“Həlak olanlara abidə qoyulacaq” yazılmış daş lövhə yoxa çıxıb: Elman Məmmədov: “Həmin dövrdə şəhid olmuş insanlarımız erməni terrorunun qurbanlarıdır”
Bakının Xətai rayonunda, Cavanşir körpüsünün yaxınlığındakı parkın baş tərəfində bir daş lövhə var idi. Həmin lövhənin üzərində “Burada 1988-ci ilin 11 dekabr tarixində zəlzələdən zərər çəkənlərə kömək məqsədi ilə Leninakanda qəzaya uğramış "İl 76" təyyarəsində həlak olanlara abidə qoyulacaq" yazılmışdı.
Ancaq hadisənin və lövhənin qoyulmasının üstündən az qala 30 vaxt keçsə də, 77 nəfərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addım atılmayıb. Üstəlik, bu yaxınlarda “Azəravtoyol” ASC sözügedən ərazidə təmir-bərpa işlərini həyata keçirən zaman bir neçə il əvvəl salınmış parkı da ləğv edib və avtomobil yolunu genişləndirib. Təmir gedən zaman parkın digər hissəsində ucaldılmış Şah İsmayıl Xətainin abidəsinin taleyi müzakirə mövzusu olsa da, digər istiqamətdəki daş lövhədən bəhs edən olmadı. Bu yaxınlarda aldığımız məlumata görə, parkın ərazisinin ləğvi nəticəsində həmin lövhə də götürülüb. Əslində artıq həmin ərazidə heykəl qoymağa yer də qalmayıb. Ola bilsin rəsmi qurumlar abidənin başqa ərazidə qoyulmasına qərar veriblər. Ancaq hələ ki, bununla bağlı hər hansı açıqlama yoxdur.
Bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla danışmaq istəsək də, həmişəki kimi bu, mümkün olmadı.
Mədəniyyət və Turizm Nazirliyindən isə “Yeni Müsavat”ın sorğusuna cavab olaraq “Azəravtoyol” ASC-yə müraciət etməyi məsləhət gördülər.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə israrlı zənglərimizi cavablandırmadı.
Əslində belə bir abidənin qoyulması erməni vandallığının ifşası baxımından çox mühüm hadisə olardı. Bununla biz həm günahsız qurbanlarımızın ruhunu şad edər, həm də dünyaya nümayiş etdirərdik ki, ermənilər hətta Azərbaycana qarşı torpaq iddiası qaldırandan, yüz minlərlə azərbaycanlını Ermənistandakı tarixi yurdlarından qovandan, onlarla insanlarımızı qətlə yetirəndən sonra da biz insani münasibət göstərib zəlzələ fəlakətinə düçar olan qonşu ölkəyə yardım əlimizi uzatmışıq. Hələ 1988-ci ilin 22 fevralında ermənilər Ağdamdan olan 2 gənci, fevralın 25-də isə Əsgəranda daha 2 azərbaycanlını qətlə yetirmişdilər. Spitakda baş verən zəlzələdən 35-40 gün əvvəl - noyabrın 3-də məhz bu şəhərdə azərbaycanlılara qarşı kütləvi qətliamlar həyata keçirilmişdi. Spitak rayonu rəhbərliyinin bilavasitə iştirakı ilə erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqınlar etmiş, nəticədə 40-dan çox azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, yüzlərlə ailə ev-eşiyindən çölə atılaraq rayonu tərk etməyə məcbur qalmışdı.
O hadisələr zamanı nə baş verdiyini bir daha xatırladaq: 12 dekabr 1988-ci ildə zəlzələdə zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş İl-76 təyyarəsi Ermənistanın Spitak rayonunun Quqark şəhərinin yaxınlığında “Stinger” raketi ilə vuruldu. Nəticədə təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalır. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olur. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilir. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınır. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, “ermənilər arasında yaralı türkə yer yoxdu”, - deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırırlar.
Deputat Elman Məmmədov “Yeni Müsavat”a açıqlamasında bir paralellik apardı: “1988-ci il fevralın 12-də ermənilər öz niyyətlərini ilk dəfə Əsgəranda ortaya qoydular. Fevralın 13-də isə Xankəndidə prosesə start verdilər. Azərbaycan Mərkəzi Komitəsinin ikinci katibi Kanovalov, Mərkəzi Komitədə işləyən rəhmətlik Məhəmməd Əsədov gəlmişdi. Görün sonra nə oldu. Fevralın axırlarında Moskva "KQB"-sinin rəhbəri Qriqoryanın rəhbərliyi ilə bir qrup erməni - təbii ki, aldadıb öz sıralarına 4-5 azərbaycanlı da qoşa bilmişdilər - Sumqayıtda ermənilərin evlərini dağıtdılar, nə qədər erməni öldürdülər. Sumqayıt hadisələri ilə bağlı çox qısa müddətdə, təxminən 10-15 gün ərzində Xankəndidə Birinci Dünya Müharibəsinə həsr olunmuş xatirə kompleksi-abidə var idi, ermənilər orda ondan da böyük, Sumqayıtda ölənlərə bir abidə qoydular. Ancaq həmin hadisələrdən sonrakı dövrdə, dekabr ayında zəlzələdən zərər çəkən ermənilərə köməyə gedən insanlarımız erməni terrorunun qurbanı oldular, təyyarə ilə köməyə tələsən şəxslər erməni terrorçuları tərəfindən öldürüldülər. Deyək ki, o dövr sovetlər ittifaqı, Moskva var idi, ancaq biz 1991-ci ildən biz müstəqillik qazanmışıq. Ona görə də biz həmin insanları terror qurbanları kimi anmalıyıq, onların xatirəsini əbədiləşdirmək üçün hansısa işlər görülməlidir".
E.Məmmədov həmin ünvanda abidə qoyulması niyyətinin olmasından xəbərsiz olduğunu da vurğuladı: “Mən bilmirdim, sizdən öyrəndim ki, orda bir daş qoyulubmuş, onu da götürüblər. Ümumiyyətlə, mən hesab edirəm ki, həmin dövrdə şəhid olmuş insanlarımız erməni terrorunun qurbanlarıdır. Onların xatirəsinə terror qurbanlarını anmaq üçün təbii ki, dövlət tərəfindən hansısa bir abidə qoyulması vacibdir”.
E.Paşasoy,
Foto: “YM”






