Xəbəri aldıqdan dərhal sonra sözügedən ünvana yollandıq. Xeyir-şər evinin qarşısında Neft Şirkətinə məxsus maşın və 15-20 nəfər adam var idi. Adamlardan birindən təmir işlərinin kim tərəfindən aparılmasını soruşduq. Sakinlər gah İcra Hakimiyyəti, gah MİS, gah da özləri tərəfindən təmir edildiyini söylədilər. Özünü Çingiz Quliyev kim təqdim edən şəxs əvvəlcə hansısa özəl şirkətdən gəldiyini desə də, dərhal təkzib etdi: “Sizdən gizlədəcək deyilik. Əslində görülən işlər savabdır. Biz illərdir buranı heç kimə düzəltdirə bilmirik. Ancaq bu yaxınlarda bizim namizədimiz olan Sədaqət xanımdan xahiş etdik. O da İcra Hakimiyyətinə göstəriş verdi. Gördüyünüz kimi, artıq dünəndən təmir işlərinə başlanıb”.
Sakinlərdən şəxsiyyət vəsiqələrinin toplanması ilə bağlı sualımıza isə heç kim cavab verə bilmədi.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin rəhbəri Babək Tatlıyevlə əlaqə saxladıq. O, sözügedən ünvanda aparılan təmir işlərindən xəbərdar olduğunu bildirdi: “Mən az öncə həmin xeyir-şər evində idim. Özüm şəxsən təmir işlərinə nəzarət edirəm. Bələdiyyə ilə birlikdə görürük işləri. Təmir işinə görə sakinlər də bizə müraciət ediblər”.
Qeyd edək ki, B.Nuriyev 46 ünvanının sakinləri xeyir-şər evinin təmirinə ehtiyac olması barədə Rauf Arifoğlu ilə görüşdə məlumat vermişdilər. Rauf Arifoğlu bu işin deputatlığa namizəd tərəfindən görülməsinin qanunsuz olduğunu bildirərək, məsələnin “Yeni Müsavat” qəzetində işıqlandırılacağını və bu haqda yerli icra strukturlarına məlumat verəcəyini demişdi. Ötən saylarımızda bu barədə yazmışdıq. Hər bir yazdığımıza reaksiya verən İcra Hakimiyyəti bu işi görürsə, sevindirici haldır. Ancaq təəssüf ki, gördüyümüz və eşitdiklərimiz Nizami Rayon İcra Hakimiyyəti rəsmilərinin dedikləri ilə üst-üstə düşmür. B.Tatlıyev də bizimlə söhbətində dedi ki, seçki ərəfəsi olduğu üçün gördükləri bütün işlər YAP-çı namizədin adına çıxılır: “Biz indi iş görməyək ki, hansısa namizədin adına çıxılacaq? Biz bu işləri sakinlərin müraciətinə əsasən görürük”.
“Bəs bu günə kimi həmin işlər nə üçün görülmürdü” sualına isə B.Tatlıyevin cavabı belə oldu: “Biz mart, iyun aylarında da xeyir-şər evi təmir etdirmişik. İndi növbə bu ünvana çatıb. Yenə deyirəm, görülən işlər tərəfimizdən həyata keçirilir”.
B.Tatlıyev, özünü ARDNŞ-in əməkdaşı kim təqdim edən Çingiz Quliyevin “görülən işlərin Sədaqət Vəliyeva tərəfindən aparılır” deməsinin isə araşdırılacağını bildirdi: “Baxaq görək, kimdir o şəxs ki, bizim gördüyümüz işləri Sədaqət Vəliyevanın adına çıxır”.
***
Dünən dairə ərazisində - B.Nuriyev küçəsi 79, 81 ünvanından daha bir qanunsuzluq barədə məlumat daxil oldu. Belə ki, hər iki binadan qapı-qapı gəzərək seçicilərin şəxsiyyət vəsiqələrinin nömrəsini götürüblər. Onlar bunu həm seçicilərin reytinqini öyrənmək üçün, həm də Sədaqət Vəliyevaya səs toplamaq üçün etdiklərini bildiriblər.






