Bu günlərdə Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində 4 yaşlı Məryəm Hüseynlinin qətli hamını sarsıtdı. Rəsmi xəbərə görə, məsum körpəni müvəqqəti qonşuluğa verilən evin sakinlərindən biri Mehman Mansurov öldürüb və quyuya atıb.
Atasının dediyinə görə, həyat yoldaşından boşanandan sonra hər gün işə getdiyi üçün uşağını baxmaqdan ötrü vaxtaşırı həmin qonşulara verirmiş. Sual yaranır: 4 yaşlı körpə necə olub ki, boşananda sonra anasında yox, atasında qalıb? Axı qanun bir qayda olaraq, buna icazə vermir. Bəlkə, anasında olsaydı, indi həyatda idi. Yaxud hansı hallarda qanun ananı azyaşlı övladdan məhrum edir?
Başqa yandan, faktdan görünür ki, ata azyaşlı övladına yetərli dərəcədə qayğı göstərmək və nəzarət eləmək imkanında olmayıb. O zaman nədən uşaq evinə və ya başqa qohumlara (hər halda babalar, nənələr var) verməyib? 4 yaşlı Məryəm ailə institutundakı boşluğunmu qurbanıdır?
![]()
Əlövsət Allahverdiyev: “Əgər insan indidən yeni qurduğu ailənin dağılmasını düşünürsə...”
Hüquqşünas Əlövsət Allahverdiyev məsələnin hüquq tərəfləri haqda bunları dedi: “Bəzən ata tərəf uşağın atada qalmasını israr edir və rayon icra hakimiyyətinin yanında fəaliyyət göstərən qəyyumluq şöbəsinin rəyi ilə uşağı anadan almağa nail olur. Qanunvericilik uşağın anadan alınmasına o zaman icazə verir ki, ana əxlaqsız olsun, gələcəkdə uşağın inkişafı üçün hər hansı problemlər mövcuddur və yaxud ana narkoman, yoluxucu xəstəliyə yoluxmuş olsun. Bu halda əlbəttə anadan alınıb, ataya verilməsi məsələsi mümkündür. Bəzən isə belə əsaslandırırlar ki, ananın özünü dolandırmaq, yaşamaq imkanı olmasın və bu halda uşağa baxmaq imkanı olmur. Əlbəttə bunların hamısı əsaslandırılmalıdır.
Qadınların belə məsələlərdə əsas problemi ondan ibarət olur ki, bəzən rəsmi nikaha daxil olmurlar, qeydiyyat yoxdur. Və yaxud bilərəkdən gələcəkdə qadınının mülkiyyətə sahib ola bilməməsi üçün onu qeydiyyata salmır, bununla bağlı planlar qururlar. Çox təəssüf ki, indi yeni qurulan ailələrin əksəriyyətində bu məsələ var. Əgər insan indidən yeni qurduğu ailənin dağılmasını düşünürsə, nə gələcəkdə həmin ailənin təməli, nə də möhkəmlik ola bilər".

Novella Cəfəroğlu: “Nə olursa olsun, nə baş verirsə versin, azyaşlı uşaq anasında qalmalı idi, nəinki atasında”
Hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Qanunlar haqqında dəfələrlə Milli Məclisə, aidiyyəti orqanlara müraciət etmişik. Sovet hökumətindən qalan bir şeydir ki, uşaq anada qalmalıdır. Çox zaman deyirlər ki, ananın imkanı yoxdur uşağa baxmağa, ona görə də uşaq atada qalmalıdır. Deməli, o imkanı atadan alıb, anaya vermək lazımdır. Yəni, anaya ev, pensiya düşməlidir, uşaqlara baxa bilmək üçün. Dəfələrlə şahidi olmuşuq ki, pul ilə məhkəməni alırlar və uşaq ataya verilir. Halbuki anaya lazımi pul verilsə, sakitcə uşaqlarını böyüdəcək. 4 yaşlı Məryəmin faciəsinə gəldikdə isə, nə olursa olsun, nə baş verirsə versin, azyaşlı uşaq anasında qalmalı idi, nəinki atasında, və yaxud nənə-babasında. Heç kəsin ixtiyarı yoxdur ki, azyaşlı uşağı anadan ayırsın. Bu, mümkün deyil! Yalnız 10 yaşından sonra uşaqdan soruşurlar ki, ”atanın, yoxsa ananın yanında qalmaq istəyirsən?" Azyaşlı uşaqdan isə bunu soruşmaq mümkün deyil.
4 yaşlı Məryəm anasından alınmamalı idi. Ola bilsin ki, ananın özü uşaqdan imtina edib. Lakin belə olan halda da araşdırılmalı idi ki, atanın yanında uşağa baxacaq bir qadın varmı, uşağa kim qayğı göstərəcək? Bu məsələni icra hakimiyyəti yanında olan orqanlar həll edib, uşağı uşaq evinə verməli idi. Belə olsaydı, azyaşlı Məryəmin başına bu iş gəlməzdi".
Kəmalə Ağazadə: “Aidiyyəti orqanlar məsələni vaxtında aşkarlasaydı, bəlkə də, bu gün Məryəm həyatda idi”
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə: “Məndə məlumat yoxdur ki, azyaşlı Məryəmin ata-anası rəsmi olaraq boşanıb və sairə. Sadəcə deyə bilərəm ki, bəzi hallarda məhkəmə proseslərində ana ya uşağı qoyub getdiyi üçün uşaq atada qalır, ya da məhkəmə qaydasında imtina edir və uşaq atada qalır. Məryəmlə bağlı məsələnin nə olduğunu istintaq prosesində müəyyən olunacaq. Qanunun icazə verib-verməməsi deyil, burada əsas uşağa olan münasibətdən söz gedir. Azyaşlı uşaq iki halda anadan alınaraq, ataya verilir - ya ananın həyat tərzi uşağın davranışlarına yaşadığı mühitə təsir edirsə və bununla bağlı yetərincə dəlil, sübutlar varsa, ikinci isə əgər qadının psixi vəziyyətində ciddi problemlər varsa və bu özünün rəsmi təsdiqini tapıbsa, uşağın həyatına təhlükə ola biləcək məqamlar varsa.
Ümumiyyətlə, 4 yaşlı uşağa qarşı edilən cinayətin qarşısı alına bilərdimi? Dəfələrlə deyirik ki, həssas ailələrin aşkarlanmasında, işin təşkilində mütləq icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işi üzrə komissiyaların fəaliyyəti çox aktiv olmalıdır. Bəlkə də, bu uşaq zamanında aşkarlansaydı, uşaq evinə istiqamətləndirilsəydi, bugün həyatda idi".
Xalidə GƏRAY,
“Yeni Müsavat”






