İnsanlara hürriyət, millətlərə istiqlal!

19 il əvvəlin tarixi - Elçibəyin Kələkidən dönüşü...

2092 01.11.2016 08:00 Ölkə A A
Bu, Azərbaycan milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin Ordubadın Kələki kəndində çəkilən sonuncu fotosudur. Foto 1997-ci il oktyabr ayının 30-da çəkilib, Elçibəy 4 il 4 ay 12 günlük məcburi hicrətdən sonra paytaxt Bakıya qayıtmaq üçün yola çıxıb. Onun yanındakılar köməkçiləri və mühafizəçiləridir. Onlar da 4 il 4 ay 12 gün Elçibəyi bu dağ kəndində tənha qoymamışdılar, onun həyatına təhlükə yarandığı dövrdə də yanında olmuşdular. 

Həmin şəxslərdən biri Əbülfəz Elçibəyin prezidentliyi və prezidentliyindən sonrakı bütün siyasi fəaliyyəti boyunca köməkçisi, son anına qədər yanında olmuş  Oqtay Qasımovdur. 
Oqtay Qasımovla məhz 19 il öncə Əbülfəz Elçibəyin Kələkidən Bakıya dönüşü haqda xatirələrini bölüşdük. Oqtay Qasımovun sözlərinə görə, 4 il 4 ay 12 gün ərzində Əbülfəz Elçibəyin Bakıya dönüşü üçün bir neçə dəfə cəhdlər edilmişdi. Lakin bu və ya digər səbəblərdən mümkün olmurmuş. Nəhayət, 1997-ci ilin oktyabrında AXCP və Demokratik Konqres Əbülfəz Elçibəyin Bakıya dönüşü ilə bağlı müraciət və imzalar topladı. 

Oktyabrın sonlarında AXCP-nin Əbülfəz Elçibəyin Bakıya dönüşünün təmin edilməsi məqsədilə qərarı verildi. Bu qərar əsasında AXCP deputatları Mirmahmud Mirəlioğlu, Qulamhüseyn Əlibəyli, Nizami Quliyev 29 oktyabrda Kələkiyə səfər etdilər. 29 oktyabrda gün ərzində Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarının, Ordubad rayon hüquq-mühafizə orqanlarının nümayəndələri dəfələrlə Kələkiyə gəldilər və Əbülfəz bəyin Bakıya dönüşü ilə bağlı müzakirələr apardılar. Aparılan danışıqlar barədə təbii ki, paytaxta da məlumat verilib və danışıqların nəticəsi olaraq Əbülfəz Elçibəyin Bakıya dönüşünə maneçilik yaradılmayacağı niyyəti ortalığa qoyulub: “Oktyabrın 29-dan 30-na keçən gecə Əbülfəz bəyin dönüşü barədə qəti qərar qəbul olundu. Bəlli oldu ki, qayıdışa heç bir maneə olmayacaq. O zamana qədər edilən bütün cəhdlərin qarşısı alınmışdı. 

Image result for Oqtay Qasımov

Hətta Əbülfəz bəy 1993-cü il iyulun 7-də bəyanat verərək yaxın günlərdə Bakıya qayıdacağını elan etdi. Bəyanatdan bir neçə gün sonra Naxçıvanda hava limanında olan prezident təyyarəsinin qanadını güllə ilə deşdilər. O zaman bu, təsadüfi hadisə kimi qiymətləndirilsə də əslində məqsədin nə olduğu bəlli idi. Bu yolla prezident Əbülfəz Elçibəyin Bakıya dönüşünün qarşısını aldılar. Sonrakı dövrlərdə dönüşlə bağlı cəhdlər, danışıqlar olub. Dönüşlə bağlı Əbülfəz bəy tərəfindən qəbul olunmayan şərtlər qoyulmuşdu. Beləliklə də geri dönüş əngəllənirdi. 1997-ci ilin oktyabrında Əbülfəz bəyin dönüşünə razılıq verilməsində həm Əbülfəz bəyin israrları, həm də prezidentlik müddətinin başa çatması rol oynadı. Geri dönüşə mane olacaq formal, hüquqi hansısa məsələ qalmamışdı. 

Deputatlar gələndən sonra hüquq-mühafizə orqanlarının nümayəndələri Əbülfəz bəylə gün ərzində iki dəfə görüşdülər. Bundan öncə-səhər saatlarında mənimlə görüşüb dedilər ki, Əbülfəz Elçibəyin Bakıya gedəcəyi ilə bağlı məlumat var, bu məsələ ilə bağlı özü ilə görüşmək istəyirik.  Əbülfəz bəy onları qəbul etdi və dedi ki, Bakıya dönüşü öz istəyidir və AXCP-nin qərarıdır. Həmin gün AXCP-nin deputatları da gəldilər. Hüquq-mühafizə orqanları ilə danışıqları mən apardım və Bakıya gedəcəyimizlə bağlı təkidimizi davam etdirdik. 

Şübhəsiz ki, Əbülfəz bəyin Bakıya dönüşü üçün aparılan müzakirələrlə bağlı rəsmi şəxslər tərəfindən Bakıya hakimiyyət dairələrinə məlumat verilirdi. Heydər Əliyevin də məlumatlandırılması şübhəsiz həyata keçirilirdi.  

Əbülfəz bəy Bakıya dönməkdə israrlı idi və onun da təkidli mövqeyi məsələnin müsbət həllində həlledici amil oldu. Əbülfəz bəy Bakıya dönən gün Kələkidə böyük bir mitinq keçirdi və kənd əhalisinə minnətdarlığını bildirdi, əhali ilə vidalaşdı. Eyni zamanda Əbülfəz bəy mitinqə gələ bilməyən xəstə, yaşlı adamları ziyarət elədi. Onunla həm alqışlarla, həm də göz yaşları ilə vidalaşırdı insanlar. Əbülfəz bəy Kələkidən sonra qonşuluqdakı Dırnıs kəndindəki Şəhidlər Xiyabanına getdi. Orada da kənd sakinləri ilə görüş keçirildi. Sonra hava limanına doğru hərəkət elədik. Biz hava limanına çatanda təyyarəyə minik başa çatmışdı və təyyarə Əbülfəz bəyi gözləyirdi. Əbülfəz bəy və onu müşayiət edən 11 nəfər dərhal təyyarəyə mindik. Təyyarə adi sərnişin təyyarəsi idi və sərnişinlə dolu idi. 11 nəfərin 3-ü AXCP-dən Kələkiyə gələn millət vəkilləri idi, biri mən idim, digərləri isə Əbülfəz bəyin mühafizəçiləri idi. Bakıya dönüşümüz məsələsi tam həll olunduqdan sonra mən Bakıya gedəcək insanların sayı barədə hüquq-mühafizə orqanları nümayəndələrinə məlumat verdim. 12 nəfərlik yer ayrılıb və biz həmin yerlərin bilet pullarını şəxsən özümüz aeroportda kassada ödəmişik".

O.Qasımov xatırlatdı ki, Əbülfəz bəyin gəlişi ilə bağlı Bakıda da hazırlıqlar var idi: “Əbülfəz bəyi Bakıda aeroportda qarşılamağa gələn insanlara terminalların yeri yanlış olaraq bildirilmişdi. Bununla belə, hava limanında minlərlə insanın Əbülfəz bəyi qarşılamağa gəldiyinin şahidi olduq. Əbülfəz bəyi böyük coşğu ilə qarşıladılar. Əbülfəz bəy aeroportdan birbaşa AXCP-nin o zaman müvəqqəti yerləşdiyi Xaqani 33 ünvanındakı qərargahına gəldi. Beləliklə, Əbülfəz Elçibəyin dönüşü reallaşdı”.

Etibar SEYİDAĞA 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR