2016-cı ilin iqtisadi-siyasi proqnozları nə vəd edir? - Ekspertlərin şərhi
Vüqar Bayramov: “2016-cı il iqtisadi baxımdan, çətin il olacaq”
Ərəstun Oruclu: “Sosial–iqtisadi çətinliklərin dərinləşməsi nəticəsində cəmiyyətdə gərginlik artmaqda davam edəcək”
Artıq bu ilin son ayını yaşayırıq və yeni ilin başlamasında sayılı günlər qalır. Uşaqlar “Yeni İl” bayramını necə sevinclə gözləyirsə, böyüklər də növbəti ilin iqtisadi-siyasi baxımdan necə olacağını, ölkədə hansı proseslər baş verəcəyini bir o qədər həyəcanla gözləyir.
İqtisadçılar 2016-cı ili “böhran ili” adlandırır. Bir tərəfdən neft ucuzlaşır, digər tərəfdən isə dünya bazarında bir çox sahələrdə təklif tələbi üstələyir. Azərbaycanda da sosial–iqtisadi gərginliyin olacağı, ərzaq məhsullarında bahalaşmanın davam edəcəyi, manatın daha da ucuzlaşacağı gözlənilir.
Bəs, görəsən iqtisadçı və siyasi ekspertlərin növbəti illə bağlı proqnozları nədir? Regionda gərginləşən Rusiya-Türkiyə münasibətləri, beynəlxalq siyasətdə Avropa Birliyi ilə Rusiya münasibətləri, dünyada mühacir problemi, Suriyada İŞİD bəlası 2016-cı il üçün dünyanın siyasi mənzərəsini necə dəyişəcək?
Musavat.com-a açıqlamasında növbəti il üçün proqnozlarını səsləndirən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, 2016-cı il iqtisadi baxımdan asan il olmayacaq: “Azərbaycan prezidenti də növbəti ilin Azərbaycan üçün asan olmayacağını bildirdi. 2016-cı ilin təkcə Azərbaycan üçün yox, bütün dünya üçün çətin keçəcəyi gözlənilir. Regional və beynəlxalq iqtisadiyyatda problemlər davam etməkdədir. Birmənalı olaraq regionada iqtisadi durğunluğun davam edəcəyi gözlənilir. Neftin dünya bazarındakı qiymətinin aşağı olması fonunda qlobal və regional dəyişikliklər də Azərbaycana təsir göstərir və 2016-cı ilin heç də asan keçməyəcəyindən xəbər verir. Sözsüz ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatında böhran müşahidə edilməyəcək. Belə bir proqnoz yoxdur. Dövlət Neft Fondunun rezervləri və xarici borcun ümumdaxili məhsuldakı payının az olması Azərbaycana imkan verir ki, növbəti ildə böhrandan yayına bilsin”.
Vüqar Bayramov növbəti ilin büdcəsində neft gəlirlərindən asılılığın azalacağını vurğulayaraq bunun ölkə iqtisadiyyatını dərin böhrandan qoruyacağını qeyd etdi: “2016-cı ilin büdcəsində neft sektorundan gələn gəlirlərin payı 48 faiz olacaq. Bu da büdcədə neft gəlirlərinin payının azalması deməkdir. 2016-cı ilin özünün spesifik tərəfləri olacaq. Dövlər büdcəsindən, infrastruktur və kapital xərcləri üçün ayrılan vəsaitlərin həcmində azalmalar olacaq. Bu da dövriyyəyə daxil olan vəsaitin həcmini azaldacaq. Nəticədə büdcədən sifariş alanlar 2016-cı ildə əvvəlki illərdə olduğu kimi sifariş ala bilməyəcəklər. Buna rəğmən 2016-cı ildə sosial xərcləmələrdə problem olmayacaq. Çünki, büdcədə artıq təmin olunmuş mənbələr var.
Növbəti ilin dövlət büdcəsində sosial ayrılmalar üçün nəzərdə tutulan vəsaiti ödəmək mümkün olacaq. Büdcədə sosial ödəmələrə 5 milyard 867 milyon manat vəsait ayrılacaq. Əmək haqlarının ödənilməsi üçün 3 milyard 523 milyon manat vəsait, pensiya və sosial müavinətlərin ödənilməsi üçün 1 milyard 827 milyon manat nəzərdə tutulub. Büdcənin mövcud imkanları bunun reallaşması üçün yetərlidir”.
İqtisadçı manatın növbəti ildə “üzən məzənnə” siyasətinə keçəcəyini və dollar qarşısında bir qədər də yumşalacağını istisna etmədi: “Eyni zamanda 2016-cı ildə manata təzyiq artacaq. Çünki, Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Dünya bazarında dollar möhkəmlənir və Azərbaycan da valyuta səbətindən istifadə edildiyi üçün bu, manata iqtisadi və psixoloji təzyiq artırcaq. İstisna edilmir ki, Mərkəzi Bank gələn il üzən valyuta sisteminə daxil olacaq. Təbii ki, Mərkəzi Bankın bu qərarı birbaşa dünya valyuta bazarındakı dəyişikliklərdən asılı olaraq müəyyənləşəcək.
Dollar möhkəmlənməkdə davam edərsə Mərkəzi Bank üzən valyuta rejminə keçməklə ehtiyatlarını qorumağa çalışacaq. 2016-cı ildə xüsusən sahibkarlıqla bağlı son qərarlardan sonra sahibkarlıq mühitinin yaxşılaşacağı, daha da liberallaşacağı gözlənilir. Ancaq növbəti ildə sahibkarlar üçün əsas problem maliyyə resurslarının cəlb edilməsi olacaq. Çünki, bankların da maliyyə likvitliyi azalıb, indi daha çox yığıma üstünlük verirlər. Bu baxımdan sahibkarların maliyyə resurslarına çıxış imkanları məhdudlaşacaq. Gələn il xüsusən də regionlarda gərgin keçəcək. Qlobal maliyyə sistemində baş verənlər növbəti ilin Azərbaycan üçün də çətin olmasına gətirib çıxaracaq”.
Növbəti ilin ictimai-siyasi gözləntilərini dəyərləndirən politoloq Ərəstun Oruclu isə proqnozların bədbin ruhda olduğunu bildirdi: “2016-cı illə bağlı siyasi proqnozlar pessimistdir. Ona görə ki, ölkədə siyasi-iqtisadi böhran var. Neftin qiymətinin ucuzlaşmasının bir ildən artıq bir dövrü əhatə etməsinə baxmayaraq, iqtisadi islahatlara başlanmayıb. Bu halda müsbət nəticələr gözləməyə dəyməz. Nəzərə alsaq ki, neft hələ də Azərbaycanın bir nömrəli gəlir mənbəyi olaraq qalmaqdadır, o zaman dünya birjalarında neftin qiyməti ilə bağlı proqnozlar heç də ürəkaçan deyil. Hətta neftin 30 dollara qədər ucuzlaşacağı haqqında ekspertlərin rəyi də var.
Deməli, neftin qiymətləri düşməkdə davam edərsə Azərbaycandakı sosial–iqtisadi böhranın dərinləşməsi də istisna deyil. Bundan əlavə son dövrlər görürük ki, ölkədə hakimiyyət daxilində, cəmiyyətdə xeyli gərginlik müşahidə olunur. Bu, hələ prosesin başlanğıcıdır. Bu prosesin tezliklə yekunlaşacağını və ictimai-siyasi sabitliyin yaranacağını göləməyə dəyməz. Mən düşünürəm ki, sosial–iqtisadi çətinliklərin dərinləşməsi nəticəsində cəmiyyətdə gərginlik artmaqda davam edəcək. Yəni, 2016-cı il bu baxımdan gərgin il olacaq.
Ölkədə tibbdə, təhsildə olan problemlər, din adı altında bəzi qrupların fəallığının artması, kütləvi şəkildə İŞİD-ə qoşulub terrorçuluqla məşğul olanlar var. Bütün bunlar yaxşı nəsə gözləməyə əsas vermir. Ona görə də, mən düşnürəm ki, 2016-cı il Azərbaycan üçün kifayət qədər ağır il olacaq”.
Politoloq hazırda regionda baş verənləri dəyərləndirərək problemin gələn il də davam edəcəyini və Azərbaycanı da əhatə edəcəyini qeyd etdi: “Regionda geosiyasi qarşıdurma güclənməkdədir. Bir neçə ay öncə hətta bəzi məsələlərdə Türkiyənin müttəfiqi kimi görünən Rusiya ilə münasibətlərin az qala qarşıdurma həddinə gəlməsi Azərbaycan üçün də çətinlik yaradacaq. Çünki, Türkiyə Azərbaycana ən yaxın tərəfdaş ölkədir. Rusiya ilə də bir çox tərəflərdən sıx şəkildə bağlıyıq. Təbii ki, tərəflərin bu gün Azərbaycandan mövqe istəməsi artıq özünü göstərir. Bu problemin nə zamansa qabaracağı istisna deyil.
Beynəlxaq siyasətdə Rusiya-Qərb qarşıdurmasının davam edəcəyi gözlənilir. Bu, öz təzahürlərini daha çox Ukraynada göstərəcək. Dünyanın ən çox güc mərkəzi Yaxın Şərq ölkələrinə keçəcək. İstisna deyil ki, NATO Suriya hökumətinə, Əsəd rejminə qarşı quru əmliyyatına başlasın. Bu baxımdan, beynəlxalq siyasətdə də il gərgin olacaq”.
Nərgiz LİFTİYEVA,
Musavat.com






