İnsanlara hürriyət, millətlərə istiqlal!

“20 Yanvar dairəsi” tıxacdan azad ola bilər

1531 19.02.2020 10:10 Ölkə A A

BNA müvafiq layihəni Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim edib; nəqliyyat eksperti isə deyir ki...

İllərdir ki, tıxac səbəbindən insanların əziyyət çəkdiyi “20 Yanvar” dairəsi ətrafında işlər aparılacaq. Bu barədə “Trend”ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin  (BAN) mətbuat katibi Mais Ağayev deyib ki, adıçəkilən dairə ətrafında hərəkətin nizamlanması və hərəkət sıxlığının aradan qaldırılması məqsədilə layihə işlənib hazırlanıb:

“Artıq layihə Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim edilib. Bundan əlavə, dairə ətrafındakı yollarda qanunsuz parklanma hallarına qarşı intensiv tədbirlər görülməkdədir. 3-cü mikrorayon dairəsi və Moskva prospekti (”Şamaxinka" adlanan ərazi) istiqamətində qanunsuz parklanmaya qarşı intellektual nəzarət sisteminin kameraları quraşdırılıb. Bununla yanaşı, ərazidə gündəlik olaraq əməkdaşlarımız tərəfindən xidmət təşkil olunub. Dairə ətrafında taksi duracaqları da yaradılıb".

Mais Ağayev ile ilgili görsel sonucu

M.Ağayev bildirib ki, qeyd edilən ərazidə icra olunan digər mühüm tədbir səkilərin dəmir məhəccərlə əhatələnməsidir: “Aparılan müşahidələr də onu göstərir ki, ”20 Yanvar" dairəsində nəqliyyatın hərəkətinə maneə yaradan əsas amillərdən biri də piyadaların dairə ətrafında xaotik hərəkətidir. “20 Yanvar” dairəsi ətrafında, eləcə də “Şamaxı yolu” adlanan ərazidə hərəkəti çətinləşdirən digər bir süni amil qanunsuz sərnişindaşıma hallarının mövcudluğudur. Biz tərəfdən ərazidə qanunsuz parklanma hallarına qarşı tədbir görülür. Amma tam nəticə əldə olunması üçün mütləq şəkildə qanunsuz sərnişindaşıma fəaliyyətinə qarşı da müvafiq qurumlar tərəfindən tədbirlər görülməlidir".

Bəs həqiqətən də ərazidəki xaos aradan qalxacaq?

Elməddin Muradlı ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Elməddin Muradlıya görə, ərazidə tıxacın yaranmasının səbəbi illərdir məlumdur: “Qanunsuz parklanma dedikdə, bunu başa düşmək olur. Bəli, orada xüsusilə də taksi fəaliyyəti ilə məşğul olanların sayı çoxdur. Ancaq təhlillər göstərir ki, adamlar orada keflərindən dayanmırlar. Eyni zamanda həmin taksilərin xidmətlərindən istifadə edənlər də bunu məcburiyyətdən edirlər. Çünki avtobusların sayı yetərli deyil, interval normal qaydada təyin edilməyib. Ona görə də insanlar yolda qalmamaq üçün həmin taksilərdən istifadə edirlər. Bakı Nəqliyyat Agentliyi də bunu etiraf edir ki, avtobusların sayı kifayət qədər olsa, interval qorunarsa, sərnişinlər də avtobuslardan istifadə etməyə üstünlük verərlər. Çünki heç kim 30 qəpiklik yolu 1 manata getmək istəməz. Avtobusların sayı artarsa, taksilərin çoxu oradan özləri gedəcək. Hesab edirəm ki, bu işlərlə paralel olaraq, ərazidə taksilərin dayanması üçün də yerlər yaratmaq lazımdır. Bəlkə elə doğrudan da kimsə məhz taksi ilə getmək istəyir. Biz insanların hüquqlarını poza bilmərik ki, taksiyə burada yox, 5 kilometr aralıda min”.

Ekspert bildirib ki, bir çox hallarda  taksi sürücülərində də günah olur: “Baxırsan ki, taksi sürücüləri 50-100 metrin davasını edirlər. Dünyanın əksər ölkələrində taksi ilə bağlı standartlar qəbul edilib. Həmin standartlara görə, taksi harada gəldi dayana bilməz, əl etdikdə belə onun dərhal saxlamaq hüququ yoxdur. Gedib taksiyə duracaqda minməlisən. Ona görə taksilər də işlərini nizamlı şəkildə qurmalıdır. İndi taksi sürücülərinin çoxu hesab edir ki, elə avtobus dayanacağında, metro çıxışında dayanmalıdır və sərnişin düşən kimi qolundan tutub maşına salmalıdır. Bunlar əlbəttə ki, doğru yanaşma deyil. ”20 Yanvar" dairəsi ətrafında uyğun şərait yoxdur. Orada ticarət mərkəzləri, iaşə obyektləri xaotik şəkildə tikilib. Çünki Xaləddin İsgəndərov Binəqədinin icra başçısı olduğu zaman həmin ərazini satıb, məhv edib. İndi də orada uyğun şərait yaratmaq üçün müəyyən söküntü işləri aparılmalıdır. Həmin obyektlər, yaşayış yerləri plana düşməlidir ki, yolu da genişləndirmək olsun. Belə olarsa, sərnişinlər də, sürücülər də rahat olarlar".

Muradlı hesab edir ki, parklanma problemi təkcə qeyd edilən ərazidə deyil: “Şəhərin hər yerində bu problemi görmək olur. Düşünürəm ki, qadağa tətbiq edən zaman bunun qarşılığını da düşünmək lazımdır. Sən əgər bir insanı qovursansa ki, burada dayanma, o zaman ona uyğun şərait yaradılmalıdır. İnsanlar tələbatı ödəmək üçün oradadır. Heç bir taksi sürücüsü boş-boşuna orada dayanmaz”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR