İnsanlara hürriyət, millətlərə istiqlal!

22 il öncə fevralda ölüm hökmü ömürlük cəza ilə əvəz edildi - Mübariz Əsgərovun filmi

6491 17.02.2020 14:09 Yaxın tarix A A

1998-ci ilin fevralında Azərbaycanda mərhum prezident Heydər Əliyevin qərarına əsasən ölüm hökmü ləğv edildi.

Hər anı ölüm gətirən,hər söhbəti ölümlə bağlı olan,hər açılan güllədən sonra bir sakini azalan Bayıl həbsxanasının "Beşinci korpus"u bəlkə də yarandığı ilk gündən bəri ilk dəfə sevincdən titrədi. Həmin gün ölüm hökmünün ləğv olunduğu gün idi. Həmin gün qaranlıq ölüm kameralarına ilk dəfə işıq düşdü.

Güllə korpusu adlanan binada cəza çəkən məhkumların ötən hər günü həbsxana həyatının unudulmaz xatirələrinə çevrilib. Ölüm hökmü almış məhkumları güllələməyə necə aparırdılar,öz növbəsini gözləyənlərə bu hadisə necə təsir eliyirdi? Bunlar dedektiv ədəbiyyatdan seçilmiş əhvalatlar yox,ölüm hökmü almış məhkumların gündəlik yaşantıları idi...

Güllələnməyə aparılanda gedər-gəlməz yolda addımlayan məhkum kamera yoldaşları ilə sağollaşır, onlara azadlıq arzu edirdi. Cavabında isə bu sözləri eşidirdi: "Allah sənə rəhmət eləsin!" Diri ikən bu sözləri eşidən məhkumun nələr yaşadığını təsəvvür eləmək çətin deyil.

Ölüm hökmü ləğv ediləndə ölümə məhkum edilmiş 128 nəfər öz ölümünü gözləyirdi. Cəzaları icra olunmamış həmin məhkumlara ömürlük həbs cəzası verildi. Onların çoxu indi cəza çəkir.

Müəllifi olduğum "Ölüm hökmü-ömürlük cəza" sənədli filmində ölüm hökmü alanların - hətta hökmü yerinə yetirənin həyəcanl danışıqlarına geniş yer verilib.

Ölüm hökmü... Ömürlük cəza... İnsanı həyatdan və azadlıqdan həmişəlik məhrum edən ən ağır cəzalar.... Filmin mövzusu bu dəhşətli cəzaların tarixi, tətbiq olunma formaları və faciəli yaşantıları haqqındadır.

1998-ci ildə ölüm hökmü ləğv olundu.2009-cu ildə Bayıl həbsxanası söküldü.İndi bura yoldur...Bu təsadüfdür, yoxsa zəruriyyət ,bilmirəm.Hər halda bu gizli mənanın açıq bir həqiqəti də var- Hər kəs düz yolun yolçusu olmalıdır.

...Nə qədər vahiməli və dəhşətli olsa da gəlin Bayıl həbsxanasının "güllə korpus"unun- ölüm körpüsünün virtual yolçuları olaq.

Unutmayaq, Azərbaycan Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkədir.

Mübariz Əsgərov, Əməkdar jurnalist

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR