldıqdan sonra vəziyyət daha da çətinləşdi. Bu qədər xəyanətlərə rəğmən Frida Dieqonu sevməkdən əl çəkmirdi. Onların münasibəti sevgidən, digər insanlarla macəralar yaşamaqdan, yaradıcılıqdan ibarət idi, amma bu uzun çəkmədi və 1939-cu ildə boşandılar. Buna baxmayaraq, onlar 1 il sonra, 1940-cı ildə ikinci dəfə evləndilər. Meksika xalqı onların sevgisini fil və göyərçin sevgisinə bənzədirdi.

Qarşılıqlı xəyanət
Əslində Dieqonun xəyanətləri davam edən zaman Frida da dinc durmayıb. O, ərinin xəyanətlərinə ilk qarşılıöç 1931-ci ildə verib. Həmin vaxt Frida amerikalı fotoqraf Nikolas Muray ilə tanış olub. Muray da Meksikada tanış olduğu Fridaya ilk görüşdə aşiq olmuşdu. Tam 10 illik bir münasibətdən sonra Fridanın Dieqodan ayrılmayacağını görən Nikolas Muray ondan ayrılıb. Nikolas Muray Frida ilə münasibətdə olduğu illər ərzində onun bir çox fotosunu çəkib. Demək olar ki, Fridanın fotolarının bir çoxunun müəllifi Nikolas Muraydır.

Nikolas Mura və Frida Kahlo
Dieqo və Frida həmin dövrün ən yaxşı rəssamaları olmaqla yanaşı siayəsətin də bilinən şəxsləri idi. Onların hər ikisi0 komunist idi. Hətta ölkəsindən sürgün edilən Lev Trotski kimi tarixi bir şəxsiyyət bir müddət Frida və Dieqonun yaşadığı evə sığınıb. Lakin Trotski ilə Fridanın bir eşq yaşadığı iddiası ilə bu ziyarət qısa olub. Trotski həyat yoldaşı ilə başqa bir evə köçüb. Daha sonra həmin evdə bir sui-qəsd nəticəsində Trotski öldürülüb. Onun qatili də rəssam olub - Roman Merkader.

Frida Kahlo Lev Trotski ilə birlikdə
Bundan sonra həm fiziki, həm də mənəvi acılar çəkməyə başlayan Frida dərin bir deprasiyaya düşüb. O depresiyada olduğu zaman “The Wounded Deer” adlı rəsmini çəkib. Bu tabloda çarəsizlik və ümid bir arada idi. 1944-cü ildə keçirdiyi qəza zamanı qırılan sümüklərinə görə 5 ay müddətinə dəmirdən bir korset taxmaq məcburiyyətində qalıb. 1950-ci ildə sağlamlıq durumu daha da ağırlaşıb. Onurğasındakı problemlərə görə 9 ay xəstəxanada yatıb.
Fridanın gündəliyi və həyatının sonu
Vəfat etdiyi günə qədər, Frida gündəlik yazıb. 170 vərəqli gündəlik uşaqlıq xatirələri, xəstəliklə mübarizə, Dieqo Riveraya olan sevgisi, incəsənət və siyasət barəsində yazılardan ibarətdir. Burada həmçinin, onun sulu boyayla çəkdiyi rəsmlər, gələcək əsərləri olacaq eskizlər, avtoportretlər və s. kimi rəsmləri də var.

Frida öz gündəliyinə bu sözlərlə yekun vurub: “İnanıram ki, bu sonluq mənə sevinc gətirəcək və ümidvaram, mən bir daha geri dönməyəcəm – Frida.”
Fridanın külü onun Dieqo ilə yaşadığı “Mavi ev”indəki urnada saxlanılır. Qeyd edək ki, Frida Kahlonun həyatından bəhs edən film də mövcuddur. Frida rolunu məşhur aktrisa Salma Hayek canlandırıb.
Frida Kahlo 13 iyul 1954-cü ildə ağciyər emboliyası diaqnozu ilə həyatını itirib. 47 illik ömründə 55-i avtoportret olmaqla 143 tablo hazırlayıb. Vəfat etdiyi il ərsəyə gətirdiyi “Yaşasın həyat” adlı rəsm onun necə mübariz bir qadın olduğunun sübutudur. Bu qədər yaşadığı uğursuzluqlara rəğmən heç bir zaman ruhdan düşməyən bu qadının həyatı bu gün də bir çox insanlara nümunə olur.
Turan Oruc
Musavat.com
Son olaraq Frida Kahlonun ən məşhur rəsmlərindən bir neçəsini sizlərə təqdim edirik:










