İnsanlara hürriyət, millətlərə istiqlal!

2020-ci ilin dövlət büdcəsinin detalları bəlli oldu

2013 22.10.2019 10:20 İqtisadiyyat A A

Sosial xərclər və vergi- gömrük daxilolmaları artır...

Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsi layihəsini hökumətə təqdim edib. Artıq büdcənin bir çox detalları məlumdur. Belə ki, Maliyyə Nazirliyinin 2020-ci  il  üçün  icmal  və  dövlət  büdcəsinin gəlirləri  hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb.

Bütövlükdə, orta müddətli dövr üçün də icmal və dövlət büdcəsinin layihələri hazırlanarkən həmin qiymətin əsas götürülməsi planlaşdırılır. 2020-ci  ildə dövlət  büdcəsinin    xərcləri 25617,7mln.    manat    məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7mln. manat çoxdur. Büdcə xərclərinin tərkibində sosial yönlü  xərclərin  xüsusi  çəkisi 40,7  faiz  təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz-bəndi və ya 2664,2 mln. manat çoxdur.

Gələn ilin dövlət büdcəsinin gəlirləri isə 24484,0 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1,316 mln. manat və ya 5,7 faiz çoxdur.

2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1,134,2 mln. manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 887,8 mln. manat və ya 43,9 faiz azdır.

Builki büdcədə neftdən asılılığın müəyyən qədər azalması nəzərdə tutulur.  Ümumilikdə, gələn ilin büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdırmış olacaq. 

Onu da qeyd edək ki, prezidentin müvafiq sərəncamları ilə minimum əmək haqqının, bir sıra sosial müavinətlərin və təqaüdlərin, dövlət qulluqçularının, hüquq-mühafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əmək haqlarının artırılması, habelə əmək pensiyasının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişikliklər sosialyönlü xərclərin artımını şərtləndirib.

2020-ci  ildə əməyin ödənişi üzrə xərclər-6723,4 mln.  manat,  təqaüdlər  və sosial müavinətlər üzrə xərclər-3213,4 mln. manat (o cümlədən, Dövlət Sosial Müdafiə Fonduna  transfer 1426,9mln. manat), icbari tibbi sığortanın tətbiqi  ilə bağlı xərclər-902.9  mln.  manat, ərzaq məhsullarının alınması və təminatı xərci-414,0 mln. manat və digər sosialyönlü xərclər 81,2 mln. manat təşkil edəcək.

 Dövlət  Neft  Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış evlərinin tikintisi proqramı davam etdiriləcək.

Bəs görəsən, iqtisadçı ekspertlər 2020-ci il üçün planlaşdırılan dövlət büdcəsini necə dəyərləndirirlər?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, büdcədə çox maraqlı məqamlar var və dərindən analiz edilərsə, gələcəkdə baş verənləri bu gündən proqnozlaşdırmaq da olar: “Büdcənin pozitiv tərəfləri ondan ibarətdir ki, sosial xərclər xeyli artırılır. Bu da bu il prezident fərmanları ilə əlaqədardır. Həm minimum əmək haqqının artması, həm təqaüdün artması gələn ilin büdcəsinə xeyli təsir göstərib. Bu yöndə xərcləmələrin artmasını görürük. Neftin qiymətinin 55 dollardan götürülməsi normal yanaşmadır. Builki büdcədə neft 60 dollardan götürülmüşdü, gələn il üçün 5 dollar az götürülsə də, bu daha doğru yanaşmadır. Çünki qiymət  daha aşağı düşsə, bu zaman büdcədə çox böyük problemlər yarana bilərdi”.

Büdcənin problemli tərəfinə gəldikdə isə, iqtisadçı ekspert bildirdi ki,  uzun illərdir Azərbaycanda  iqtisadi model olaraq çox sadə və bəsit model qurulub, iqtisadi aktivliyi büdcənin investisiya xərcləri tətikləyir: “Büdcə xərcləmələri hesabına iqtisadi artım modeli qurulub. Neft Fondundan vəsaitlər büdcəyə daxil olur. Gələn ilin büdcəsində də 60 faiz birbaşa neftdən asılılıq var. Bu hələ də çox ciddi asılılıqdır. Bu büdcə vəsaiti sonradan təmir-tikinti və böyük investisiya layihələri vasitəsilə iqtisadiyyata yatırılırdı. Nəticədə iqtisadiyyatda bir multiplikativ effekt yaradırdı. Bu, iqtisadi artıma təkan verən amilə çevrilmişdi. Gələn ilin büdcə layihəsində isə investisiya xərcləmələrində 30 faizdən çox azalmalar olacaq. Bu çox ciddi azalmadır. Son illərin ən az investisiya xərclərinin olduğu büdcədir. Əgər uzun illərdir qeyd etdiyimiz modelə üstünlük verilirdisə, bunu əvəz edəcək modelin də konturları görünmürsə, nə ilə əvəz olunacağı bilinmir. Bu investisiya layihələrinin kəskin azalması, həm iş yerlərinin azalmasına, həm də iqtisadiyyatda multiplikativ effektin zəifləməsinə səbəb olacaq. Bunun əvəzləyicisinin nə olacağı büdcədə açıq görünmür. Ona görə də düşünürəm ki, gələn ilin iqtisadi artım templərində problemlər yaşana  bilər. Həm də iqtisadi canlanmanı zəiflədə bilər”.

N.Cəfərlinin sözlərinə görə, büdcədə vergi və gömrük daxilolmalarının artacağı ilə bağlı proqnozların artması da bu xərclərin son nəticədə vətəndaşların büdcəsindən çıxması anlamına gəlir: “Burada başqa bir məsələ meydana çıxır. Ötən il və bu il də gömrük gəlirlərində artım qeydə alınmışdı, gələn il də artım gözlənilir. Gömrük orqanları mal və xidmət istehsal edən müəssisə deyil, oradan toplanan vəsait sonradan mal və xidmətlərin qiymətinin üzərinə gəlir. Son ödəyicisi isə Azərbaycan vətəndaşıdır. Bizdə gömrük rüsumları əsasən idxal vergisindən formalaşır. Burada artımın olması da məsələ ilə əlaqədardır. Birincisi, gömrük sistemində şəffaflaşma olması pozitiv addımdır. Digər tərəfdən, daxildə istehsal olmayan, əsasən də sosialyönümlü məhsulların böyük həcmdə gömrük rüsumuna cəlb olunması büdcəyə gömrük daxilolmalarını artırır, ancaq nəticədə bütün vətəndaşlar onun ödəyicisinə çevrilir. Burada da yanaşma dəyişməli və diferensial yanaşma olmalıdır. Məsələn, dərman  preparatları, uşaq qidaları, uşaq yeməkləri , əngəlli insanlar üçün  olan avadanlıqlar və sair. Bütün bu sosialyönümlü məhsullara gömrük rüsumunun azaldılması məsələsi mütləq müzakirə olunmalıdır”.

Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR