İnsanlara hürriyət, millətlərə istiqlal!

“4 iyulda qərar qəbul olundu ki, Dağlıq Qarabağ Ermənistana verilsin, 5 iyulda isə bu qərar ləğv olundu”

3486 14.06.2017 18:11 Mədəniyyət A A

Tarixçi alim Nəriman Nərimanovun tarixi xidmətlərindən danışdı; Firdovsiyyə Əhmədova: “1919-cu ilin dekabrında Azərbaycan parlamentinə müraciətlər gəlirdi ki, Zəngəzur sarıdan başınız sağ olsun!”

“Fətəli xan Xoyski Rəsulzadəyə yazırdı ki, əgər ermənilər Dağlıq Qarabağa iddialarına son verməsələr, onda biz Erməni Milli Şurası ilə şifahi razılaşma əsasında İrəvanı güzəştə getməyimizlə bağlı qərarımızdan imtina edəcəyik”

“Əgər 19-cu əsrin əvvəllərində ermənilər kütləvi şəkldə Azərbaycan ərazilərinə köçürülməsəydi, bu gün də yaşadığımız problemlər olmazdı. Məhz o köçürülmə prosesinin nəticəsində 20-ci əsrdə ermənilər Cənubi Qafqazda əhali faktoruna çevrildilər. Artıq bu faktoru nəzərə almamaq mümkün deyildi”.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova bu fikirləri KİV-nin nümayəndələri üçün təşkil olunan “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri”
haqqında elmi maarifləndirmə və təbliğat kurslarındakı mühazirəsində söylədi. Qeyd edək ki, kurslar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Elçin Əhmədovun təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində reallaşdırılır.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları DQMV-nin yaradılması və onun nəticələri (1918-1923)” mövzusunda məruzə edən araşdırmaçı alim Firdovsiyyə Əhmədova ermənilərin məqam düşəndə hətta öz himayədarlarına da qənim kəsilmələrinə diqqət çəkərək bildirdi ki, çar Rusiyası dövründə ermənilər siyasi-inzibati ərazi vahidinə nail ola bilmədilər: “Halbuki onlar köçürülərkən nəinki muxtariyyətə, hətta dövlət qurumuna sahib olmaq iddiasındaydılar. Düzdür, Naxçıvan və İrəvan torpaqlarında bir erməni vilayəti yaradıldı. Ancaq bu da Rusiyaya aid idi. Sonra yaradılan İrəvan quberniyası da Çar Rusiyasına aid idi. Bundan sonra ermənilər çar Rusiyasının məmurlarının qətlə yetirilməsi prosesi başladı. Hətta ermənilər əmlakla bağlı verilən qərarların ləğvinə nail oldular ictimai-siyasi təzyiq və terror aktları nəticəsində. 19-cu əsrin sonlarında yaradılan “Daşnaksütyun”, “Qınçak” partiyaları da terrora əsaslanırdılar”. Ancaq sonrakı dövrlərdə ermənilərin üzünə “gün doğdu”. “1-ci Dünya Müharibəsi ermənilər üçün çox önəmli tarixi hadisə idi. Ermənilər deyirdilər ki, görəsən bizi rus carina xidmətin müqabilində nə isə əldə edə bilərikmi? Qafqaz cəbhəsindəki qoşunların bir hissəsini ermənilər təşkil edirdi və onlar Osmanlını məğlub etmək üçün çalışırdılar”-tarixçi alim bildirdi.

100 il öncənin tarixi hadisələrindən bəhs edən araşdırmaçı qeyd etdi ki, 1917-ci ilin fevral inqilabı Azərbaycan xalqının taleyində mühüm rol oynadı: “Cümhuriyyət dövründə həmin fevral inqilabının ildönümü çox böyük təntənələrlə qeyd olunmuşdu. Məhz onun verdiyi azadlıqlar, imkanlar idi ki, Azərbaycan muxtariyyətinə imkan verdi, bir il sonra isə Cümhuriyyət elan olundu. Qafqaz Müsəlmanlarının qurultayı da 1917-ci ildə oldu və 100 ili tamam oldu, çox önəmli hadisə idi. Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, 1917-ci ilin oktyabrında baş verən rus inqilabı, fevralında baş verən inqilab isə Rusiya inqilabı idi. Burada yaşayan xalqlar hamısı xalqlar həbsxanasının çökməsini istəyirdi. Təsəvvür etməzsiniz ki, o dövrdə Azərbaycan cəmiyyəti nə qədər siyasi proseslərdə aktiv iştirak edib. Ona görə də 1917-ci ilin fevralında inqilabın baş verməsini Azərbaycanı milli qüvvələri çox böyük hadisə kimi qiymətləndirir, buna yazılar həsr edirdilər”.

Firdovsiyyə Əhmədova dedi ki, cümhuriyyətçilər deyəndə təkcə Xalq Cümhuriyyətinin qurucularından yox, Cümhuriyyət tərəfdarlarından getməlidir: “Buraya millətçilər də aiddir, liberallar, sosial-demokratlar da. Nəriman Nərimanov həbs olunanda evində aparılan axtarış zamanı tapılan yazıların birində yazırdı ki, respublika quruluşu daha yaxşıdır. Rəsulzadə Nəriman Nərimanovun baş redaktoru olduğu “Hümmət” qəzetində qazırdı ki, bizə millətə xidmət edən cümhuriyyət lazımdır, bəxşiş lazım deyil”.

Tarixçi Əlimərdan bəy Topçubaşovun və M.Ə.Rəsulzadənin fəaliyyətini yüksək qiymətləndirən tarixçi dedi ki, Topçubaşov Ümumrusiya müsəlmanlarının lideri idi: “Qurultaya sədrlik, onun nizamnaməsini yazmaq da ona həvalə olunmuşdu. 1917-ci ildə isə bu rolu M.Ə.Rəsulzadə oynadı, may ayının 1-dən 11-dək keçirilən qurultaya o rəhbərlik etdi. O zaman qərara alındı ki, Rusiya federativ respublika olsun, buradakı xalqlara isə mədəni muxtariyyət verilsin. Bir çoxları deyirdilər ki, mərkəzlərdəki islahatlar ucqarlara çatmaya bilər, ona görə də yalnız mədəni muxtariyyətlə kifayətlənə bilərik. Lakin Rəsulzadənin təklifi səs çoxluğu ilə qəbul olundu və Azərbaycanda muxtariyyət hərəkatı başlanıldı. 1918-ci ildəki soyqırımlar, qətliamlar da Azərbaycan muxtariyyəti ideyası genişlənməsin deyə, başladı. Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi “Türk Ədəm Mərkəziyyət partiyası”nın Gəncədə rəhbərlik etdiyi mitinqdə ilk dəfə “Azərbaycan muxtariyyəti” şüarı səsləndi. Bundan sonra Yusifbəylinin partiyası ilə M.Ə. Rəsulzadənin rəhbərlik etdiyi “Müsəlman demokratik Müsavat partiyası” birləşdi”.

Tarixçi alim xatırlatdı ki, çar hökuməti devrildiyi üçün Cənubi Qafqazda yeni idarəçilik məsələsi gündəmə gəlirdi. Bu ərəfədə yaradılan Zaqafqaziya Xüsusi Komitəsi Azərbaycanın maraqlarını nəzərə almırdı, burada gürcülərə və ermənilərə xüsusi önəm verilirdi: “Ancaq bu situasiyada İran da Azərbaycanın muxtariyyətini qəbul etmirdi. Qafqaz üzərində sovet hakimiyyətini qurmaq, Türkiyə Ermənistanına muxtariyyət istəməklə bağlı Leninin dekret imzaladığını xatırlatdı. Hətta Şaumyan Azərbaycan muxtariyyətinin gerçəkləşməməsi üçün çalışırdı. Deyirdi ki, Azərbaycan muxtariyyəti yaranarsa, Bakı onun paytaxtı olacaq və Cənubi Qafqaz əldən çıxacaq. Məhz bunun qarşısını almaq üçün müsəlman qırğınları başladıldı”. Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarlarının özlərini Rusiya hakimiyyətinin yerli nümayəndəsi kimi elan etdiklərini xatırladan F.Əhmədova qeyd 1918-ci ilin 10 fevralında Zaqafqaziya Seyminin yaradılmasından da bəhs etdi: “Bundan sonra Osmanlı ilə Seym arasında müharibə başladı və təbii ki, Osmanlı qalib gəldi. İrəvan quberniyasının 7 qəzasından 5-i Osmanlının nəzarətində idi. Ona görə də Zaqafqaziya Seymi yenidən danışıqlara başladı, amma şərtlər təbii ki, ağırlaşdı”.

Tarixçi alim qeyd etdi ki, Azərbaycan torpaqları ilə bağlı məsələlər də əsasən bu dövrdən başlayır: “Osmanlı dövlətinin mövqeyi belə idi: Cənubi Qafqazda iki kanton yaradılsın: müsəlman və gürcü. Yəni erməni kantonundan söhbət getmir. Azərbaycan nümayəndələri isə müraciət etdilər ki, erməni kantonu da yaradılsın. Hətta bunu sübut edən sənəd var, Əli bəy Hüseynzadə, Ağaoğlu, Rəsulzadə, Xasməmmədov onu imzalayıb. Tiflis quberniyasına çar Rusiyası elə ərazilər daxil etmişdi ki, heç vaxtilə gürcülərin ora dəxli olmayıb. Ənvər Paşa və Tələt Paşa qətiyyətlə burada erməni dövlətinin yaradılmasına qarşı idi. Hətta Batum konfransına məktub yazaraq deyirdi çibanı kökündən təmizləmək lazımdır. Qeyd edirdi ki, bu gün Qafqazdakı 400-500 min erməni sabah Amerikanın pulu ilə 4-5 milyon olacaq və bölgədə yeni təhlükə baş qaldıracaq. Azərbaycan Cümhuriyyəti üçün 114 min kv.km –dən söhbət gedirdi. Onun da 97 min kv.km-i tam mübahisəsiz ərazi idi. Gürcüstan dövləti yaranarsa, Tiflis ondan kənarda qalırdı, ermənilər orada üstünlük təşkil edirdilər. Bizim azərbaycanlı nümayəndələr də 400-500 min erməninin də inzibati vahidinin olmasını istəyirdlər ki, Cənubi Qafqazda qırğınlar dayansın, sabitlik olsun”.

F.Əhmədova dedi ki, Bakının işğaldan azad olunması sıradan hadisə deyildi: “Bakı beynəlxalq rəqabət məsələyə çevirmişdi. Yalnız yerli qüvvələr, 5-6 qoçu hesabına Bakı azad oluna bilməzdi. Bəli, bu savaşda yerli qüvvələr də iştirak edib. Amma böyük hərbi arsenalı olan gücdən, Fətəli xanın dediyi kimi, 50 minlik hərbi qüvvədən söhbət gedirdi. Osmanlının hərbi naziri Ənvər Paşanın idealizmi bizi həm xilas etdi, həm də ağrı-acılar yaşatdı. Təbii ki, Osmanlı dövlətinin öz marağı var idi. Amma Azərbaycandan kütləvi şəkildə məktublar da gedirdi, nümayəndə heyətləri də. Sənədlər var ki, Şamaxı qırğınları onun yanında heç nədir”.

İrəvanın güzəştə gedilməsi barədə məsələlərdən bəhs edən tarixçi alimin sözlərinə görə, o dövrdə ermənilərə dövlət yaradılması üçün siyasi mərkəz lazım idi: “Elə çıxmasın ki, İrəvan çox rahatlıqla güzəştə gedilib. Onu güzəşt edənləri vətən xaini, dövlətçiliyə qarşı çıxan adamlar olub demək, bu mövqelər qətiyyən yaramaz! Osmanlı tərəfinin də bu şərti var ki, Bakının xilası İrəvandan keçir. Təsəvvür edin ki, müsəlman fraksiyası maliyyəsi yox, paytaxt yox. Buna dəstək olacaq yeganə qüvvə Osmanlı olmalı idi. O da deyirdi zəif erməni dövləti yaradılmalıdır, üstəlik də Gümrünü vermir və İrəvanın paytaxt olmasını təklif edir. Mayın 26-da Azərbaycan torpaqlarına iddia etməmək şərtilə erməni federasiyasına İrəvanın güzəştə gedilməsinə qərar verildi. Ancaq səsvermə də yekdilliklə olmayıb, iyunun əvvəllərində davamlı müzakirələr olub. İrəvan quberniyasından olan nümayəndələr demişdilər ki, Azərbaycanımızı yaradanda bizi də unutmayın! Çünki onlar taleyin ixtiyarına buraxılırdı. Hətta bundan əvvəl də İrəvanda qırğınlar olmuşdu və növbəti faciələr qaçılmaz idi”.

F.Əhmədova xatırlatdı ki, Batum müqaviləsində İrəvanın güzəştinin qarşılığında ermənilər öz ərazisində yaşayan müsəlmanların təhlükəsizliyi, təhsili ilə bağlı öhdəlik götürüblər: “Amma elə iyun ayında Qarabağın dağlıq hissəsi ilə bağlı iddia qaldırdılar, bu ərazilərdə “Böyük Ermənistan” xəritələrini yaydılar”. Tarixçi alim İrəvanın 99 illik icarəyə verilməsi ilə bağlı fikirləri təkzib etdi, bildirdi ki, belə bir fakt mövcud deyil. Amma İrəvanın məcburən güzəşt edilməsi ilə bağlı heyrətamiz fikirlər söylədi: “Milli Şura Azərbaycana məxsus ərazinin güzəştə gedilməsi barədə sənədi ortada olsa da, ermənilərdə belə bir sənəd yoxdur. Fətəli xan Xoyski Rəsulzadəyə yazırdı ki, əgər ermənilər Dağlıq Qarabağa iddialarına son verməsələr, onda biz Erməni Milli Şurası ilə şifahi razılaşma əsasında İrəvanı güzəştə getməyimizlə bağlı qərarımızdan imtina edəcəyik. Şifahi razılaşmanın səbəbinə gəldikdə, o dövrdə proseslər çox sürətlə gedirdi və oturub sənəd imzalamaq da mümkün deyildi. Amma bu, o demək deyil ki, söhbət İrəvan quberniyası və ya qəzasından gedir. Yalnız iki qəzanı təşkil edən İrəvan şəhəri ermənilərə güzəşt edilib. Lakin bundan sonra erməni hərbi birləşmələri İrəvan ətrafındakı 5 qəzanın da ərazisini işğal etdi”.

Araşdırmaçı alim azərbaycanlı əhalidən fərqli olaraq, ermənilərin kütləvi şəkildə silahlandırıldığını diqqətə çatdırdı? “Müsəlmanları hərbə çağırmırdılar, onları silahlanmağa qoymurdular, ancaq ermənilər kütləvi şəkildə silahlandırılırdı. 1918-ci ilin əvvəllərindən ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınları başlamışdı. Bir tərəfdən Ararat Respublikası, digər tərəfdən Andronikin dəstəsi kütləvi qırğınlar törədirdi”.

Dəhşətli hal budur ki, o dövrdə Osmanlı ordusunun Azərbaycanın çıxarılmasının ardınca ingilislərin Azərbaycanı işğal planında ermənilər də yer almalı imiş: “Ancaq Azərbaycan hökuməti siyasi iradəsini ortaya qoydu, dərhal ABŞ prezidenti Vudro Vilsona teleqram vurdu ki, biz də müstəqil yaşamaq istəyirik. Həmçinin Ənzəliyə, Tomsonu qarşılamağa nümayəndə heyəti göndərdi ki, biz sizinlə əməkdaşlıq etməyə hazırıq. Dərhal Türkiyə bayrağı ilə oxşar olan bayrağın yerinə üçrəngli bayraq qəbul olundu, parlamentin çağırılması istiqamətində işlər başlayır. Azərbaycan hökuməti ona nail oldu ki, general Tomsonla birlikdə ermənilər Bakıya daxil ola bilmədi. Bu iki aylıq fəaliyyətin nəticəsində Tomson Fətəli xan Xoyskinin çox bacarıqlı dövlət adamı olduğunu deyirdi. Tomson Bakının qubernatoru oldu, üstəlik Bakı polisi də ingilislərdən ibarət idi. Həmçinin Azərbaycan ordusu Bakıdan çıxarıldı və Gəncəyə göndərildi 1919-cu ilin avqustunda ingilislər Bakını tərk edəndə N.Yusifbəyli Azərbaycan xalqını tam müstəqil olması münasibətilə təbrik edir”.

F.Əhmədova tarixi sənədləri jurnalistlərə təqdim edərək bildirdi ki, o zaman Qafqazdakı 4 respublika ilə əlaqədar 11 ərazi iddiası var idi, amma əksəriyyəti də Azərbaycan əraziləri idi: “Bu mübahisələrin Paris Sülh Konfransında həllini tapacağını dedilər. Amma o dövrdə ilk hücumu Gürcüstan Borçalı bölgəsinin üzərinə etdi. Sonra isə Zaqatala bölgəsinə iddia irəli sürdülər. Rəsulzadə Türkiyədə Ənvər Paşa ilə müzakirə aparanda Borçalı ilə bağlı xüsusilə israr edirdi. Təkcə Qazax rayonunun və Şərurun xeyli hissəsi indiki Ermənistan ərazisinin tərkibində qalıb. Dağlıq hissə ermənilərin əlinə keçdi. Zəngəzura gəldikdə 1919-cu ilin 23 noyabrında Azərbaycan və Ermənistan arasında qoşunların çıxarılması sazişi imzalandı. Azərbaycan sazişə əməl etsə də, erməni qoşunları hücuma keçib əhalini kütləvi şəkildə qırdı. 1919-cu ilin dekabrında Azərbaycan parlamentinə müraciətlər gəlirdi ki, Zəngəzur sarıdan başınız sağ olsun! 1919-cu ilin fevralından etibarən Ermənistan Azərbaycana nota verməyə başladı. Çünki Xosrov Paşa Sultanovun rəhbərliyi ilə qubernatorluq yaradıldı, erməni separatçılar çıxarılmağa başladı. 1919-cu ilin avqustunda ermənilər Azərbaycanın tabeçiliyini qəbul etdilər. Lakin 1920-ci ilin əvvəlində ermənilər qiyam qaldırdılar. Bu isə sovet ordusunun aprel ayında Azərbaycana müdaxiləsi, şimaldakı qoşunların Qarabağa yönəldilməsi üçün lazım idi”.

Tarixçi xanım qeyd etdi ki, Zəngəzur itiriləndən sonra Azərbaycan torpaqlarının növbəti hissəsinin – Dağlıq Qarabağın taleyi ilə bağlı 1921-ci il iyulun 4-5-də həlledici iclas oldu: “4 iyulda qərar qəbul olundu ki, Dağlıq Qarabağ Ermənistana verilsin, 5 iyulda isə bu qərar ləğv olundu. Bu, Nəriman Nərimanovun prinsipial mövqeyi nəticəsində baş verdi. Ermənilərin bu məsələdə Stalinin rolunun olması barədə iddialarına gəldikdə, Stailn həmin dövrdə Nalçikdə dincəlirdi. Amma istirahətini yarımçıq qoyub iyul ayındakı iclasda iştirak edib. Bununla belə, nə çıxış edib, nə də səsverməyə qatılıb”.

Bu gün ermənilərin Dağlıq Qarabağla bağlı referendum tələb etmələrinə diqqət çəkən F.Əhmədova dedi ki, 100 əvvəl də belə iddia və tələblər var idi: “Referendum məsələsi o zaman da qaldırılıb. Nərimanov deyirdi rəy sorğusu Qarabağ ərazisi içərisində, ermənilər isə deyirdi ki, ermənilərin yaşadığı ərazidə keçirilməlidir. Ancaq məsələ həllini tapmadı. 1988-ci il göstəricilərini götürsək, səsvermə keçirilsə, təbii ki, bu, azərbaycanlıların xeyrinə olmayacaq. Özü də o zaman “Dağlıq Qarabağ” yox, “Qarabağın yuxarı hissəsi” yazılırdı. Muxtariyyət qərarına görə, mərkəz Şuşa şəhəri olmalı idi. Amma bu, mümkün olmadı. Nərimanov yazırdı ki, Mirzoyanın təkidi ilə Azərbaycanın “göbəyində” muxtar vilayət yaradıldı. Yəni o, buna da etiraz edirdi”.

Elşad PAŞASOY,
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR