- “Yeni Müsavat”dandı?
- Bəli.
- Sizi 4 saylı Vərəm Dispanserindən narahat edirəm.
- Vəzifənizi bilmək olar?
- Mən xəstəyəm.
- Şikayətiniz var?
- Yox. “Vərəm Dispanserinin böyük cinayəti” adlı yazınıza münasibətimi bildirmək istəyirəm.
- Siz xəstəxanada müalicə olunursunuz?
- Bəli.
Bu dialoq əməkdaşımızla özünü 35 yaşlı Elşən Vəli oğlu Əliyev kimi təqdim edən şəxs arasında olub. Vərəmli xəstə olduğunu bildirən E.Əliyev əvvəlcə qəbul otağından, sonra isə baş həkimin otağından redaksiyamıza zəng etdiyini bildirib. Deyib ki, o, yazıdakı məqamlara aydınlıq gətirmək istəyir: “Cinayəti Ağciyər İnstitutu"nun həkimləri edib. Əməkdaşınıza vərəm diaqnozunu onlar qoyublar. Bizdə belə şey yoxdur".
Fürsətdən istifadə edib E.Əliyevə müalicəsi ilə bağlı suallar da verdik:
- Siz dispanser rəhbərliyinin adından danışırsınız?
- Yox, bir xəstə kimi öz adımdan.
- 4 saylı dispanserdə neçə müddətdir müalicə olunursunuz?
- 1 ildir.
- Müalicəniz niyə effekt vermir?
- Müalicə edirlər.
- Müalicə pulludur?
- Yox, yox, pulsuzdur. Hamı bilir ki, pulsuzdur.
- Sizdən müalicə üçün pul alırlar?
- Yox.
- Məhz sizdən almırlar?
- Məndən və mənim “kruq”umdan almırlar.
- Deyirsiniz ki, dispanserlə bağlı yazımıza baş həkimin otağından münasibət bildirirsiniz və dispanserdə xəstələrdən pul alınmadığında israr edirsiniz. Bu həqiqətən belədir?
- Bəzi xəstələr var ki, onlardan pul almırlar.
- Niyə “bəzi”lərindən almırlar? YAP-çı olduqlarına görəmi? Və ya başqa məsələlər var?
- Mən heç kimə cavabdeh deyiləm.
E.Əliyev bizi dispanserə də dəvət etdi. Dedi ki, oradakı şəraitlə tanış olmağımızı istəyir. Biz də öz növbəmizdə E.Əliyevin dəvətini qəbul etdik və yaxın zamanlarda 4 saylı Vərəm Dispanserindən geniş reportaj hazırlayacağımıza söz verdik.
Onu da qeyd edək ki, qəzetlərdən biri 4 nömrəli Vərəm Dispanserindən reportaj hazırlayarkən burada rüşvət faktını sübut edə bilib. Bunun nəticəsində dispanser rəhbərliyi bir nəfəri işdən azad etməyə, başqa bir həkimin isə vəzifəsini kiçiltməyə məcbur olub.






