Bakıda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir. Musavat.com xəbər verir ki, konfrans 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində həyata keçirilir.
Tədbirdə baş nazirinin müavini Əli Əhmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili, Avropa İttifaqının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş Direktoratlığının siyasət məmuru Jan Bloumendal, dövlət və hökümət nümayəndələri, deputatlar və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Tədbirdə ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılır.
İlk olaraq çıxış edən Agentliyin sədri Qoşqar Təhməzli qeyd edib ki, 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransının keçirilməsində əsas məqsədlərdən biri qida təhlükəsizliyi sahəsində xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələri səmərəli şəkildə əlaqələndirməkdir:
"Bu istiqamətdə mütəmadi olaraq fikir mübadiləsi aparmaq da qarşıya qoyulan məqsədlərdəndir. Agentlik bu sahədə beynəlxalq təşkilatlarla hər cür əməkdaşlığa hazırdır.
Məlumat üçün bildirim ki, həyata keçirilən islahatlar çərçivəsində “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi” hazırlaıb.
Agentliyin fəaliyyət göstərdiyi qısa müddət ərzində bir sıra qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib, habelə yeni normativ hüquqi aktlar qəbul olunub. Bu dövr ərzində mövcud qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə 10 qanun qəbul edilib, ölkə prezidenti tərəfindən 22 Fərman və 10 Sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 17 qərar qəbul edilib.
Konfransımızın keçirilməsində əsas məqsədlərdən biri də qida təhlükəsizliyi sahəsində xarici ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini genişləndirmək və inkişaf etdirməkdir. İstəyimiz beynəlxalq təcrübələrdən yararlanaraq Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələri səmərəli şəkildə əlaqələndirmək, həyata keçirmək və bu istiqamətdə mütəmadi fikir mübadiləsi aparmaqdan ibarətdir. Odur ki, bir daha qida təhlükəsizliyi sahəsində hər cür əməkdaşlığa və birgə fəaliyyətə hazır olduğumuzu bəyan edirəm.
Nəzərinizə çatdırıram ki, bu gün konfransda Kodeks Alimentarius standartları, yerli qanunvericilik və beynəlxalq harmonizasiya, risklərə əsaslanan idxal qaydaları, HACCP sisteminin tətbiqi və qida təhlükisizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri, qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi, eyni zamanda istehlakçı hüquqlarının müdafiəsi və vətəndaşların qida təhlükəsizliyi sistemində aktiv iştirakını təmin edən layihələrlə bağlı təqdimatlar nümayiş olunacaq. Eyni zamanda “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda qarşımıza hədəf kimi qoyulmuş bir sıra məsələlər konfransda müzakirə ediləcək perspektiv layihələr sırasında öz əksini tapacaq.
Konfransda Agentliyin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türk Standartlar İnstitutu (TSE), Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK), ABŞ Meriland Universiteti və ABŞ- Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanacaq.
Tədbir davam edir.
Əli Rais,
Musavat.com
Fotolar: Elçin Əkbərov






