İnsanlara hürriyət, millətlərə istiqlal!

25 ÖLKƏNİN QHT TƏMSİLÇİLƏRİ BAKIDA TOPLAŞDI

864 26.11.2010 09:38 Ölkə A A

Giriş nitqi ilə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev tədbirdə 25-dən çox ölkədən gəlmiş QHT təmsilçilərinin iştirak etdiyini söylədi: “İlk dəfədir ki, Azərbaycanda üçüncü sektorla bağlı belə böyük beynəlxalq konfrans keçirilir. Burada əsas məqsəd ölkəmizdə QHT-lərin inkişafına töhvə verməkdir”. Son üç ildə bu sektora dövlətin xüsusi diqqət yetirdiyini vurğulayan Şura sədri xüsusilə prezidentin bu sektorla bağlı imzaladığı sərəncama diqqət çəkdi.
Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov çıxışında bildirdi ki, o, Azərbaycanın Avropaya inteqrasiya etməli olduğu barədə fikirlə razı deyil: “İnteqrasiyalar qarşılıqlı olmalıdır. Azərbaycanın Avropaya inteqrasiyasından danışırıqsa, Avropanın da Azərbaycana inteqrasiyasından danışmalıyıq. Bu gün bizim milli-mənəvi dəyərlərimizi Avropa öz ölkələrinə ixrac (yəqin ki, komitə sədri idxal demək istəyib-red.) edir”. Ə.Həsənov onu da qeyd etdi ki, bəzən beynəlxalq təşkilatlar və xarici ölkələr Azərbaycana uyğun olmayan məsələləri qəbul etdirmək istəyib ki, haqlı olaraq buna da imkan verilməyib. Ölkə rəsmisi müstəqil QHT-lərin olması fikri ilə də razılaşmadı: “Əgər QHT maliyyələşdirilirsə, ona donor diqtə edirsə, demək müstəqil deyil”.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkə üzrə koordinatoru cənab Keith Simmons tədbiri təşkil etdiyi üçün hökumətə təşəkkür etdi: “Bu, bir öhdəlik, vətəndaş cəmiyyətini dəstəkləməyin göstəricisidir. Azərbaycan vətəndaş cəmiyyətində hələ görüləsi işlər çoxdur. ABŞ bu inkişafı dəstəkləyir”.
"Counterpart İnternational" təşkilatının vitse-prezidenti xanım Arlene Leardə tədbirdə iştirakdan qürur duyduğunu söylədi və təşkilatçılara təşəkkür etdi: “Mən xüsusilə QHT Şurasının yaradılmasını alqışlayıram. Bu, Azərbaycan hökumətinin öhdəliyinin göstəricisidir. Azərbaycan hökuməti bura 5 mln. 400 min manatlıq böyük bir yatırım qoyub. Dövlət Dəstəyi Şurasının rəhbəri kimi Azay Quliyev özünü çox güclü lider kimi göstərib, həm QHT-lər, həm də dövlət tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu sektora ayrılan vəsaitlərin az olması diqqət çəkə bilər. Amma bütün ölkələrdə olduğu kimi, başlanğıc üçün normaldır”.
ATƏT-in Bakı ofisinin rəhbəri cənab Ali Bilge Cankorel öncə A.Quliyevi fəaliyyətinə görə təbrik etdi və Şuranın işinə hər cür dəstək verəcəklərini bildirdi. Qeyd etdi ki, Azərbaycan postsovet məkanında QHT-lərin inkişafına görə öncül yerlərdə qərarlaşan ölkələrdəndir. A.Cankorel QHT-lərin müstəqil olmadığı barədə Ə.Həsənovun dediklərinə də reaksiya verdi: “Sizin dediklərinizlə hardasa razılaşmaq olar. Amma önəmli olan QHT-lərin hökumətlərdən müstəqil olmasıdır”. ATƏT rəsmisi konfransın keçirilməsini yüksək qiymətləndirdi: “Bu konfrans Azərbaycanın öhdəliklıərini yerinə yetirməsi baxımından önəmlidir”. QHT-lərin fəaliyyəti ilə bağlı bəzi problemlərin həllini vacib sayan A.Cankorel ölkədə sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasına da toxundu: “Bu sahədə bürokratik əngəllərin aradan qaldırılması önəmli məsələdir”.
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun nümayəndəsi Fərda Əsədov çıxışında “Soros” Fondunun 1997-ci ildən fəaliyyət göstərdiyini qeyd etdi və Azərbaycana töhvə verməkdə davam edəcəklərini dedi: “Biz müxtəlif ölkələrin təcrübəsini nəzərə alıb Azərbaycanda yeni bir təcrübə yaratmalıyıq. ”Soros" bu təcrübənin Azərbaycanda yayılmasında çox maraqlıdır və dəstək verməyə hazırıdır".
Çıxışlardan sonra ayrı-ayrı zallarda seminarlar öz işinə başladı. Qeyd edək ki, konfrans bu gün işini davam etdirəcək və yekun bəyannamə imzalanacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR