Qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda qızıl-zinət əşyaları gətirməkdə ittiham edilən qadınlar hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda ittiham edilən Gülnarə İsgəndərova və Könül Gülməmmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmənin baxış iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, hər iki qadın külli miqdarda qızıl-zinət əşyalarını qaçaq yolla ölkəyə gətirmək istəyərkən hava limanında saxlanılıblar. Elan olunmuş ittihamla hər iki şəxs özünü qismən təqsirli bilib və əməllərindən peşman olduqlarını söyləyib.
Məhkəmə iclasında təqsirləndirilən Könül Gülməmmədova sərbəst ifadə verib. Gülməmmədova uzun illərdir, Türkiyədən mal gətirib satdığını, ailəsinin dolanışığını bu yolla təmin etdiyini deyib.
O, sərbəst ifadəsində bunları söyləyib: "20 ildir, Gülnarəni tanıyıram. Yaxın rəfiqə olmuşuq. Biz Türkiyədən mal gətirib satırdıq. Əsasən geyim və digər əşyalar gətirirdik. Qızıl demək olar ki, gətirmirdik. Sonuncu dəfə gələndə Gülnarə dedi ki, qızıl da almışam. Məndən xahiş elədi ki, qızılardan bir neçəsini mən taxım. Razılaşdıq və bilərzik, boyunbağı alıb taxdım. Mən Gülnarənin qızıl gətirdiyini təyyarədə bildim. Həm də biz bilmirdik ki, bu qədər qızıl gətirmək qadağandır. Bilsəydik, bu işi törətməzdim. Çünki bu işin bu qədər ağır olduğunu, belə bir cinayətə səbəb olacağını düşünməmişdim. Nə Gülnarə, nə də mən o vaxta qədər qızıl gətirməmişdik. Bilmədən bu işi etdik. Gömrükdə bizi yoxladılar. Xanım işçi məndən soruşdu ki, qızıl var? Mən də qızılı, sırğanı, boyunbağını çıxardım. Bizi başqa bir otağa keçirdilər. Orada üstümüzə baxış keçirdilər. Gülnarədən də qızılları aldılar".
Məhkəmədə Gülnarə İsgəndərova da ifadə verib. "Əsərin baş qəhrəmanı" olan İsgəndərova da özünü günahkar bilib. Deyib ki, bu əməlindən çox peşmandır: "Könüllə elə Türkiyədə tanış olmuşuq. Bir gün yolda onun həmyerlim olduğunu bildim, söhbət açıldı, tanış olduq. Sonra uzun illər birlikdə alış-veriş etdik. Mən əsasən tekstil malları gətirirdim. Öz evində satırdım. Artıq bu işdən bezmişdim. Fikirləşirdim ki, qızıl satışına başlayıb. 2-3 dəfə sırğa və ya bilərzik gətirmişdim. Onda da heç bir problem yox idi. Özümü bu işə hazırlayırdım. Artıq xırda işdən bezmişdim. Amma inanın ki, başıma bu iş gələcəyini bilmirdim. Bu, mənim həyatımın ən böyük səhvi idi".
Suallara cavab verən Gülnarə İsgəndərova gömrükdən keçərkən qızılları necə gizlətdiyini də açıqlayıb. Bildirib ki, özündə olan qızılları corabında və saçındakı aksesuarda gizlədib. Prokuror İsgəndərovaya "bu işi bilmədən etmisinizsə, qızılları niyə gizlədirdiniz" sualını verib. Gülnarə İsgəndərova bu suala cavab verə bilməyib və çox peşman olduğunu söyləyib.
Məhkəmə iclasında şahidlər iştirak etməyib. Məhkəmə araşdırması davam etdirilir.
Qeyd edək ki, təqsirləndirilən hər iki qadın azadlıqdadır. Onlar barəsində polis nəzarətinə verilməsinin tədbiri seçilib.
İlkin Muradov
Musavat.com






