İnsanlara hürriyət, millətlərə istiqlal!

31 Mart şəhidləri anılacaq, amma xiyaban ziyarət edilməyəcək - siyasi qüvvələrdən açıqlama

437 29.03.2020 16:22 Ölkə A A

Tural Abbaslı: “Bütün kütləvi tədbirləri təxirə salmışıq”

Xəzər Teyyublu: “Koronavirus təhlükəsizlik tədbirlərinə riayət edilməsini tələb edir”

Əli Orucov: “Qərarlara uymaq zorundayıq”

31 martda erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 102 il ötür. Hər il bu tarixi faciə ilə bağlı Şəhidlər Xiyabanı ziyarət olunur, hadisə qurbanları yad edilir. Bu il dünyanı ağuşuna alan koronavirus təhlükəsi səbəbindən siyasi qurumlar tərəfindən 31 mart qurbanlarının yad edilib-edilməyəcəkləri ilə maraqlandıq.

Təklif var ki, qurultayı keçirməyək” - — Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı ziyarət təşkil etməyəcəklərini açıqladı: “Biz AĞ Partiya olaraq hər il belə əlamətdar hadisələri bu və ya digər formada qeyd edirik. Tək biz deyil, demək olar ki, siyasi səhnənin bütün iştirakçıları bu məsələlərdə həssasdır. Lakin, bildiyiniz kimi, bu il koronavirus pandemiyası ilə əlaqədar olaraq karantin rejimi elan olunub. Bu rejim tək Azərbaycanda deyil, demək olar ki, dünyanın əksər ölkələrində elan olunub. Karantin rejimi ilə əlaqədar dövlət bütün kütləvi siyasi və idman tədbirlərini təxirə salıb. Həmçinin karantin rejiminin şərtlərinə əsasən ölkə ərazisində də 10 nəfərdən artıq insanın toplaşması qadağan edilib. Odur ki, həm AĞ Partiya, həm də Qarabağ Komitəsi olaraq, karantin rejimi ləğv edilənədək bütün kütləvi tədbirləri təxirə salmışıq. Hətta AĞ Partiyanın və Qarabağ Komitəsinin idarə heyətlərinin həftəlik iclasları da təxirə salınıb. Yəni ənənəvi formada keçirilən iclaslarımız təxirə salınıb. Hər iki qurumun rəhbər orqanlarının toplantıları sosial şəbəkələrin yaratdığı imkanlar çərçivəsində distant formada həyata keçirilir. İnşallah, koronavirus bəlası ölkəmizin və dünyanın başından dəf olan kimi həyatımızı və fəaliyyətimizi həmişəki qaydada davam etdirəcəyik”.

KXCP-nin idarə heyinin üzvü Xəzər Teyyublu hər hansı bir tədbirin keçirilməsinə lüzum görmür: “31 mart soyqırım ilə bağlı düşünürəm ki, tədbirlərin keçirilməsinin heç bir lüzumu yoxdur. Hər il bu tədbir siyasi partiyalar tərəfindən həyata keçirilir. Türkiyə səfirliyi ənənəvi olaraq, Şəhidlər Xiyabanında tədbirlər planı həyata keçirir. Bu il koronavirus təhlükəsizlik tədbirlərinə riayət edilməsini tələb edir. Bu baxımdan 31 mart soyqırımının ildönümündə insanların topa-topa yığılaraq, kütləvi tədbirlər keçirməsini təhlükə hesab edirəm. Məncə, “evdə qal” prinsipi davam etməlidir. Bu soyqırım günü ilə bağlı hər hansı bir siyasi fəal istəsə sosial mediada mövqe ortaya qoya bilər. Hesab edirəm ki, bu soyqırımla əlaqədar aktivlik nümayiş etdirilməlidir. Amma istənilən halda bu soyqırımla bağlı kütləvi toplantların keçirilməsini düzgün hesab etmirəm”.

Əli Orucov: “İdman, musiqi kimi sahələr xalqlar və millətlər ...

AMİP katibi Əli Orucov: “Koronovirus pandemiyası ilə bağlı partiyanın planlaşdırdığı və həyata keçirəcəyi tədbirlərin hamısı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Hətta 15 gündən gec olmayan Siyası Şuranın iclasları da keçirilmir. Operativ qərargahın qərarlarına uyğun olaraq AMİP 31 Mart - soyqırım qurbanlarını kollektiv şəkildə yad edə bilməyəcək və təəssüf ki, mövcud şərait bunu tələb edir və bu tələb və qərarlara uymaq zorundayıq. İstər şəhidlərimizin, istərsə də soyqırım qurbanlarının əziz xatirəsi həmişə qəlbimizdədir”.

Qeyd edək ki, əsas müxalif qüvvələrdən sayılan Müsavat və əsasən AXCP-dən ibarət olan Milli Şuranın da 31 mart qurbanlarını yad etmək üçün Şəhidlər Xiyabanına ziyarət təşkil etməyəcəkləri dəqiqləşib. Belə ki, hər iki siyasi qurumun sosial şəbəkələrdəki səhifələrində bu barədə heç bir paylaşım yoxdur. Halbuki, bu tipli faciələrdə günlər öncədən həmin siyasi qüvvələr insanları ziyarətə çağıran paylaşımlar edirdilər.

Cavanşir Abbaslı,
Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR