Böyük Britaniyanın enerji şirkəti British Petroleum (BP) qlobal neft tələbinin 2030-cu illərin sonuna doğru ən yüksək səviyyəsinə çatacağını ilə bağlı açıqlama yayıb. Şirkət bildirib ki, sonrakı illərdə neftə təlabat azalmağa başlayacaq.
"Marja" xəbər verir ki, BP-nin "Enerji Mənzərəsi" hesabatında, əsasən sürətli inkişaf edən iqtisadiyyatlar hesabına bir müddət neftə tələbatın qalacağı, eyni zamanda, elektrikli avtomobillərin yaxın 20 ildə nəqliyyatda inqilab yaratmasının gözləndiyini bildirilir.
Hesabatda, hazırda bütün dünyada elektrikli avtomobillərin sayının 3 milyon ədəd olduğu, bu rəqəmin 2040-ci ildə 300 milyona çatmasının gözlənildiyi qeyd edilib.
Hesabatda elektrikli vasitələrin 2040-cı ildə qədər bütün dünyadakı avtomobillərin 15%-ini təşkil edəcəyi qeyd edilib, bu nisbətin sərnişindaşımada 30%-ə çatacağının gözlənildiyi vurğulanıb.
Elektrikli vasitələrin artmasına baxmayaraq, 2016-ci ildə benzinlə işləyən avtomobillərin gündəlik 18,7 milyon barellik neft istehlak etdiyi, bunun 2040-cı ilə qədər, demək olar ki, eyni səviyyədə qalmasının gözlənildiyi bildirilib. Elektromobillərin artması, daha az yanacaq sərf edilən texnologiyaların yaranması ilə azalan istehlak, inkişaf edən iqtisadiyyat sahələrinin enerjiyə artan tələbat ilə balanslaşacaqdır. Yəni, neftə olan təlabat demək olar ki, yerində sayacaqdır.
BP-nin əsas ssenarisində alternativ enerjinin qlobal enerji istehlakında payının hazırkı 4 faiz səviyyəsindən 2040-ci ildə 14 faiz səviyyəsinə yüksəlməsinin gözlənildiyi bildirilib.
![]()
BP-nin məruzəsini dəyərləndirən ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bu proqnozların hazırki vəziyyət üçün ən yaxşı hesablanmış təxminlər olduğunu bildirdi: “BP-nin məruzəsini dünyanın ən yaxşı alimləri, bu sahənin qlobal miqyasda mütəxəssisləri hazırlayıblar. Ona görə də, bu hesabata çox ciddi yanaşılmalıdır. Adətən başqa böyük enerji şirkətləri də belə proqnozlar yayımlayırlar. Proqnozlar arasındakı fərq isə çox da böyük olmur. Bunlar xüsusi statistik rəqəmlərlə hesablanan nəticələrdir, subyektiv fikirlər deyil. 10 il və ya 20 il öncəni tam dəqiq proqnoz etməyi təbii ki, heç kim bacarmaz. Dünyada texnologiya həndəsi silsilə ilə inkişaf etdiyi halda , bir il sonranın belə neft qiymətlərini dəqiq təxmin etmək mümkün olmadığı halda 20-30 il sonra nə olacağını heç kim deyə bilməz. BP-nin mütəxəssisləri də hər zaman qeyd edirlər ki, bu proqnozların 2030-cu ildə baş verəcəyi mütləq deyil. Bu hesabat daha çox, bu gün əllərində olan ən yaxşı nəticələri ən müasir metodlarla analiz edərkən gəldikləri qənaətdir. Yəni, onlar 2030-cu il belə olacağı demirlər, belə olacağını təxmin edirlər. Böyük ehtimalla da bu təxmin dəyişə bilər”.
Ekspertin sözlərinə görə, bu gün dünya enerji istehlakının təxminən üçdəbiri neftin üzərindədir: “Digər üçdəbiri daş kömür, üçüncüsü isə təbii qazdır. Təbii qazın istehlakı getdikcə yüksəlir, daş kömürdə isə azalma yaşanır. Eyni zamanda bərpa olunan enerji qaynaqlarında bir artım var. Ancaq bu artım hələ çox kiçikdir. Neft istehlakında 2030-cu il pik nöqtəsi olacaq, bundan sonra isə azalma başlayacaq. Azalmanın bir neçə səbəbi var. Bu da daha səmərəli metodlardan, daha az yanacaqdan istifadə edən avtomobillərin, elektriklə işləyən maşınların ortaya çıxması ilə bağlı olacaq. İnsanların ətraf mühitə olan həssaslığının artması da burada çox önəmli faktordur. Bütün bu səbəblər birləşərək neftə və daş kömürə olan tələbatı azaldacaq. Daş kömürə olan tələbat daha sürətlə artır. Eyni zamanda dünya əhali sayı artır, bəzi ölkələrin iqtisadi inkişafı hələ pik nöqtəsinə çatmayıb. Burada Çin və Hindistan öndə gəlir. Adambaşına düşən enerji istifadəsi azalacaq, ancaq enerjidən istifadə edən insanların sayı artacaq. Çində və Hindistanda hələ sənaye dövrünə qədəm basmamış ərazilər inkişaf dövrünə keçdikcə, adambaşına düşən enerji miqdarı azalsa da, ondan istifadə edən adamların sayı artdığına görə, sənayeləşmə sürətlənəcəyinə görə, 2030 –cu ilə tələbatda qədər yüksəlmə təxmin edilir. Ancaq bərpa olunan enerji qaynaqları tədricən üstünlük qazanacaq. BP-nin təxminləri ilə razılaşmamaq mümkün deyil”.
Elektrik maşınlarına gəlincə E.Soltanov bildirdi ki, gələcək məhz onlardan ibarət olacaq: “Bildiyiniz kimi, Azərbaycanda elektrik avtomobillərinə gömrük rüsumu da tətbiq edilmir. Çünki onların daxili yanma mühərriki, motor həcmi yoxdur. Bu da gözəl bir siqnal olar ki, ölkəmizdə də elektrik avtomobillərinə olan tələbat yüksəlsin. Əgər hər ikisini benzin ekvivalentində hesablasaq, eyni kilometri elektrik avtomobilləri benzinlə işləyən avtomobildən 3dəfə daha ucuz gedir. Bu həm də ekoloji təmizlik və səssizlik deməkdir. Bu eyni zamanda ölkəmizin xaricə daha çox neft ixrac etməsi deməkdir. İnanıram ki, bu insanlara elektrik avtomobillərinə maraq mövzusunda əlavə bir təşviq olacaq”.
BP-nin proqnozları fonunda Azərbaycanda yayğın olan “neft ehtiyatlarının gələcək nəsillərə saxlanılması” kimi fikirlərə münasibət bildirən Elnur Soltanov bildirdi ki, bu əsassız fikirdir: “Neftin gələcək nəsillərə saxlanılması fikri ilə mən heç zaman razı olmamışam. Çünki gələcəyi təxmin etmək mümkün deyil. Hətta Amerika haqqında belə əfsanələr dolaşırdı ki, bu ölkə öz neftini gələcək nəsillərə saxlayır, özü isə xaricdən idxal edir. Bu bizdə çayxana səviyyəsində ən çox müzakirə olunan və çox səhv olan fikirlərdir. Amerika hər zaman öz neftindən mümkün qədər istifadə edib. Bu ölkə neftin ixracına sadəcə limit qoymuşdu. Onlar üçün neftin ixracı mənasızdır. Çünki , hər zaman ABŞ-ın istehsal gücü istehlak etdikləri neftdən dəfələrlə az olub və idxal etmək məcburiyyətində qalıblar. ABŞ illik 19 milyon barel neftə ehtiyac duyur, hazırda isə 10 milyon barel neft istehsal edir. İxrac etsə belə bunun mənası yoxdur.
Neftin torpaq altında gələcək nəsillərə saxlanılması isə doğru fikir deyil. Çünki 5 ildən sonra neftin qiyməti 100 dollar da ola bilər, 10 dollar da. Biz ən pis ssenarini fikirləşərək hərəkət etməliyik, var olan qaynaqlarımızdan istifadə etməliyik. Dünyada elə bir ölkə yoxdur ki, neftini və qazını gələcək nəsillər üçün qoruyub saxlasın. Azərbaycandan kənarda mən bu sözü heç kimdən eşitməmişəm, heç bir təməli də yoxdur. Neftin hasilatını 20 il sonraya saxlamaqdansa, bu gün çıxarıb satıb onun pulunu yatırım şəkildə müxtəlif şirkət hissələrinə, beynəlxalq bondlara yatıraraq gələcək nəsillər üçün saxlanılması daha uğurlu olar”.
E,Soltanov onu da vurğuladı ki, neftin 15-20 il sonra kəskin ucuzlaşacağı proqnozu böyük neft rezervlərinə malik dövlətlərin istehsalı sürətləndirməsi ilə nəticələnə bilər: “Neftin 15 ildən sonra ucuzlaşmağa doğru gedəcəyi artıq ümumiləşmiş bir fikirdir. Həmçinin dəhşətli dərəcədə böyük neft ehtiyatları olan ölkələr var. Səudiyyə Ərəbistanı, Venesuela, İran kimi ölkələrdə neft ehtiyatlarını reallaşdırmaq çox böyük problemdir. Onlar başa düşür ki, əllərində indiki istehsal sürəti ilə 100 il, 200 il bundan sonraya qədər istehsal edə biləcəkləri neft var idi. Ancaq indi anlayacaqlar ki, 20-30 ildən sonra onların nefti torpaq altında qalıb yararsız olacaq. Bu səbəbdən həmin ölkələr daha çox istehsal edib, daha çox satmaq haqqında düşünə bilərlər. Bu da neft qiymətlərinin daha da ucuzlaşması ilə nəticələnə bilər. Eyni zamanda neft qiymətləri ucuzlaşanda alternativ enerjinin nisbi qiyməti artmış olar. Məsələn, neftin qiyməti 60 dollar olanda , günəş və külək enerjisindən istifadə sərfəli olur, ancaq neft 20 dollara satılanda bu səmərəsini itirir. Belə olan halda bərpa olunan enerji mənbələrinə yatırım azalır. Bu trendin fərqin olan və nəhəng rezervlərə malik olan ölkələr sürətli neft istehsalına başlaya bilərlər ki, bu da bütün balansı alt-üst edə bilər. Ancaq Azərbaycan kimi , dünya rezervlərinin 1 faizindən daha aza sahib olan ölkə üçün hər hansı təhlükə elementi yoxdur. Biz onsuz da mümkün olan ən sön sürət və ən son həcmdə neft və qazımızı çıxartmağa çalışırıq. Bu gün doğru olan yol da budur”.
Nərgiz LİFTİYEVA






