Ölkədə ilan sancmasına qarşı yetərincə zərdab varmı - açıqlama
Yay mövsümü başlayan kimi, ilan sancmaları da artmağa başlayır. Artıq həm Bakıda, həm də bölgələrdə ilan sancmaları ilə bağlı xəbərlərə rast gəlirik. İlan sancan şəxslər arasında uşaqlar da var.
Ümumilikdə isə aprel ayından bu günə qədər 30 nəfər ilan sancmasından Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Bu barədə şöbənin müdiri Azər Maqsudov “Yeni Müsavat”a açıqlamasında bildirib. O qeyd edib ki, daxil olan müraciətlərdə ölüm faktı yoxdur:
“İlan sancması zamanı ölüm halı yaşanmayıb. İlan sancanlar arasında 8 nəfər azyaşlı uşaq var. Şöbəmizə həm Bakı şəhəri, həm də bölgələrdən müraciətlər daxil olub”.

Azər Maqsudov qeyd edib ki, ölkədə ilan sancmalarına qarşı yetərli qədər zərdab var:
“Zərdab artıqlaması ilə var. Yəni zərdab problemi yaşamırıq. Bu məsələ hərtərəfli təşkil olunub.
Bölgələrdəki mərkəzi xəstəxanalar, bütün təcili tibbi yardım briqadaları zərdabla təmin olunub. O ki qaldı kənddəki məntəqələrə, gərəkdir ki, rayon mərkəzi xəstəxanalarına müraciət edib, vaxtlı-vaxtında zərdab alsınlar. Ola bilər ki, hansısa kənddə zərdab az alınsın və yaxud çox istifadə olunsun. Amma bir daha qeyd edirəm ki, bunun üçün vaxtında müraciət edib, zərdab almaq lazımdır. Biri var ki, olmasın və bu zaman həqiqətən problem yaşaya bilərik. Amma faktiki olaraq zərdabımız var və hamısı da təmənnasızdır. Şəxsən mən bu məsələyə ciddi nəzarət edirəm".
Azər Maqsudovun sözlərinə görə, havalar isindikcə müraciətlər arta bilər: “Bunun üçün təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Xüsusən də kənd təsərrüfatında, yol kənarlarında işləyənlər özlərini qorumalı, əlcəklərdən, rezin geyimlərdən istifadə etməlidirlər. İlan sancmasından qorunmağın birinci yolu budur.
Xüsusən də çayqırağı zonalarda və meşələrdə ətrafı diqqətlə nəzərdən keçirmək lazımdır. Təhlükəli gürzə ilanı əsasən insanın ətraf orqanlarını dişləyir. Əgər hər hansı bir hadisə baş verərsə, ilan dişləyən yeri sıxıb zəhəri çıxartmağa çalışmaq, daha sonra xəstəni hərəkətsiz vəziyyətdə saxlayaraq təcili yaxınlıqdakı tibb məntəqəsinə çatdırmaq lazımdır. Məntəqədə ilan sancan adama mütləq zərdab vurulmalıdır.
Əgər məntəqə uzaqdırsa, yaralı yerin nahiyəsindən bir qədər yuxardan tənziflə sıxmaq olar. Lakin diqqət etmək lazımdır ki, tənzif bərk sıxılmasın. Yodla da yaralı nahiyəni silmək olar. Amma əsas odur ki, azı 30-40 dəqiqə ərzində xəstə təcili olaraq həkimə çatdırılsın".

Bəs zərdab nədən hazırlanır?
Mütəxəssislər bildirir ki, zərdab xüsusi zülal - at qanından düzəldilir. Bəzi insanlarda zərdablara qarşı anafiliktik şok yaranır və xəstə dünyasını dəyişə bilər. Bundan əlavə, heç zərdab da tam qorunma üsulu deyil. Belə hallarda digər müalicə üsulları mümkündür. Bunları da yalnız xəstəxana şəraitində aparmaq olar.
Mütəxəssislər bildirir ki, ölmüş bilinən ilana belə yaxınlaşmaq olmaz. Çünki bəzən sürünənlər özünü ölmüş kimi göstərə bilir. Zəhərli ilanı zərərsizdən seçmək lazımdır. Belə ki, adətən təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fısıltı və şaqqıltı səsləri çıxarır.
Toksikoloqlar qeyd edir ki, ilanlar adətən insanın ətraflarına, xüsusən də aşağı ətrafına hücum edir. Bu zaman yaralı insanı hərəkətsiz hala gətirib, dişlənmiş yaranı yodla steril etmək və dərhal həkimə çatdırmaq lazımdır. Yaralını həkimə çatdırana qədər ilan sancan ətrafa yaxın oynaqları işlətmək olmaz. Çünki bu, zəhərin bədənə tez yayılmasına köməklik edə bilər. Sadəcə, həmin ətrafa yüngül, sıxmayan steril sarıq qoymaq olar. Yaranı sorub zəhəri çıxartmaq və ya həmin ətrafı kəsmək, üzərinə qatıq qoymaq məsləhət deyil. Ona görə ki, tez bir vaxtda çirklənmiş yara infeksiyalaşmış yaraya keçir və sonra fəsadlaşmış hal alınır.
Xalidə GƏRAY,
“Yeni Müsavat”






