Dəstə üzvləri dələduzluğu qəribə üsulla həyata keçiriblər. Hüseyn Nuriyev, Məzahir Mirzəyev və Fuad Bağırovdan ibarət dəstə 20 qəpik qiyməti olan “diod” vasitəsilə külli miqdarda pul əldə ediblər. Onlar planlarını reallaşdırmaq üçün dəstə başçısı Hüseyn tərəfindən öz aralarında iş bölgüsü aparılıbmış.
Plana əsasən, Hüseyn paytaxt ərazisində elektrotexnika mağazasına girib 100 manata “diod” satdığını bildirir, bu zaman Məzahir ona yaxınlaşaraq insanları cəlb etmək məqsədilə həmin detalın real qiymətinin 300 manat olduğunu deyir, buna mağaza sahibini inandırmaq üçün 100 manatdan bir neçə detal sifariş də verirmiş. Onların hiyləsinə aldanan mağaza sahibi də şirniklənərək həmin “diod”dan bir neçəsini 100 manata alırmış. İş baş tutduqdan sonra təyin olunmuş yerdə gözləyən dəstənin sürücüsü Fuad onları həmin ərazidən uzaqlaşdırırmış. Beləliklə, 20 qəpiklik detalı 100 manata çevirirmişlər...
Saxlanılan dəstə üzvlərinin istintaqa bildirdiyinə görə, bu üsulla həftə ərzində 2-3 dəfə mağazalarda dələduzluq ediblər. Onların inanılmaz üsulla pul qazanmaq əməliyyatına polis son qoyub. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hər üç şəxs tutulub.
Onu da əlavə edək ki, H.Nuriyev əvvəllər də dələduzluq etdiyinə görə 3 il məhkumluq həyatı yaşayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.






