34224 nəfər ali məktəbə qəbul olub, 700 bal yığan abituriyentlər də ixtisaslarını seçib
Ötən gün ali məktəblərə ixtisas seçimi yekunlaşıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 12-də “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
Tələbə adı qazanmış şəxslər 2016-cı il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. Ümumilikdə ali təhsil müəssisələrinin müsabiqəsində 38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Qeyd edək ki, 700 bal toplamış abituriyentlərin də təhsil alacaqları ali nməktəb və fakültə artıq bəllidir. Qeyd edək ki, bu il I və IV ixtisas qruplarından imtahan verən 6 abituriyent, II və III ixtisas qrupu üzrə isə 4 abituriyent 700 bal toplayıb. I qrup üzrə 700 bal yığan Tural Ağayev, Rəvan Nəzərəliyev və Nadir Sulatanlı Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması ixtisasını seçib. IV qrup üzrə 700 bal yığan Səbinə İsmayılova və Ağalətif Lətifov Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisasını seçib. Digər 700 bal toplayan Orxan Zülfüqarov da Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisasını seçsə də atası Orxanın atası Əzim Zülfüqarov Modern.az-a bildirib ki, xaricdə təhsil proqramı dayandığından oğlu məcburən Azərbaycan Tibb Universitetini seçdi. O, əlavə edib ki, 2-ci kursdan Orxanı təhsilini davam etdirməsi üçün xaricə göndərmək istəyir.
III ixtisas qrupu üzrə 700 bal yığan Təbriz Qasımov Prezident yanında Dövlət İdarəçilik Akamdemiyasının hüquqşünaslıq ixtisasını seçib. Elvin İsayev isə Bakı Dövlət Universitetinin hüquqşünaslıqixtisasını seçdiyini deyib.
II ixtisas qrupu üzrə 700 bal yığan Şahbaba Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisasını seçdiyini açıqlayıb. O, rus bölməsi üzrə imtahan verib. Fərid Hüseynov isə ADA Universitetinin iqtisadiyyat ixtisasını seçdiyini bildirib.
Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.
Günel MANAFLI






