Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Qasımov Nizami Arif oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Nizami Qafarov ev dustaqlığındadır. Onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Məhkəmə iclasında zərərçəkmişlər Bəhram Əsədov və Həsən Seyidov da iştirak edib. Zərərçəkənlərdən Bəhram Əsədov məhkəməyə 162 min manatlıq mülki, 100 min manatlıq isə mənəvi zərərlə bağlı iddia verib. Həsən Seyidov isə 40 min dollarlıq mülki iddianı məhkəməyə təqdim edib.
Məhkəmə mülki iddiaları qəbul edib. Nizami Qasımovun vəkili məhkəməyə vəsatət verərək bildirib ki, bu işdə cinayət tərkibi yoxdur və tərəflər arasında borca görə narazılıq yaranıb. Vəkil cinayət işinə xitam verilməsini istəyib.
Zərərçəkmiş tərəf isə vəsatət verərək Nizami Qasımov barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə vəsatətləri heç birini təmin etməyib. Proses martın 18-də davam etdiriləcək.
İ.Muradov
Musavat.com






