İrandan gətirilən 250 kiloqram narkotiki Azərbaycandan tranzit keçirməklə Ukraynaya aparmaq istəyərkən saxlanılan yük maşınının sürücüsü barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Musavat.com xəbər verir ki, gömrükdə külli miqdarda narkotik vasitə ilə saxlanılan 1962-ci il təvəllüdlü Ağayev İmamverdi Abusət oğlu barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.
Yasamal Rayon Məhkəməsi İmamverdi Ağayevin azadlığa buraxılmasını təmin etməyib. O, bu qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, yük maşınının sürücüsü olan İmamverdi Ağayev 3 iyul 2018-ci il tarixində Astara gömrük keçid məntəqəsində saxlanılıb. Onun idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomobili stasionar rentgen qurğusunda yoxlamadan keçirilərkən avtomobilin yük yerində olan sodium karbonat yükünün içərisindən 25 ədəd politilen torbalara qablaşdırılmış, ümumi çəkisi 256 kiloqram 365 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilib.
İ.Ağayevə qarşı irəli sürülmüş ittihamda yazılır ki, o, istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. İttihama görə, əldə edilmiş ümumi razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi heroini Azərbaycandan tranzit olaraq Ukrayanaya aparmaq istəyib.
Elan olunmuş ittihamla İ.Ağayev özünü təqsirli bilmir. Deyir ki, beynəlxalq yük daşıdığı üçün onun tərkibinə baxmaq ixtiyarı yoxdur. Bu iş üzrə diqqət çəkən ən əsas maraqlı məqam isə İ.Ağayevin idarə etdiyi maşına malın İran gömrüyündə yüklənməsidir.
Rəsmi sənədlərlə də sübut olunur ki, qeyd edilən heroin Astara gömrüyünün anbarında vurulub. İ.Ağayev məhkəmədə bildirib ki, maşınına yüklənən mal İran gömrüyündə vurulub və möhürlənib. Cəmi 250-300 metr sonra Azərbaycan gömrüyünə daxil olanda mal saxlanılıb.
“Mən beynəlxalq yük daşıyan sürücüyəm. Malın sahibi bəllidir. Haradan alındığı da rəsmi sənədlərdə göstərilir. Həmçinin malın Ukraynada hansı şirkətə və ünvana aparılacağı da qeyd edilib. Bu ittihamla özümü qətiyyən təqsirli bilmirəm”- deyə həbs edilən İ.Ağayev söyləyib.
İmamverdi Ağayevin oğlu Şəhriyar Ağayev musavat.com-a bildirib ki, atası barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas olmayıb. Onun sözlərinə görə, bu işdə cinayət tərkibinin olmaması, əksinə həbsin seçilməsindən imtina olunması üçün əsasların olmasına baxmayaraq məhkəmə qanunsuz və əsassız qərar qəbul edib.
“Atamın qeyd edilən cinayət əməlinə aidiyyətinin olmasını təsdiq edən hər hansı bir sübutlar göstərilməyib. Azadlıqdan məhrumetmə cəzası istintaq orqanlarının daxili hislərinə, adi duyğularına əsaslana bilməz. Atamın bu əməlləri qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə törətdiyi göstərilsə də, həmin qrupda olan şəxslərin sayı, qrup üzvlərinin şəxsiyyətləri və əvvəlcədən aralarında olan sövdələşmə və rol bölgüsü haqqında ümumiyyətlə cinayət işinin materiallarında hər hansı bir dəlil mövcüd deyil.
İbtidai istintaq orqanına təqdim edilmiş və üzərində yükün sifarişçi və tədarükçüsünü göstərən sənədlərdən görünür ki, yükü tədarük edən İran İslam Respublikasına aid “Mojtaba Shage Azar” şirkəti 28 iyun 2018-ci il tarixdə içərisində narkotik vasitə olan heroin “Sodium Bicarbonate” yükünü İran İslam Respublikasının Astara gömrük idarəsinin anbarına göndərirlər. Həmin sənəddə şirkətin səlahiyyətli şəxsi Salaheddin Sedeginin adının göstərilməklə, yükün son ünvanı olaraq Ukrayna Respublikasının Çernomorsk Odessa vilayətinin Xerson şəhəri, Nikolayevskoe şossesi 19 A ünvanında yerləşən “LLC LİSİNTRA” şirkətinin olması göstərilir. Atamın hər hansı bir cinayət əməlini törətməsi istintaq materialları ilə sübuta yetirilmir, ona qarşı verilmiş ittiamda təqsirli olmasına dair hər hansı bir hüquqi bağlılıq yoxdur” - deyə Ş.Ağayev bildirib.
Qeyd edək ki, İ.Ağayevə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılı; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-cü (narkotik vasitə əldə etmə və satma; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (narkotik vasitə əldə etmə və satma; külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
İlkin Muradov,
Musavat.com






