Bakıda sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə 20 yaşlı qızı vuraraq öldürən şəxsə hökm oxunub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Qaybalıyev Tahir Bilal oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Dövlət ittihamçısı çıxışında T.Qaybalıyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
T.Qaybalıyev isə sərxoş olduğu və özündə olmadığını deyərək, əməlindən peşman olduğunu söylətib.
Müşavirdən sonra hökm elan edilib. Hökmə əsasən Tahir Qaybalıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabr ayının 2-də Xətai rayonu ərazisində baş verib
Gəncə prospektindən üzü Ukrayna dairəsinə doğru hərəkət edən Tahir Qaybalıyev idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçmək istəyən piyada 20 yaşlı Səriyyə Əliyevanı vurub. Araşdırma zamanı məlum olub ki, T.Qaybalıyev qəzanı törədən zaman sərxoş olub.
Qəzanı törədən T.Qaybalıyev hadisə yerindən qaçıb. Daha sonra Qaybalıyevi polis əməkdaşları saxlayıb. Bildirək ki, qəza zamanı ağır xəsarət alan Səriyyə Əliyeva 4 gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Tahir Qaybalıyev Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozama) və 264-cü (yol-nəqliyyat hadisəsi zamanı yerindən qaçma) maddələri ilə təqsirli bilinir.
İ.Muradov
Musavat.com






