İnsanlara hürriyət, millətlərə istiqlal!

25-ci DAİRƏNİN SEÇİCİLƏRİNİN ŞƏXSİYYƏT VƏSİQƏSİ YIĞILIR

2659 29.10.2010 09:44 Ölkə A A
Rauf Arifoğlunun geniş tərkibli Seçki Qərargahının üzvləri və seçicilərin aktivliyi sayəsində demək olar ki, bütün qanunsuzluqlar barədə anındaca xəbər tutub, onları fiksə edə bilirik.
Son iki gündə bu qanunsuzluqlar ifrat həddə çatıb. Belə ki, YAP-ın namizədinin adamları olduğunu bildirən şəxslər Bəhruz Nuriyev, Çobanzadə, Naxçıvanski küçələrindəki, Qara Qarayev prospektindəki binaları qapı-qapı gəzərək təxribatla məşğul olurlar. Bu faktla üzləşən seçicilərdən biri dedi: “Qapını döyüb YAP namizədinin adamları olduqlarını dedilər, daha sonra mənə bir ”list" təqdim etdilər, dedilər ki, səs verəcəyin namizədin adını yaz, öz kimliyini qeyd et, qarşısından da qol çək. Mən buna etiraz etdim, dedim ki, mən Rauf Arifoğluna səs verəcəm. Bu zaman onlar hədə-qorxu gəlməyə başladılar ki, seçki boş şeydir, Sədaqət Vəliyeva iqtidarın adamıdır, artıq danışılıb, mandat ona veriləcək. Mən onlara qanunu pozduqlarını, cinayət etdiklərini, prezidentin siyasətinə qarşı çıxdıqlarını dedim. Bundan sonra sakitcə çıxıb getdilər. Bəlli oldu ki, adamlar sadəcə insanlara hədə-qorxu gəlirlər".
Başqa bir seçici isə “Yeni Müsavat” qəzeti ilə əlaqə saxlayaraq bildirdi ki, 25-ci dairə ərazisində yaşayan və Neft Şirkətində çalışan seçicilərin şəxsiyyət vəsiqəsi yığılır: “Mən özüm Neft Şirkətində işləyirəm, bütün seçicilərdən şəxsiyyət vəsiqələrini yığırlar. Burada məqsəd səsvermə günü onların adından səsləri saxtalaşdırmaqdır”.
Daha bir seçici isə Nizami rayonundakı uşaq bağçalarının da saxtakarlıq prosesinə cəlb edildiyi barədə “Yeni Müsavat”a məlumat verib. Rayon sakini bildirib ki, övladı Nizami rayonunda yerləşən neft şirkətinin bağçasına gedir: “Bu bağçada neft şirkətinin işçilərinin uşaqlarına ödəniş 20 manat, başqalarının övladlarına isə 100 AZN-dir. Bu gün məni uşağın tərbiyəçisi bağçanın direktorunun yanına göndərdi ki, işi var. Direktor qısaca dedi ki, bu rayonda Rövnəq Abdullayev və Sədaqət Vəliyeva namizəddir. Onları mənə xeyli təriflədikdən sonra şəxsiyyət vəsiqəmin nömrəsini istədi, bunu yuxarıdan gəlmiş blanka yazacağını dedi. Mən bunun səbəbini soruşdum. Amma düzgün bir izah verə bilmədi. Sadəcə dedi ki, bütün valideynlərə belə təklif olunur”.
Rauf Arifoğlunun Seçki Qərargahı bu faktları fiksə edib, onlarla bağlı müvafiq qurumlara şikayət hazırlanır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR